https://innews.media/uploads/news/2026-06/_innews_9b9b0d943f81b2fc73bff2ff7_o.jpg
15 İyun – Milli Qurtuluş Günü münasibətilə Əbədi Birlik Gənclər İctimai Birliyi və Göktürk Platformunun birgə təşkilatçılığı ilə tədbir keçirilib. Tədbir Gənclər Təşkilatlarının Resurs Mərkəzində baş tutub.
Tədbir Azərbaycan və Türkiyə respublikalarının Dövlət Himnlərinin səsləndirilməsi, eləcə də Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Açılış nitqi ilə çıxış edən Əbədi Birlik Gənclər İctimai Birliyinin sədri, Qasım bəy Zakirin 8-ci kökdən nümayəndəsi İlkin Məmiyev 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyi tarixində mühüm yer tutduğunu vurğulayaraq, Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışının ölkənin müstəqilliyinin qorunması və inkişafı baxımından tarixi əhəmiyyət daşıdığını bildirib.
Daha sonra Göktürk Platformunun rəhbəri Oğuzhan Taşdelen çıxış edərək Azərbaycan-Türkiyə qardaşlığının tarixi köklərindən, iki ölkə arasında mövcud olan strateji əməkdaşlıq münasibətlərindən və gənclərin bu əlaqələrin daha da möhkəmləndirilməsindəki rolundan danışıb.
Tədbir çərçivəsində Əbədi Birlik Gənclər İctimai Birliyinin İdarə Heyətinin üzvü Amalya Əhmədova Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin “Azərbaycan–Türkiyə” şeirini səsləndirib. Şeir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Sonra Zirvə Gənclərin İnkişaf Klubunun Nəzarət-Təftiş Komissiyasının sədri Kənan Heydərli çıxış edərək Milli Qurtuluş Gününün gənc nəslə aşılanmasının vacibliyindən bəhs edib.
Tədbirdə həmçinin “Təbəssüm Yarat” komandasının rəhbəri İbrahim Əmirov və Kooperasiya Universitetinin Ekologiya Klubunun rəhbəri Fidan İsayeva çıxış edərək milli birlik, dövlətçilik dəyərləri və gənclərin cəmiyyət həyatındakı rolu barədə fikirlərini bölüşüblər.
Tədbirin sonunda Göktürk Platformunun rəhbəri Oğuzhan Taşdelen tərəfindən tədbirdə iştirak edən qonaqlara xatirə hədiyyələri təqdim olunub. Eyni zamanda, Əbədi Birlik Gənclər İctimai Birliyi adından Oğuzhan Taşdelenə təşkilata göstərdiyi dəstəyə və tədbirin keçirilməsinə verdiyi töhfəyə görə təşəkkür əlaməti olaraq hədiyyə təqdim edilib.
Tədbir iştirakçılar arasında fikir mübadiləsi və xatirə şəkillərinin çəkdirilməsi ilə yekunlaşıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin