https://innews.media/uploads/news/2026-07/_innews_ef32f6c2384e046e8c03409db_o.jpg
AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları gələcəyin aviasiya mütəxəssislərinin hazırlanmasına yönəlmiş insan kapitalı strategiyasını ardıcıl şəkildə davam etdirir. Bu strategiyanın mühüm tərkib hissəsi olan Yay Təcrübə Proqramı çərçivəsində seçilmiş tələbələr üçün açılış tədbiri keçirilib. Tədbirdə iştirakçılar şirkətin fəaliyyət istiqamətləri, korporativ dəyərləri, təcrübə müddətində qoşulacaqları layihələr, peşəkar inkişaf və gələcək karyera imkanları barədə ətraflı məlumat əldə ediblər.
Bu il çoxmərhələli seçim prosesini uğurla tamamlayan 100 tələbə Azərbaycan Hava Yollarının müxtəlif struktur bölmələrində yay təcrübəsinə başlayıb. Təcrübə müddətində onlar peşəkar mentorların dəstəyi ilə real iş mühitində praktiki bilik və bacarıqlar əldə edəcək, aviasiya sahəsinin müxtəlif istiqamətləri ilə yaxından tanış olacaqlar.
Azərbaycan Hava Yolları üçün Yay Təcrübə Proqramı yalnız tələbələr üçün təcrübə imkanı deyil, həm də şirkətin gələcək kadr ehtiyatının formalaşdırılmasına yönəlmiş uzunmüddətli inkişaf platformasıdır. Bu məqsədlə milli aviadaşıyıcı uzun illərdir ali təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirir, tələbələrin nəzəri biliklərini real iş mühitində tətbiq etmələrinə, peşəkar bacarıqlar qazanmalarına və gələcək karyeralarını aviasiya sahəsində qurmasına dəstək verir.
Bu istiqamətdə Azərbaycan Hava Yolları ilə Milli Aviasiya Akademiyası arasında formalaşmış uzunmüddətli əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. 2023 - 2025-ci illər ərzində proqram çərçivəsində Akademiyanın 300-dən çox tələbəsi müxtəlif struktur bölmələrində təcrübə keçib. Onlardan 60 nəfəri proqramı uğurla başa vurduqdan sonra Azərbaycan Hava Yollarında daimi işlə təmin olunaraq peşəkar fəaliyyətini şirkətdə davam etdirir.
Son illərdə proqrama maraq da əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2023-cü illə müqayisədə cari ildə müraciət edən tələbələrin sayı 4 dəfədən çox artaraq 506 nəfərə çatıb. Bu göstərici gənclərin aviasiya sahəsinə artan marağını, eyni zamanda Azərbaycan Hava Yollarının etibarlı işəgötürən və peşəkar inkişaf üçün cəlbedici platforma kimi mövqeyinin daha da gücləndiyini göstərir.
Qeyd edək ki, bu il seçilmiş tələbələr arasında əsasən Kompüter mühəndisliyi, Aviasiya və aerokosmik mühəndislik kimi texniki ixtisaslar üzrə təhsil alan gənclər üstünlük təşkil edir. Bu, Azərbaycan Hava Yollarının strateji inkişaf prioritetlərinə uyğun peşəkar insan kapitalının formalaşdırılması istiqamətində həyata keçirdiyi məqsədyönlü fəaliyyətin tərkib hissəsidir.
Ən son xəbərləri səhifəmizdən də izləyin