https://innews.media/uploads/news/2026-06/_innews_a7340a95c0f3a8f9779cdd02b_o.jpg
Bakıda keçirilən beynəlxalq Nine Senses Fest 2026 festivalının ikinci günü yüzlərlə iştirakçını sağlam həyat tərzi, özünüinkişaf və mənəvi inkişaf mövzuları ətrafında bir araya gətirib.
"innews media" xəbər verir ki, festival çərçivəsində iştirakçılar üçün müxtəlif yoqa, meditasiya və fərdi inkişaf sessiyaları təşkil olunub.
İkinci günün proqramında Lev İvanovun təqdim etdiyi "Bütün gün üçün enerji və güc", həmçinin İmram Kriyanın "Həyat elmi" mövzusunda ustad dərsləri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Festival iştirakçıları gün ərzində Pavel Piskarevin "NeyroAğac: Köklərdən inkişafa" adlı praktik sessiyasına da qatılıblar. Günün proqramı satsanq (mənəvi görüş) və İmram Kriyanın konsert proqramı ilə yekunlaşacaq.
Festival çərçivəsində özünüinkişaf, sağlamlıq, rifah və şüurlu həyat tərzini təşviq edən müxtəlif məhsul və layihələrin nümayiş olunduğu tematik sərgi də fəaliyyət göstərir.
Qeyd edək ki, Nine Senses Fest artıq üçüncü dəfədir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, Azərbaycan Yoqa Federasiyasının prezidenti və Nine Senses Art Center-in təsisçisi Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə Bakıda keçirilir.
Bu il festival "Köklərdən inkişafa" mövzusuna həsr olunub. Festivalın əsas simvolu ağacdır və təşkilatçılar bunun insanın daxili inkişafı ilə köklərinə bağlılığı arasında əlaqəni ifadə etdiyini vurğulayırlar.
12 iyunda start götürən festival 14 iyun tarixinədək davam edir və şəhərin altı müxtəlif məkanını əhatə edir. Bu il tədbirdə müxtəlif ölkələrdən təxminən 1500 iştirakçı və 80-dən çox ekspert iştirak edir.
Festival proqramına hatha yoqa, kundalini yoqa, qiqonq, səs terapiyası, neyrogimnastika və digər inkişaf təcrübələri daxildir.
Nine Senses Fest dünyanın müxtəlif ölkələrindən gələn insanları bir araya gətirərək özünü kəşf etmə, daxili harmoniyanı tapma və yeni biliklər əldə etmə platforması rolunu oynayır.
Ən son xəbərləri səhifəmizdən də izləyin