https://innews.media/uploads/news/2026-07/_innews_ddae51ff56031802a75af7a85_o.jpg
İyunun 30-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci Görüşü çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Qırğız Respublikası Prezidenti yanında Dini Məsələlər və Millətlərarası Münasibətlər üzrə Milli Agentliyin sədri Talantbek Taşibekov ilə görüşüb.
Görüşdə Azərbaycan-Qırğızıstan münasibətlərinin qarşılıqlı etimada və ortaq dəyərlərə əsaslandığı, bu münasibətlərin dini-mənəvi sahədə əməkdaşlığın ardıcıl inkişafına əlverişli zəmin yaratdığı vurğulanıb. Qeyd edilib ki, ikitərəfli əlaqələrin pozitiv ruhu Türk dünyasında birlik və həmrəyliyin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Ramin Məmmədov türk dövlətlərini birləşdirən ortaq tarixi, mədəni və mənəvi irsin qorunmasının ümumi məsuliyyət olduğunu bildirib. O, dini sahədə davamlı dialoqun, təcrübə mübadiləsinin və birgə təşəbbüslərin həyata keçirilməsinin çoxtərəfli əməkdaşlığın inkişafına və TDT çərçivəsində əlaqələrin daha da möhkəmlənməsinə töhfə verdiyini qeyd edib.
Türk dünyasının birliyinə, inkişafına və ölkələrimiz arasında mənəvi bağların gücləndirilməsinə ayırdığı xüsusi diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirən Talantbek Taşibekov TDT çərçivəsində dini məsələlər üzrə əməkdaşlıq platformasının üzv dövlətlər arasında qarşılıqlı etimadın möhkəmlənməsinə və fəaliyyətin əlaqələndirilməsinə mühüm imkanlar yaratdığını bildirib. O, Azərbaycanın irəli sürdüyü təşəbbüsləri yüksək qiymətləndirərək, dini maarifləndirmə, ortaq layihələrin həyata keçirilməsi və ekspertlər arasında əməkdaşlığın genişləndirilməsi sahələrində birgə fəaliyyətin davam etdirilməsində maraqlı olduqlarını deyib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin