logo
ADPU-da “Ana dili: Kimlik və gələcək” mövzusunda Respublika konfransı keçirilib

ADPU-da “Ana dili: Kimlik və gələcək” mövzusunda Respublika konfransı keçirilib

ADPU-da “Ana dili: Kimlik və gələcək” mövzusunda Respublika konfransı keçirilib ADPU-da “Ana dili: Kimlik və gələcək” mövzusunda Respublika konfransı keçirilib

Mayın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə “Ana dili: Kimlik və gələcək” mövzusunda gənclərin iştirakı ilə respublika konfransı keçirilib.

Konfransda dövlət qurumlarının nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, elm və təhsil ictimaiyyətinin tanınmış nümayəndələri, alimlər, tədqiqatçılar, müəllimlər, tələbələ-gənclər iştirak ediblər.

Konfransın açılışında çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov bildirib ki, ana dili bir xalqın ruhunu, tarixi yaddaşını və milli kimliyini yaşadan ən mühüm mənəvi sərvətlərdəndir. Rektor qeyd edib ki, konfrans yalnız elmi fikir mübadiləsi aparmaq məqsədi daşımır, eyni zamanda milli mənlik şüurunun möhkəmləndirilməsi və gələcək nəsillərin milli dəyərlərə bağlı ruhda formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Cəfər Cəfərov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dil siyasəti bu gün də uğurla davam etdirilir və Azərbaycan dili dövlətçilik atributu kimi xüsusi qayğı ilə əhatə olunur. Rektor diqqətə çatdırıb ki, gələcəyin müəllimlərini hazırlayan Pedaqoji Universitet ana dilinin tədrisi, təbliği və qorunması istiqamətində xüsusi missiya daşıyır. Onun sözlərinə görə, ana dilini sevən və onu dərindən bilən müəllim əslində milli-mənəvi dəyərlərə bağlı vətəndaş yetişdirir. Rektor çıxışında Pedaqoji Universitetin gələcəyin müəllimlərini hazırlayan ali təhsil müəssisəsi kimi xüsusi missiya daşıdığını qeyd edib. Bildirilib ki, ana dilini sevən, onu dərindən bilən və tədris edən müəllimlər milli-mənəvi dəyərlərə bağlı vətəndaşların formalaşmasında mühüm rol oynayırlar. Cəfər Cəfərov konfrans çərçivəsində keçirilən müzakirələrin həm Azərbaycan dilinin milli kimliyin formalaşmasındakı rolunun, həm də rəqəmsal transformasiya dövründə inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıdığını vurğulayıb.

Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında dilin milli kimliyin əsas göstəricilərindən biri olduğunu vurğulayıb. O, qeyd edib ki, qloballaşma şəraitində dillərin qorunması məsələsi dünya miqyasında ciddi narahatlıq doğurur və UNESCO-nun araşdırmalarına görə, mövcud dillərin əhəmiyyətli hissəsi yaxın gələcəkdə yox olmaq təhlükəsi ilə üz-üzədir. Nazir müavini bildirib ki, dil yalnız ünsiyyət vasitəsi deyil, həm də dövlətçilik, milli təhlükəsizlik və mədəni özünəməxsusluq məsələsidir. Firudin Qurbanov qeyd edib ki, ana dilinin əcnəbi sözlərin həddindən artıq təsiri altında qalması və əsas dil qatının zəifləməsi etnik şüurun dəyişməsinə, milli kimliyin aşınmasına səbəb ola bilər. Qeyd edilib ki, Prezident İlham Əliyevin dil siyasətində ana dilinin qorunması dövlətçilik məsələsi kimi qiymətləndirilir və dilin saflığının qorunması milli maraqların mühüm tərkib hissəsidir. Nazir müavini həmçinin bildirib ki, elmin ana dilində inkişaf etmədiyi şəraitdə terminologiya xarici dillərin təsiri altına düşür. Bu baxımdan milli terminoloji bazanın formalaşdırılması, Azərbaycan dilinin elmi potensialının genişləndirilməsi və müasir elmi biliklərin ana dilində ifadə olunması mühüm vəzifələrdəndir.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli çıxışında ana dilinin xalqın tarixi yaddaşını, milli-mənəvi dəyərlərini və mədəni irsini yaşadan əsas amillərdən biri olduğunu bildirib. Akademik qeyd edib ki, müstəqillik illərində Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülüb və bu proses davam etməkdədir. İsa Həbibbəyli diqqətə çatdırıb ki, tarixi toponimlərin bərpası istiqamətində həyata keçirilən tədbirlər milli yaddaşın qorunmasına xidmət edir. O bildirib ki, son illər ərzində Toponimiya Komissiyası tərəfindən onlarla yaşayış məntəqəsinin adı dəyişdirilərək milli-tarixi yaddaşa uyğunlaşdırılıb. Akademik Quba rayonunda yerləşən bir sıra kəndlərin adlarının dəyişdirilməsi ilə bağlı görülən işlərdən bəhs edərək bunun dilimizin və milli kimliyimizin qorunması baxımından əhəmiyyətini vurğulayıb. AMEA prezidenti hazırda Qərbi Azərbaycan Dialektoloji Atlasının hazırlandığını, eyni zamanda Dərbənd Azərbaycanının dialektoloji atlası üzərində də iş aparılmasının planlaşdırıldığını bildirib. Akademik qeyd edib ki, qloballaşma şəraitində beynəlxalq terminlərdən tam imtina etmək mümkün olmasa da, Azərbaycan dilində qarşılığı olan anlayışlar üçün milli terminlərdən istifadə edilməlidir. O vurğulayıb ki, müstəqillik dövründə AMEA-nın elmi müəssisələri tərəfindən 100-dən çox terminoloji lüğət hazırlanıb və bu fəaliyyət gələcəkdə də davam etdiriləcək.

ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova çıxışında ana dilinin milli özünüdərk prosesindəki rolundan danışaraq dilin yalnız filoloji anlayış deyil, həm də mənəvi dəyər və milli birlik amili olduğunu bildirib. O qeyd edib ki, gənclərin ana dilinə bağlılığının gücləndirilməsi, dil mədəniyyətinin inkişaf etdirilməsi və milli dəyərlərin qorunması müasir təhsil sisteminin mühüm vəzifələrindəndir.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli isə çıxışında Azərbaycan dilçiliyinin qarşısında duran müasir vəzifələrdən bəhs edib. O qeyd edib ki, bu gün yalnız nəzəri dilçilik deyil, praktik və funksional dilçilik istiqamətlərinin inkişaf etdirilməsi xüsusi aktuallıq kəsb edir. Professor bildirib ki, müasir dövrdə dil məsələsi strateji xarakter daşıyır və Azərbaycan dilinin rəqəmsal platformalarda mövqeyinin gücləndirilməsi vacib vəzifələrdən biridir. Onun sözlərinə görə, bu gün əsas problemlərdən biri milli alqoritmlərin olmaması və Azərbaycan dilinin xarici dillər üçün hazırlanmış texnoloji sistemlər üzərində fəaliyyət göstərməsidir. Nadir Məmmədli diqqətə çatdırıb ki, ilk dəfə olaraq Dilçilik İnstitutunda süni intellektin köməyi ilə Azərbaycan dilinin orfoqrafik bazasının yaradılmasına başlanılıb. Bildirilib ki, ilkin mərhələdə 55 milyon söz vahidi toplanıb, təhlillər nəticəsində təxminən 220 min söz müəyyənləşdirilib və hazırda onların işlənmə tezliyinin öyrənilməsi istiqamətində iş aparılır. Professor bu layihəni Azərbaycan dilçiliyinin rəqəmsallaşması istiqamətində mühüm addım kimi qiymətləndirib. O, həmçinin etimoloji və etnoqrafiya lüğətlərinin hazırlanmasının vacibliyini vurğulayaraq dilin normativ bazasının daha da inkişaf etdirilməsinin qarşıda duran əsas vəzifələrdən biri olduğunu qeyd edib.

Rəsmi açılış mərasimindən sonra konfrans öz işini “Azərbaycan dili və milli kimliyin formalaşması: gələcək perspektivlər” və “Rəqəmsal transformasiya dövründə Azərbaycan dili” adlı panellərdə davam etdirib. Panel müzakirələrdə Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, milli kimliyin formalaşmasında rolu, dil siyasəti, terminologiya, dil mədəniyyəti və rəqəmsal transformasiya şəraitində Azərbaycan dilinin perspektivləri kimi mövzular ətrafında geniş müzakirələr aparılıb. Səsləndirilən fikirlərdə ana dilinin qorunmasının təkcə filoloji məsələ olmadığı, eyni zamanda milli təhlükəsizlik, dövlətçilik, mədəni irs və gələcək inkişaf məsələsi olduğu xüsusi vurğulanıb. İştirakçılar Azərbaycan dilinin müasir çağırışlar şəraitində inkişaf etdirilməsi, elmi və texnoloji imkanlarının genişləndirilməsi, gənc nəslin ana dilinə bağlılığının daha da gücləndirilməsi istiqamətində birgə fəaliyyətin vacibliyini qeyd ediblər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media