logo
Biznes məsləhətçi Çinarə Ağayeva: “ƏDV depozit hesabı ilə bağlı yeni dəyişiklik sahibkarların maliyyə yükünü azalda bilər”

Biznes məsləhətçi Çinarə Ağayeva: “ƏDV depozit hesabı ilə bağlı yeni dəyişiklik sahibkarların maliyyə yükünü azalda bilər”

Biznes məsləhətçi Çinarə Ağayeva: “ƏDV depozit hesabı ilə bağlı yeni dəyişiklik sahibkarların maliyyə yükünü azalda bilər” Biznes məsləhətçi Çinarə Ağayeva: “ƏDV depozit hesabı ilə bağlı yeni dəyişiklik sahibkarların maliyyə yükünü azalda bilər”

Milli Məclisdə müzakirəyə çıxarılan və birinci oxunuşda qəbul edilən Vergi Məcəlləsinə dəyişiklik sahibkarlar üçün praktik əhəmiyyət daşıyan yeniliklərdən biridir. Dəyişikliyə əsasən, 2027-ci il yanvarın 1-dən etibarən dörd il müddətində neft-qaz sektorunda fəaliyyət göstərməyən özəl müəssisələr işçilərinin məcburi dövlət sosial sığorta haqlarını ƏDV depozit hesabında olan sərbəst vəsait hesabına ödəyə biləcəklər.
Biznes məsləhətçi Çinarə Ağayevanın fikrincə, bu dəyişiklik sahibkarlara əlavə pul vermir, amma mövcud vəsaitlərindən daha rahat istifadə etmək imkanı yaradır: “Biznesdə ən vacib məsələlərdən biri pul axınının düzgün idarə olunmasıdır. Şirkət gəlir əldə etsə belə, bəzən əlində cari ödənişləri etmək üçün kifayət qədər sərbəst vəsait olmur. ƏDV depozit hesabında qalan vəsaitdən sosial sığorta ödənişləri üçün istifadə etmək imkanı bu yükü müəyyən qədər azalda bilər”. Ekspert bildirir ki, xüsusilə kiçik və orta sahibkarlar üçün bu dəyişiklik daha əhəmiyyətli olacaq: “Təsəvvür edin ki, müəssisənin ƏDV depozit hesabında 40-50 min manat sərbəst vəsaiti var. Digər tərəfdən, ayın sonunda işçilərin sosial sığorta ödənişlərini etmək lazımdır. Mövcud qaydada sahibkar həmin ödəniş üçün əlavə vəsait axtarmalı və ya dövriyyə kapitalından istifadə etməlidir. Yeni mexanizm isə həmin vəsaitdən birbaşa istifadə etməyə imkan verəcək. Bu, sahibkarın pul axınını daha rahat idarə etməsinə kömək edəcək". Onun sözlərinə görə, dünyanın bir çox ölkəsində də dövlətlər biznesin dövriyyə vəsaitinin donub qalmamasına çalışırlar. Məsələn, Avropa ölkələrində ƏDV-nin geri qaytarılması prosesinin sürətləndirilməsi də məhz eyni məqsədə xidmət edir. Məqsəd odur ki, şirkətin vəsaiti uzun müddət istifadəsiz qalmasın. Azərbaycanda təklif edilən mexanizm fərqli olsa da, fəlsəfə eynidir. Yəni, biznes öz vəsaitindən daha səmərəli istifadə edə bilsin”. 
Biznes məsləhətçi hesab edir ki, bu dəyişiklik sahibkarların bank kreditlərinə ehtiyacını da müəyyən qədər azalda bilər: “Bəzi hallarda şirkətlər qısamüddətli pul çatışmazlığını kredit hesabına bağlayırlar. Halbuki onların ƏDV depozit hesabında istifadə olunmayan vəsait mövcud olur. Yeni qayda belə halların sayını azalda və əlavə maliyyə xərclərinin qarşısını ala bilər”. Ekspert vurğulayır ki, yeniliyin real nəticəsi onun tətbiq mexanizmindən asılı olacaq. Əgər prosedurlar sadə və tam elektron şəkildə qurularsa, sahibkarlar bu dəyişiklikdən həqiqətən faydalana biləcəklər. Əks halda, mürəkkəb prosedurlar gözlənilən effekti azalda bilər. Çinarə Ağayevanın qənaətinə görə, bu dəyişiklik vergi güzəşti olmaqdan daha çox, sahibkarların maliyyə resurslarını daha çevik idarə etməsinə imkan verən alətdir. Bu isə xüsusilə qeyri-neft özəl sektorunda fəaliyyət göstərən müəssisələrin maliyyə dayanıqlığının güclənməsinə və biznes mühitinin daha əlverişli olmasına müsbət təsir göstərə bilər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media