https://innews.media/uploads/news/2026-06/_innews_e4773e36353d970690e08b062_o.jpg
Yasamal rayon MKS-inin Mərkəzi Kitabxanası “Yubileylər silsiləsi” tədbirləri çərçivəsində dahi Azərbaycan memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyinə həsr olunmuş videoçarxlar hazırlandı.
Hər iki videoçarx Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görkəmli memarın yaradıcılığı, Azərbaycan mədəniyyətinə verdiyi misilsiz töhfələr haqqında dediyi dəyərli fikirlərlə başlayır.
Memarın zəngin irsini tanıtmaq məqsədilə hazırlanan “Əcəmi Naxçıvani 900” adlı birinci videoçarxda sənətkarın XII əsr Azərbaycan intibahında tutduğu unikal mövqe, Naxçıvan memarlıq məktəbinin banisi olması və mürəkkəb riyazi hesablamalara əsaslanan mühəndislik zəkası tarixi faktlarla işıqlandırılır. Videoçarxda dahi ustadın xatirəsinin əbədiləşdirilməsi istiqamətində imzalanan son dövlət sərəncamlarına, onun adını daşıyan “Memar Əcəmi” metrostansiyasına, ucaldılan abidələrə, xatirə medalı və poçt markalarına geniş yer verilib. Həmçinin memarın irsinin beynəlxalq əhəmiyyəti diqqətə çatdırılaraq, onun 900 illik yubileyinin YUNESKO çərçivəsində qeyd olunan yubileylər siyahısına daxil edilməsi xüsusi vurğulanır.
“Şərq memarlığının dahisi və daşın poetikası” adlı ikinci videoçarxda ustad memar Əcəmi Naxçıvaninin dünya əhəmiyyətli şah əsərləri olan Möminə Xatun və Yusif ibn Küseyir türbələri, eləcə də dövrümüzə çatmayan digər unikal tikililəri geniş işıqlandırılıb. Videoçarxda Möminə Xatun türbəsinin 500 metrə çatan kufi xəttli epiqrafik yazıları, daxili xonçaları və mühəndislik möcüzəsi sayılan “qızıl bölgü” prinsipləri, eləcə də Yusif ibn Küseyir türbəsinin mükəmməl konstruksiyası vizual şəkildə təhlil olunur. Həmçinin videoçarxda Əcəmi sənətinin beynəlxalq miqyasda öyrənilməsi, dahi türk memarı Memar Sinanın yaradıcılığına təsiri və abidələrin YUNESKO-nun müvəqqəti siyahısında yer alması kimi tarixi faktlar diqqətə çatdırılır.
Birinci videoçarx dahi bəstəkar, Xalq artisti Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Şəbi-hicran” musiqisi, ikinci videoçarx isə Xalq artisti Tofiq Bakıxanovun “Görüş yerimiz” əsəri ilə müşayiət olunur.
Ən son xəbərləri səhifəmizdən də izləyin