https://innews.media/uploads/news/2026-07/_innews_bee296c0c5689e5f5921e9331_o.jpg
Azərbaycanda dövlət dəstəyi ilə tətbiq olunan aqrar sığorta mexanizmi fermerlərlə yanaşı, vətəndaş cəmiyyəti institutlarının da diqqət mərkəzindədir. Ölkədə ilk dəfə olaraq qeyri-hökumət təşkilatı tərəfindən aqrar sığorta sahəsində genişmiqyaslı maarifləndirmə layihəsinin icrasına başlanılıb.
Xatırladaq ki, Aqrar Sığorta Fondu tərəfindən həyata keçirilən aqrar sığorta mexanizmi bitkiçilik, heyvandarlıq və akvakultura (balıqçılıq) sahələrini əhatə edir. Aqrar sığorta vasitəsilə 41 növ bitkini, iri və xırdabuynuzlu heyvanları sığortalamaq mümkündür. Sığorta haqqının 50%-i dövlət tərəfindən ödənildiyinə görə aqrar sığorta fermerlər üçün olduqca əlçatandır və onlar cüzi məbləğ ödəməklə öz təsərrüfatlarını çoxsaylı risklərdən sığortalaya bilirlər.
İndiyədək Aqrar Sığorta Fondu tərəfindən ölkənin bütün rayonlarında aqrar sığorta ödənişləri həyata keçirilib, fermer və təsərrüfatlara ümumilikdə 23 milyon manat sığorta ödənişi edilib. Hazırda bu sahədə əsas istiqamətlərdən biri regionlarda fermerlərin aqrar sığorta barədə məlumatlılığının artırılması və risklərin idarə olunması mədəniyyətinin formalaşdırılmasıdır.
Məhz bu məqsədlə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Aqrar Sığorta – Güvənli Gələcək" layihəsi həyata keçirilir. Layihənin icraçısı ölkənin tanınmış qeyri-hökumət təşkilatlarından olan "Liberal İqtisadçılar Mərkəzi" İctimai Birliyidir. Layihəyə iqtisadçı-ekspert Akif Nəsirli rəhbərlik edir.
2026-cı ilin may, iyun və iyul aylarını əhatə edən layihənin əsas məqsədi fermerlər, kənd təsərrüfatı istehsalçıları və kənd yerlərində yaşayan əhali arasında aqrar sığorta barədə məlumatlılığı artırmaq, onların sığorta vərdişlərini formalaşdırmaq, risklərin idarə olunması mədəniyyətini inkişaf etdirmək və kənd təsərrüfatında maliyyə dayanıqlığını gücləndirməkdir.
"Aqrar Sığorta – Güvənli Gələcək" layihəsi çərçivəsində ölkənin iri aqrar rayonlarından olan Beyləqanda geniş maarifləndirmə tədbirləri təşkil edilir. Görüşlər Beyləqan şəhəri ilə yanaşı, Orta Əlinəzərli, Əlinəzərli, Birinci Aşılı və Şahsevən kəndlərində keçirilir. Təlim və seminarlar zamanı fermerlərə aqrar sığorta mexanizminin işləmə prinsipi, dövlət dəstəyinin üstünlükləri, sığortanın əhatə etdiyi risklər, müqavilələrin bağlanması və zərər baş verdikdə ödənişlərin həyata keçirilməsi qaydaları barədə ətraflı məlumat verilir.
Maarifləndirmə tədbirlərində iştirak edən fermerlərin sualları cavablandırılır, onların qarşılaşdıqları problemlər dinlənilir və aqrar sığorta ilə bağlı praktiki tövsiyələr təqdim edilir. Layihə çərçivəsində nəzəri məlumatlarla yanaşı, "Sığortasız və sığortalı fermerin fərqi" adlı praktiki simulyasiya oyunları da təşkil olunur. Bu yanaşma fermerlərə müxtəlif risklər zamanı sığortanın təsərrüfatın maliyyə dayanıqlığına necə təsir etdiyini real nümunələr əsasında nümayiş etdirməyə imkan verir.
Maarifləndirmə fəaliyyəti yalnız görüş və seminarlarla məhdudlaşmır. Layihə çərçivəsində broşürlər və digər çap materialları hazırlanır, media və sosial şəbəkələr vasitəsilə geniş məlumatlandırma kampaniyaları həyata keçirilir. Layihə çərçivəsində sosial media və internet resurslarında yayımlanacaq materiallarla 200 min nəfərədək auditoriyanın əhatə olunması planlaşdırılır.
"Aqrar Sığorta – Güvənli Gələcək" layihəsi üçün Beyləqanın seçilməsi təsadüfi deyil. Rayon Azərbaycanın əsas kənd təsərrüfatı bölgələrindən biridir. Burada 54 mindən artıq hektar əkinə yararlı torpaq sahəsində taxıl və pambıq istehsalı ilə yanaşı, heyvandarlıq, meyvəçilik, bostançılıq və tərəvəzçilik də geniş inkişaf edib. Layihə rayonun fermerlərini, kənd təsərrüfatı ilə məşğul olan ailələri, fermer birliklərini, kooperativləri, gənc və qadın təsərrüfat sahiblərini, eləcə də yerli tədarükçüləri əhatə edir.
Ölkə üzrə vəziyyət də göstərir ki, aqrar sığortanın inkişafı üçün böyük potensial mövcuddur. Hazırda Azərbaycanda əkinə yararlı 1,6 milyon hektar torpaq sahəsinin təxminən 94 faizi üzrə aqrar sığorta imkanı yaradılıb. İndiyədək ölkə üzrə 450 min hektar ərazi sığortalanıb.
Sözügedən layihə sığortalanan ərazilərin genişlənməsinə, o cümlədən Beyləqanda təxminən 60 min nəfərlik kənd icması arasında aqrar sığorta barədə məlumatlılığı artırmağa, risklərin idarə olunması və risklərdən qorunma vərdişlərini formalaşdırmağa, fermerlərin əmlak və məhsullarını sığortalamaq ənənəsini gücləndirməyə xidmət edir.
Aqrar Sığorta Fondu tərəfindən yaxından dəstək göstərilən "Aqrar Sığorta – Güvənli Gələcək" layihəsi çərçivəsində 2 mindən artıq fermerin maarifləndirilməsi, aqrar sığorta üzrə 50 milyon manatlıq sığorta təminatı ilə bağlı müraciətlərin formalaşdırılmasına dəstək verilməsi nəzərdə tutulur. Proqnozlara əsasən, maarifləndirmə nəticəsində fermerlər arasında aqrar sığorta barədə məlumatlılıq səviyyəsinin və sığorta etdirən fermerlərin payının yüksəlməsi nəzərdə tutulur.
"Aqrar Sığorta – Güvənli Gələcək" layihəsinin reallaşmasına Beyləqan Rayon İcra Hakimiyyəti də yaxından dəstək göstərir.
Layihə müəlliflərinin qənaətinə görə, aqrar sığortanın geniş tətbiqi fermerlərin maliyyə dayanıqlığını artırmaqla yanaşı, onların gəlirlərini stabilləşdirəcək, təsərrüfatların təbii fəlakətlər və digər risklər nəticəsində üzləşdiyi itkiləri azaltmağa kömək edəcək. Nəticədə kənd təsərrüfatında davamlılıq güclənəcək, fermerlərin sığorta mexanizmlərinə etimadı artacaq, kənd yerlərində iqtisadi sabitlik möhkəmlənəcək və ölkənin ərzaq təhlükəsizliyinə əlavə töhfə veriləcək.
Ən son xəbərləri səhifəmizdən də izləyin