https://innews.media/uploads/news/2026-07/_innews_6be997935b54d4535660f631e_o.jpg
Yay istirahəti artıq təkcə günəş, dəniz və çimərlikdən ibarət deyil. Müasir səyahətçilər getdikcə daha çox kəşf və macəra dolu təcrübələrə üstünlük verir, bu maraq isə sualtı dünyaya olan diqqəti də artırır. Son Diving Tourism Market Analysis hesabatına görə, macəra turizminə üstünlük verən səyahətçilərin 65 faizindən çoxu akvalanq dalışı da daxil olmaqla müxtəlif su əsaslı fəaliyyətləri seçir.
Şərqlə Qərbin qovşağında yerləşən və üç tərəfdən təmiz və şəffaf dənizlərlə əhatə olunan Türkiyə Aralıq və Egey dənizlərinin ən zəngin dalğıc məkanlarından biridir. Ölkə həm yeni başlayanlar, həm də peşəkar dalğıclar üçün unudulmaz sualtı macəralar təqdim edir.
Uzun dalğıc mövsümü, bir-birindən fərqli dalış nöqtələri və zəngin sualtı ekosistemi ilə Türkiyə dalğıc turizminə fərqli baxış gətirir. Burada rəngarəng dəniz canlıları ilə tanış olmaq, tarixin izlərini daşıyan gəmi qalıqlarını araşdırmaq, sirli mağara və kanyonlara dalmaq, dik sualtı qayalıqlar boyunca divar dalışı etmək, hətta gecə dalışının həyəcanını yaşamaq mümkündür.
Türkiyənin dalğıc təcrübəsini xüsusi edən üstünlüklərdən biri də peşəkar dalğıc mərkəzlərinin geniş şəbəkəsi və beynəlxalq standartlara uyğun təlim proqramlarıdır. Təcrübəli mütəxəssislərin rəhbərliyi ilə təşkil olunan kurslar sayəsində hər səviyyədən olan dalğıclar bu möhtəşəm sualtı aləmi təhlükəsiz və komfortlu şəkildə kəşf edə bilirlər.
Türkiyədə dalğıc turizmi dedikdə ilk ağıla gələn ünvanlardan biri Türk Rivyerasının incisi olan Antalyadır. Ölkənin ən məşhur sualtı marşrutlarına ev sahibliyi edən Antalya, xüsusilə Kaş bölgəsi ilə dünya dalğıc həvəskarlarının diqqət mərkəzindədir. Dünyanın ən yaxşı on dalğıc məkanından biri hesab edilən Kaş, Kalkan və Kemerə qədər uzanan sahil xətti boyunca büllur kimi təmiz suları, yüksək görünmə məsafəsi və zəngin sualtı ekosistemi ilə seçilir.
Bu sularda sini çanaqlı tısbağalar (Caretta caretta tısbağaları), qara qrup balıqları, Aralıq dənizi suitiləri və geniş dəniz çəmənlikləri öz təbii yaşayış mühitini qoruyub saxlayır. Kaş eyni zamanda Türkiyənin sualtı arxeologiyası üzrə aparıcı mərkəzlərindən biridir. Besmi adası ətrafında qədim amforalar, lövbərlər və iri saxlama küpləri (pitoslar) dalğıcları minilliklər öncəyə aparan tarixi izlərlə tanış edir.
Bölgənin ən maraqlı dalğıc nöqtələrindən biri də süni rif yaradılması məqsədilə suya batırılmış Dakota təyyarə qalıqlarıdır. Zamanla açıq rəngli yosunlarla örtülən bu məkan xüsusilə sualtı fotoqrafların sevimli ünvanına çevrilib. Kaşın digər məşhur dalğıc nöqtəsi olan Kanyon isə tunel formalı mağarası, zəngin dəniz canlıları və dərinliklərində yerləşən tarixi Dimitri gəmi qalıqları ilə fərqlənir.
Antalyanın şərqində yerləşən Alanya da ölkənin ən cəlbedici dalğıc istiqamətlərindən biri hesab olunur. İdman turizminin aparıcı mərkəzlərindən olan şəhər, həm yeni başlayanlar, həm də peşəkar dalğıclar üçün müxtəlif səviyyəli dalış nöqtələri təqdim edir. Qədim amfora qalıqlarının aşkar edildiyi Akvaryum və Amfora dalğıc sahələri, eləcə də möhtəşəm sualtı boşluqları ilə seçilən Quldur (Korsan) mağarası və Aşiqlər mağarası Alanyada sualtı kəşflər üçün ən maraqlı məkanlar sırasında yer alır.
Antalyanın valehedici sualtı dünyasından sonra Egey sahilləri dalğıc həvəskarlarını bir-birindən fərqli və zəngin marşrutlarla qarşılayır. Şimaldan cənuba qədər uzanan bu bölgə saysız-hesabsız dalğıc nöqtələri ilə seçilir. Xüsusilə Muğla vilayəti Marmaris, Fethiye, Datça və Bodrumun büllur kimi təmiz suları, sakit körfəzləri və yüksək görünmə məsafəsi sayəsində Türkiyənin ən məşhur dalğıc istiqamətlərindən biri hesab olunur.
Türkiyənin lüks turizm mərkəzləri arasında xüsusi yer tutan Bodrum dalğıc turizmi sahəsində də ön sıralardadır. Bölgə Orak adası, Delikli mağarası, Poyraz körfəzi, eləcə də məşhur Böyük Rif və Kiçik Rif kimi müxtəlif dalğıc məkanları ilə fərqlənir. Bodrum ilə Qaraada arasında yerləşən bu riflər zəngin dəniz canlıları, yüksək sualtı görünmə məsafəsi və həm təcrübəli, həm də ilk dəfə dalış edənlər üçün uyğun marşrutları ilə tanınır.
Bodrumdan kənarda da Egey sahilləri unudulmaz sualtı macəraları təqdim edir. Aydının Kuşadası bölgəsində dalğıclar Türkiyənin ən fərqli süni riflərindən biri sayılan, dənizin dibinə yerləşdirilmiş A300 Airbus təyyarəsini kəşf edə bilərlər.
İzmirin məşhur kurort şəhəri Çeşmə isə özünəməxsus dalğıc məkanları ilə seçilir. Burada yerləşən möhtəşəm Yataq Otağı mağarası, yeni başlayanlar üçün ideal olan Fənər adası, eləcə də Eşşək adasındakı Yarıq Kaya (Ayrıktaş) dalğıc nöqtəsi daha çətin marşrutlar axtaran peşəkar dalğıcların ən çox üz tutduğu məkanlar sırasında yer alır.
Egey sahillərinin daha şimalında yerləşən Çanaqqala dalğıc həvəskarlarını tarix və təbiətin qovuşduğu bənzərsiz sualtı dünyası ilə qarşılayır. Mərmərə dənizi ilə Egey dənizini birləşdirən möhtəşəm boğaza ev sahibliyi edən bölgə Saros körfəzindən Gelibolu yarımadasına qədər uzanan zəngin dalğıc marşrutları ilə seçilir.
Özünü təbii şəkildə yeniləyən güclü axınlar sayəsində Saros körfəzi ilboyu büllur kimi təmiz sularını qoruyur. Bu xüsusiyyət dalğıclara həm yüksək görünmə məsafəsi, həm də zəngin dəniz canlıları ilə dolu sualtı aləmi yaxından kəşf etmək imkanı yaradır.
Birinci Dünya müharibəsinin ən mühüm döyüşlərindən biri olan Çanaqqala (Gelibolu) əməliyyatlarının baş verdiyi bu bölgə tarix həvəskarları üçün də əsl açıq hava muzeyidir. UNESCO-nun Ümumdünya İrsinin İlkin Siyahısına daxil edilmiş Gelibolu Tarixi Yarımadası dünyanın Birinci Dünya müharibəsindən ən yaxşı qorunub saxlanılmış döyüş meydanlarından biri hesab olunur.
Yarımadada yerləşən 17 fərqli dalğıc nöqtəsində SS Milo, Lundy və HMS Louis kimi tarixi gəmi qalıqları dalğıclara Birinci Dünya müharibəsinin ən çətin cəbhələrindən birinin izlərini dənizin dərinliklərində kəşf etmək imkanı təqdim edir. Tarix və dalğıc macərasını bir araya gətirən bu marşrut Çanaqqalanı Türkiyənin ən təsirli sualtı istiqamətlərindən birinə çevirir.
Ən son xəbərləri səhifəmizdən də izləyin