https://innews.media/uploads/news/2022-12/_innews_39f5c04346a0dca247ba7dd0b_o.jpg
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti” adlı tədbirdə iştirak edib.
Ombudsman Aparatı, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin dəstəyi, “Liatris Holding”in təşkilatçılığı ilə keçirilmiş tədbirdə əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Ombudsman narkotik maddələrin insanların sağlamlığına və həyat tərzinə mənfi təsiri, yaratdığı fəasadlar barəsində danışıb. Müvəkkil çıxışında narkomaniyaya qarşı mübarizə sahəsində səmərəli nəticələrin əldə olunmasında birgə əməkdaşlığın vacibliyini qeyd edib.
Həmçinin bildirilib ki, dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasında körpü rolunu oynayan Ombudsman narkomaniya ilə mübarizə sahəsində preventiv tədbirlərin görülməsində fəal iştirak edir. Ombudsman keçirilən tədbirin Ümumdünya QİÇS-lə Mübarizə Gününə təsadüf etdiyini, bu istiqamətdə də təsisat tərəfindən maarifləndirmə tədbirlərinin həyata keçirildiyini diqqətə çatdırıb.