https://innews.media/uploads/news/2026-06/_innews_1f7c1e27be2d672dc33fe0b5c_o.jpg
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasının icrası ilə əlaqədar həyata keçirilən “Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsindən izləyicilərə yazıçı, dramaturq, milli romantik şeirin və mənzum faciənin banisi, Azərbaycan ədəbiyyatında romantizmin əsasını qoyan Hüseyn Cavidin “Şeyx Sənan” əsərindən bir parça təqdim edilir.
Onun “Peyğəmbər”, “Topal Teymur”, “Səyavuş”, “Xəyyam”, “Knyaz”, “Şeyx Sənan” və bu kimi əsərləri Dövlət varidatı elan olunmuşdur.
Bən otuz yıl cihanda zahidvar,
Bilmədim qız-qadın nədir zinhar.
Nə qadar bəndə varsa hissü həyat,
Ehtirasatə düşmənim... heyhat!
Bana biganə, zevqi-nəfsani,
Sevdiyim yalnız eşqi-ruhani...
Daha könlümdə qeyri eşqə, inan
Yer bulunmaz, xayır... xayır...
“Kitablar səltənətinin inciləri” tədbirlər çərçivəsində oxucu və izləyicilərə təqdim olunan Hüseyn Cavidin “Şeyx Sənan” əsərində Sufi şeyxi Sənanın gürcü qızına duyduğu eşq təsvir edilir. Şair xristian olan gürcü qızı Xumarı yuxusunda görmüş və onunla həyatda rastlaşmışdı. Bu eşqə görə dinindən, əqidəsindən, məqsədindən, yoldaşlarından üz döndərir. Xumar da ölüm ayağındaykən anasına içdiyi andı pozur. O, anasına söz vermişdi ki, ərə getməyəcək, monastırda yerləşəcək. Xumara olan eşqinə görə şərab içir, sinəsinə xaç asır, iki il qızın atasının şərtilə donuz otarır. Və bir gün anlayır ki, Xumarın atası Platon heç də qızını bir müsəlmana vermək istəmir. Sənan çıxıb gedir, Xumar da onun ardınca gedir. Amma...
Yazıçı Şahzadə İldırım hazırladığı videoçarxda “Şeyx Sənan” əsərindən bir parça səsləndirir və oxuculara oxumağı tövsiyə edir. Görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Fikrət Əmirovun dahi şair Hüseyn Cavidin “Şeyx Sənan” əsərinə bəstələdiyi məşhur “Kor ərəbin mahnısı” da Məmmədəli Əliyevin ifasında videoçarxda yer alır.
Ən son xəbərləri səhifəmizdən də izləyin