https://innews.media/uploads/news/2026-05/_innews_4a3e3f1a67e6e349c8b1310ca_o.jpg
Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində müxtəlif yerli və beynəlxalq qurumlar öz layihələrini təqdim edirlər.
"innews media" xəbər verir ki, forumda iştirak edən qurumlar sırasında ICA Group da yer alıb. Şirkət tədbirdə müxtəlif ölkələrdə təşkil etdiyi inşaat sərgilərini və bu istiqamətdə həyata keçirdiyi layihələri nümayiş etdirir.
“Xəzər İnşaat Həftəsi”nin layihə rəhbəri Rəşad Qədimovun sözlərinə görə, hazırda ICA Group-un Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Polşada nümayəndəlikləri fəaliyyət göstərir.
O bildirib ki, qrup müxtəlif ölkələrdə ixtisaslaşmış beynəlxalq sərgilər təşkil edir. Bunlar sırasında Qazaxıstanda keçirilən KazBuild, Özbəkistanda təşkil olunan UzBuild, eləcə də Azərbaycanda keçirilən BakuBuild sərgiləri yer alır. Bununla yanaşı, şirkət lift sənayesi və tikinti sektorunun digər istiqamətlərini əhatə edən sərgilər də təşkil edir.
R.Qədimov qeyd edib ki, şirkət postmüharibə dövründə Qarabağın bərpasına həsr olunmuş xüsusi sərgi layihəsini də həyata keçirir.
“2020-ci ildə əldə olunan tarixi Zəfərdən sonra şirkət olaraq qərara gəldik ki, Qarabağın bərpasına həsr olunmuş ayrıca sərgi təşkil edək. Bu qərarın nəticəsi olaraq “Rebuild Karabakh” layihəsi yaradıldı və 2021-ci ildən etibarən sərgi təşkil olunur”, – deyə o bildirib.
Layihə rəhbərinin sözlərinə görə, ötən il sərginin ilk yubileyi qeyd olunub, bu il isə sayca altıncı sərgi keçiriləcək.
Məlumata əsasən, “Rebuild Karabakh” sərgisi 14-16 oktyabr tarixlərində “Xəzər İnşaat Həftəsi” çərçivəsində təşkil olunacaq.
Forum çərçivəsində təqdim olunan stenddə ICA Group-un beynəlxalq sərgi portfeli, region ölkələrində həyata keçirilən layihələr, eləcə də Qarabağın bərpasına həsr olunmuş təşəbbüsləri barədə iştirakçılara ətraflı məlumat verilir.
Qeyd edək ki, WUF13 kimi nüfuzlu beynəlxalq platformada Azərbaycanın inşaat sənayesi ilə bağlı layihələrin təqdim olunması ölkənin şəhərsalma və infrastruktur sahəsində formalaşan potensialının beynəlxalq auditoriyaya çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Ən son xəbərləri səhifəmizdən də izləyin