logo
Sülhün təşviqində medianın missiyası - IV Şuşa Qlobal Media Forumuna baxış

Sülhün təşviqində medianın missiyası - IV Şuşa Qlobal Media Forumuna baxış

Sülhün təşviqində medianın missiyası - IV Şuşa Qlobal Media Forumuna baxış Sülhün təşviqində medianın missiyası - IV Şuşa Qlobal Media Forumuna baxış

Müasir beynəlxalq münasibətlər sistemində informasiya amili artıq təkcə kommunikasiya vasitəsi deyil, həm də təhlükəsizlik, diplomatiya və sülh quruculuğunun mühüm komponentlərindən birinə çevrilib. Münaqişələrin xarakterinin dəyişməsi, informasiya müharibələrinin genişlənməsi, rəqəmsal platformalarda dezinformasiyanın sürətlə yayılması və süni intellekt texnologiyalarının media ekosisteminə təsiri göstərir ki, həqiqətin qorunması və ictimai etimadın təmin olunması qlobal çağırışlardan biridir. Belə bir şəraitdə medianın missiyası yalnız hadisələri işıqlandırmaqla məhdudlaşmır, o, cəmiyyətlər arasında dialoqun qurulmasına, qarşılıqlı anlaşmanın formalaşmasına, münaqişədən sonrakı dövrdə etimad mühitinin bərpasına və davamlı sülhün təşviqinə mühüm töhfə verən strateji instituta çevrilir.

Məhz bu baxımdan Azərbaycanın təşəbbüsü ilə keçirilən Şuşa Qlobal Media Forumu qlobal informasiya gündəliyində özünəməxsus yer tutmağa başlayıb. Qısa müddət ərzində beynəlxalq media rəhbərlərini, ekspertləri, jurnalistləri, dövlət rəsmilərini və akademik dairələri bir araya gətirən Forum qlobal media problemlərinin müzakirə olunduğu nüfuzlu platformalardan biri kimi formalaşıb. Forumun hər il məhz Şuşada keçirilməsi isə təsadüfi deyil. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa həm tarixi ədalətin bərpasının, həm də postmünaqişə dövründə sülh və yenidənqurmanın simvolu kimi çıxış edir.

Bu gündən başlayaraq iki gün davam edəcək IV Şuşa Qlobal Media Forumunun “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunması da müasir beynəlxalq münasibətlər sistemində medianın üzərinə düşən məsuliyyətin aktuallığını əks etdirir. Forum çərçivəsində medianın sülh quruculuğundakı rolu, sərhədlərarası media dialoqu, dezinformasiyaya qarşı beynəlxalq əməkdaşlıq, rəqəmsal platformalarda etibarlı informasiya mühitinin yaradılması və süni intellekt dövründə jurnalistikanın etik prinsipləri kimi aktual məsələlərin müzakirəsi nəzərdə tutulur.

Şuşa Qlobal Media Forumu: qlobal media dialoqundan media diplomatiyasına doğru

Qlobal informasiya məkanında etibarlı dialoq platformalarının formalaşdırılması son illərdə beynəlxalq münasibətlərin mühüm tərkib hissəsinə çevrilib. Məhz bu kontekstdə Şuşa Qlobal Media Forumu qısa müddət ərzində yalnız peşəkar media nümayəndələrinin fikir mübadiləsi apardığı tədbir statusundan çıxaraq media diplomatiyasının yeni institutlarından biri kimi formalaşmağa başlayıb. Cəmi dörd il ərzində forumun iştirakçı coğrafiyasının, beynəlxalq media subyektlərinin və tərəfdaş təşkilatların sayının davamlı artması göstərir ki, Şuşa artıq regional deyil, qlobal informasiya gündəmini müzakirə edən nüfuzlu platformaya çevrilməkdədir. İlk forumda 49 ölkədən media nümayəndələrinin iştirakı ilə əsası qoyulan bu təşəbbüs sonrakı illərdə daha geniş beynəlxalq auditoriyanı əhatə edib, III Forumda artıq 52 ölkədən nümayəndələr, onlarla informasiya agentliyi və 80-ə yaxın media qurumu təmsil olunub, IV Forum isə 54 ölkədən 160-a yaxın media nümayəndəsini bir araya gətirərək bu inkişafın davamlı xarakter daşıdığını nümayiş etdirir.

Şuşa Qlobal Media Forumunu digər beynəlxalq media tədbirlərindən fərqləndirən əsas cəhət onun mövzularının təsadüfi seçilməməsidir. Forumun proqramına nəzər saldıqda aydın görünür ki, hər il müəyyən edilən mövzu əvvəlki müzakirələrin məntiqi davamı kimi çıxış edir və qlobal informasiya mühitində meydana çıxan yeni çağırışlara uyğun şəkildə inkişaf etdirilir. Əvvəlcə yeni medianın və rəqəmsal transformasiyanın yaratdığı imkanlar müzakirə olunub, daha sonra dezinformasiyaya qarşı mübarizə, informasiya manipulyasiyaları və media savadlılığı ön plana çəkilib, növbəti mərhələdə isə süni intellektin informasiya istehsalı və media dayanıqlılığına təsiri geniş şəkildə təhlil edilib. Bu inkişaf xəttinin məntiqi nəticəsi olaraq IV Forumun “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr edilməsi təsadüfi deyil. Çünki informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə və süni intellekt kimi məsələlərin son məqsədi məhz etibarlı informasiya mühitinin formalaşdırılması və cəmiyyətlər arasında qarşılıqlı etimadın gücləndirilməsidir.

IV Forumun proqramı da bu yanaşmanın praktik ifadəsi kimi diqqəti cəlb edir. Tədbirin gündəliyi yalnız panel müzakirələri ilə məhdudlaşmır. İştirakçıların Şuşadan Xocalıya -  “Xocalı Soyqırımı Memorialı”na ziyarətinin nəzərdə tutulması forumun fəlsəfəsini tamamlayan mühüm elementdir. Bu yanaşma beynəlxalq jurnalistlərə region haqqında məlumatı ikinci mənbələrdən deyil, hadisələrin baş verdiyi məkanda birbaşa müşahidə əsasında əldə etmək imkanı yaradır. Beləliklə, forum sadəcə fikir mübadiləsi platforması deyil, həm də faktlara əsaslanan jurnalistikanın təşviq edildiyi praktik media laboratoriyasına çevrilir. Əslində, bu model müasir media diplomatiyasında getdikcə daha çox tətbiq olunan “yerində müşahidə və yerində doğrulama” prinsipinə əsaslanır və dezinformasiyanın qarşısının alınmasında mühüm vasitə hesab edilir.

Forumun proqramında nəzərdə tutulan panel sessiyalarının məzmunu da göstərir ki, müzakirələrin mərkəzində yalnız media texnologiyaları deyil, jurnalistikanın sosial məsuliyyəti dayanır. Burada informasiyanın etibarlılığı, media etikası, rəqəmsal platformaların məsuliyyəti, süni intellektin yaratdığı yeni risklər, ictimai etimadın qorunması və sülhün kommunikasiya vasitəsilə təşviqi kimi məsələlər vahid konsepsiya daxilində nəzərdən keçirilir. Bu isə forumu ənənəvi media konfranslarından fərqləndirərək onu qlobal informasiya siyasətinin müzakirə olunduğu intellektual platformaya çevirir.

Diqqətəlayiq məqamlardan biri də forumun keçirildiyi məkanın simvolik məna yüküdür. Beynəlxalq tədbirlərin adətən paytaxtlarda təşkil olunmasına baxmayaraq, Şuşa Qlobal Media Forumunun ardıcıl olaraq Qarabağda keçirilməsi xüsusi siyasi və humanitar mesaj daşıyır. Burada məqsəd yalnız media nümayəndələrini bir araya toplamaq deyil, eyni zamanda onların regionda həyata keçirilən bərpa və yenidənqurma prosesini, tarixi-mədəni irsin bərpasını və postmünaqişə dövrünün yeni reallıqlarını öz gözləri ilə görməsini təmin etməkdir. Bu baxımdan forum Azərbaycanın yumşaq güc siyasətinin və media diplomatiyasının mühüm alətlərindən biri kimi çıxış edir. Xarici jurnalistlərin hazırladıqları reportajlar, analitik yazılar və televiziya süjetləri vasitəsilə Qarabağ haqqında beynəlxalq auditoriyada formalaşan təsəvvür təkcə rəsmi məlumatlara deyil, birbaşa müşahidəyə əsaslanır. Məhz buna görə Şuşa Qlobal Media Forumu informasiya müharibələrinin intensivləşdiyi dövrdə həqiqətin beynəlxalq auditoriyaya çatdırılması baxımından strateji əhəmiyyət kəsb edən platformaya çevrilib.

Azərbaycan milli mətbuatı: 151 illik həqiqət missiyası və sülh kommunikasiya modelinin formalaşması

IV Şuşa Qlobal Media Forumunun keçirilməsi Azərbaycan milli mətbuatının 151 illiyi ərəfəsinə təsadüf edir. Bu yalnız təqvim uyğunluğu deyil, həm də Azərbaycan jurnalistikasının keçdiyi tarixi inkişaf yolunun müasir media siyasətindəki davamlılığını nümayiş etdirir. 1875-ci ildə Həsən bəy Zərdabinin “Əkinçi”si ilə əsası qoyulan milli mətbuat cəmiyyətin maarifləndirilməsi, milli özünüdərkin möhkəmləndirilməsi və həqiqətin müdafiəsi missiyasını öz üzərinə götürmüşdü. Bu ənənə müxtəlif tarixi mərhələlərdən keçərək müasir dövrdə də öz aktuallığını qoruyur. Xüsusilə rəqəmsal kommunikasiya mühitinin hökm sürdüyü XXI əsrdə Azərbaycan mediasının əsas vəzifələrindən biri ölkənin mövqeyinin beynəlxalq auditoriyaya obyektiv şəkildə çatdırılması, dezinformasiyaya qarşı peşəkar jurnalistika prinsipləri əsasında mübarizə aparılması və etibarlı informasiya mühitinin qorunmasıdır.

Vətən müharibəsi və ondan sonrakı dövr Azərbaycan mediası üçün həm peşəkar sınaq, həm də yeni inkişaf mərhələsi oldu. Müharibə dövründə informasiya cəbhəsində aparılan mübarizə göstərdi ki, müasir qarşıdurmalarda hərbi üstünlük qədər informasiya üstünlüyü də mühüm əhəmiyyət daşıyır. Xarici media qurumları, beynəlxalq ekspertlər və rəqəmsal platformalar vasitəsilə aparılan informasiya mübarizəsində Azərbaycan jurnalistləri operativlik, faktların yoxlanılması və rəsmi mənbələrə əsaslanan xəbər siyasəti ilə fərqlənməyə çalışdılar. Müharibədən sonrakı mərhələdə isə medianın qarşısında daha mürəkkəb vəzifə meydana çıxdı: artıq məqsəd yalnız informasiya müharibəsində üstünlük qazanmaq deyil, bölgədə formalaşan yeni reallıqları beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırmaq, bərpa və quruculuq proseslərini nümayiş etdirmək, sülh gündəliyinin kommunikasiya əsaslarını möhkəmləndirmək idi.

Bu baxımdan Şuşa Qlobal Media Forumu Azərbaycan milli mətbuatının beynəlxalq səviyyədə yeni funksiyasını müəyyənləşdirən platforma kimi qiymətləndirilə bilər. Forum çərçivəsində müxtəlif ölkələrin media nümayəndələrinin Qarabağa səfərləri, bərpa olunan şəhərlərlə tanış olmaları və yerində müşahidələr aparmaları beynəlxalq auditoriyada region haqqında daha obyektiv informasiya mühitinin formalaşmasına xidmət edir. Beləliklə, Azərbaycan mediası yalnız milli informasiya məkanında fəaliyyət göstərən institut deyil, həm də beynəlxalq kommunikasiya proseslərinin fəal iştirakçısına çevrilir.

Ötən Forumlarda Prezident İlham Əliyev medianın məsuliyyətinə xüsusi diqqət çəkərək, onun müasir dövrdə informasiya manipulyasiyasına çevrildiyini və yaydığı  saxta xəbərlərin dövlətlər üçün ciddi təhlükələr yaratdığına diqqət çəkmişdi. Peşəkar jurnalistikanın həqiqətin qorunmasının əsas təminatlarından biri olduğunu və cəmiyyətlərin etibarlı informasiya əldə etmək hüququnun media institutlarının məsuliyyətini daha da artırdığını bildirmişdi. Onun forum iştirakçıları ilə açıq dialoq formatında keçirdiyi görüşlər də göstərir ki, Azərbaycan qlobal media ictimaiyyəti ilə qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulmasına xüsusi önəm verir. Bu dialoq formatı eyni zamanda müxtəlif ölkələrin jurnalistlərinin regionla bağlı suallarına birbaşa cavab almaq, hadisələri fərqli prizmalardan qiymətləndirmək və beynəlxalq media əməkdaşlığını gücləndirmək baxımından da əhəmiyyətlidir.

Müasir beynəlxalq təcrübə göstərir ki, davamlı sülh yalnız siyasi razılaşmalar və hüquqi sənədlərlə təmin olunmur. Sülhün möhkəmlənməsi üçün cəmiyyətlər arasında qarşılıqlı etimadın formalaşdırılması, nifrət ritorikasının aradan qaldırılması, dezinformasiyanın qarşısının alınması və obyektiv informasiya mühitinin yaradılması mühüm şərtlərdəndir. Bu prosesdə medianın rolu xüsusi əhəmiyyət kəsb edir. Məhz buna görə də IV Şuşa Qlobal Media Forumunun əsas ideyası olan “Həqiqətin bərpası və etimadın yenidən qurulması” yalnız jurnalistika sahəsinə aid çağırış deyil, həm də beynəlxalq münasibətlər sistemində davamlı sülhün təmin olunmasına yönəlmiş strateji yanaşmadır.

Azərbaycanın təşəbbüsü ilə keçirilən Şuşa Qlobal Media Forumlarının qısa müddət ərzində qazandığı beynəlxalq nüfuz göstərir ki, bu platforma artıq regional tədbir çərçivəsini aşaraq qlobal media gündəliyinin mühüm elementlərindən birinə çevrilib. Forumun hər il daha geniş iştirakçı coğrafiyasını əhatə etməsi, müzakirə olunan mövzuların qlobal çağırışlarla uzlaşması və dünyanın aparıcı media qurumlarını eyni platformada bir araya gətirməsi onun gələcəkdə beynəlxalq media siyasətinin formalaşmasına təsir göstərən əsas platformalardan biri olacağını deməyə əsas verir.

Nəticə etibarilə, Şuşa Qlobal Media Forumu təkcə peşəkar media nümayəndələrinin görüş yeri deyil, həm də qlobal informasiya təhlükəsizliyi, media etikası və sülh kommunikasiya modelinin formalaşdırılması istiqamətində yeni yanaşmaların müzakirə olunduğu strateji platformadır. Azərbaycanın bu təşəbbüsü göstərir ki, müasir dünyada həqiqətin müdafiəsi və sülhün təşviqi yalnız siyasi institutların deyil, həm də peşəkar, məsuliyyətli və obyektiv medianın birgə fəaliyyəti ilə mümkün ola bilər.

Nurlan Cəbrayılzadə

Bakı Dövlət Universiteti

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media