https://innews.media/uploads/news/2026-06/_innews_c357e08a82f09c3990b2c5966_o.jpg
Azərbaycan Bəstəkarlar İttifaqının Konfrans zalında dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi silsiləsindən “Üzeyir Hacıbəylinin tələbələri – ilk qadın bəstəkarlar: Ağabacı Rzayeva, Ədilə Hüseynzadə, Şəfiqə Axundova” mövzusunda geniş elmi konfrans keçirildi. Tədbirdə tanınmış musiqi xadimləri, bəstəkarlar, sənətşünaslar iştirak etdilər.
Konfransın açılışında ön sözlə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülh Artisti, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə dahi ustad Üzeyir Hacıbəylinin yaratdığı fundamental bəstəkarlıq məktəbinin tarixi əhəmiyyətindən bəhs etdi.
F.Əlizadə vurğuladı ki, Şərqdə ilk dəfə məhz Üzeyir bəyin sinfində qadın bəstəkarların yetişməsi bütövlükdə Azərbaycan mədəniyyətinin və ictimai fikrinin ən böyük nailiyyətlərindən biridir. Ağabacı Rzayeva, Ədilə Hüseynzadə və Şəfiqə Axundova kimi sənətkarların milli musiqimizdə açdıqları cığır, onların qoyduqları zəngin irs bu gün də gənc nəsil üçün böyük yaradıcılıq məktəbidir.
Geniş məzmunlu elmi məruzələr dinlənildi
Tədbirin bədii-elmi hissəsi çərçivəsində mövzu ətrafında geniş elmi məruzələr dinlənildi:
Əməkdar incəsənət xadimi, professor Həcər Babayeva “Azərbaycan musiqi tarixində bəstəkar Ağabacı Rzayevanın rolu” mövzusunda çıxış edərək, bəstəkarın yaradıcılıq üslubunun özünəməxsus keyfiyyətlərini təhlil etdi.
Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Elnarə Dadaşova “Bəstəkar Ədilə Hüseynzadənin xatirlərinin işığında” adlı məruzəsində sənətkarın zəngin yaradıcılıq yoluna və pedaqoji fəaliyyətinə işıq saldı.
Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı “Azərbaycan bəstəkarlıq məktəbində Şəfiqə Axundova imzası” mövzusunda çıxış etdi.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Baxşiyeva “Azərbaycan qadın bəstəkarlarının milli musiqi mədəniyyətinin inkişafında rolu” mövzusunda dərin məzmunlu məruzə ilə ilk qadın bəstəkarlarımızın musiqi sənətimizə bəxş etdiyi yenilikləri elmi aspektlərdən diqqətə çatdırdı.
Konfransın bədii hissəsi
Elmi konfransın bədii hissəsində dahi bəstəkar Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin sözlərinə bəstələdiyi məşhur “Sənsiz” qəzəl-romansı və Ədilə Hüseynzadənin A.S.Puşkinin şeiri əsasında (Azərbaycan dilinə tərcümə edəni Məmməd Rahim) qələmə aldığı “Bülbül” romansları ifa olundu.
Musiqi əsərlərini Əməkdar artist Nərgiz Kərimova (soprano) yüksək ustalıqla ifa etdi, onu fortepianoda beynəlxalq müsabiqələr laureatı Nərgiz Əliyeva müşayiət etdi. Konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılandı və milli musiqi tariximizin bu şərəfli səhifəsinin dərindən öyrənilməsi baxımından yüksək qiymətləndirildi.
Ən son xəbərləri səhifəmizdən də izləyin