https://innews.media/uploads/news/2026-06/_innews_43cd6f6391412917aefeb2623_o.jpg
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) İnsan Hüquqları Gününə həsr olunmuş “Dövlətin və təsərrüfat subyektlərinin mənafelərinin müdafiəsində auditin rolu” mövzusunda keçirilən konfransda çıxış edib.
"innews media" xəbər verir ki, Ombudsman çıxışında insan hüquq və azadlıqlarının qorunmasının Azərbaycan dövlətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb.
Bildirilib ki, ölkədə insan hüquqlarının müdafiəsi sahəsində möhkəm hüquqi və institusional baza Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursu əsasında formalaşıb və bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ombudsman qeyd edib ki, hər il 18 may–18 iyun tarixlərini əhatə edən İnsan Hüquqları Aylığı çərçivəsində ölkənin müxtəlif bölgələrində maarifləndirici tədbirlər keçirilir. Bu il aylıq çərçivəsində "Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər" mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Sammiti də təşkil olunub və tədbirin yekununda Bakı Bəyannaməsi qəbul edilib.
Konfransda çıxış edən Ombudsman audit institutunun müasir idarəetmədə mühüm əhəmiyyət daşıdığını bildirib:
“Şəffaf və hesabatlı idarəetmə, dövlət vəsaitlərindən səmərəli istifadə, korrupsiyaya qarşı effektiv mübarizə və sağlam sahibkarlıq mühitinin formalaşdırılması insan hüquqlarının etibarlı müdafiəsinin əsas şərtlərindəndir. Audit isə bu məqsədlərə xidmət edən vacib institusional mexanizmlərdən biridir”.
Qeyd olunub ki, güclü audit sistemi dövlətin, təsərrüfat subyektlərinin və vətəndaşların qanuni mənafelərinin qorunmasına, ictimai resurslardan səmərəli istifadəyə, korrupsiya risklərinin azaldılmasına və iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsinə mühüm töhfə verir.
Ombudsman vurğulayıb ki, audit şəffaflığı və hesabatlılığı gücləndirərək ictimai etimadın artırılmasına, hüquq pozuntularının qarşısının alınmasına və sosial ədalətin təmin olunmasına xidmət edir.
Sonda konfrans iştirakçılarına uğurlar arzulayan Ombudsman dövlət qurumları, peşə birlikləri, vətəndaş cəmiyyəti institutları və beynəlxalq tərəfdaşlar arasında əməkdaşlığın genişləndirilməsinin insan hüquqlarının müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin