https://innews.media/uploads/news/2026-05/_innews_0ce485430e1d7edf95b4e1e2b_o.jpg
Akademik Milli Dram Teatrında məşhur Çin dramaturqu Lyu Şuqanın “Ölünün diriləri ziyarəti” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb. Abbas Mirzə Şərifzadə adına səhnədə nümayiş olunacaq tamaşanın quruluşçu rejissoru Ceyhun Dadaşov, bəstəkarı Azər Hacıəsgərli, tərcüməçisi Etimad Başkeçid, səhnə tərtibatçısı Eldar Nağıyev, geyim üzrə rəssamı Seyidxanım Muradova, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Ceyran Başarandır.
Akademik Milli Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İlham Əsgərov tamaşanın yaradıcı heyəti ilə görüşüb, yeni səhnə əsərinin məşqinin başlanması münasibətilə heyəti təbrik edib, məsuliyyətli və gərgin iş prosesində uğurlar arzulayıb.
İlham Əsgərov qeyd edib ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Çin Milli Dram Teatrı, Qansu və Şandun vilayətlərinin milli teatrları ilə Akademik Milli Dram Teatrı arasında əməkdaşlıq münasibətləri qurulub:
"Oktyabr ayında teatrımıza Çin Milli Dram Teatrının direktoru Tian Qinxin və digər teatrların rəhbər heyətlərinin səfəri planlaşdırılır. Yeni tamaşanın premyerası Çindən olan qonaqların iştirakı ilə keçiriləcək. Eyni zamanda nəzərdə tutulur ki, tamaşa Pekində - Çin Milli Dram Teatrında təqdim olunsun".
Tamaşada İlahə Həsənova (Tan Tyantyan), Vüsal Mustafayev (Yo Syaosyao), Xədicə Novruzlu (Lyanlyan, balaca qız), Elçin Nurəliyev (Lyu Fen), Lalə Süleymanova (Han İn), Rəbbilə Ələkər-zadə (Tibb bacısı, qadın), Muhuma Sahov (Qoca, Hao), Əliulla Vəliyev (Həkim, Çjao Teşen), Əli Nurzadə (tələbə) (Teşen, I cibgir, I polis), Rəvan Səmədov (Fan, II cibgir, II polis) iştirak edirlər.
Səhnə əsəri haqqında fikri bir cümlə ilə ifadə etmək mümkün olsaydı o belə səslənərdi: günah hissinin insana verdiyi əzablardan xilas olmaq və günah işləmiş şəxsi bağışlamaq düşünüldüyü qədər də asan deyil.
Çin ənənəvi estetikasını - plastik rəqs səhnələrini, yenilənmiş formatda təqdim olunan ənənəvi musiqini, ritmik quruluşu müasir dramatik dillə birləşdirən tamaşa psixoloji dərinliyi, milli üslubu, müasir səhnə estetikasını və güclü emosional mesajı bir araya gətirməyi hədəfləyir.
Ən son xəbərləri səhifəmizdən də izləyin