https://innews.media/uploads/news/2026-05/_innews_27f37532bd9f6c4bc1dbbf401_o.jpg
Gənclərin və idmanın yeganə informasiya portalı olan BrendSport.az saytı hər zaman olduğu kimi yenə də əsgərlərlə görüşlər keçirərək onlara mənəvi dəstək olmağa davam edir. Bu dəfə Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində BrendSport.az saytının əməkdaşları növbəti dəfə hərbçilərlə görüş proqramı həyata keçiriblər. Vətənə xidmət edən əsgərlərlə keçirilən bu mənəvi və vətənpərvərlik ruhlu tədbir yüksək əhval-ruhiyyə, musiqi və səmimi anlarla yadda qalıb.
BrendSport.az informasiya portalının Gənclər şöbəsi xəbər verir ki, tədbir N saylı hərbi hissədə təşkil olunub. Görüşdə BrendSport.az saytının əməkdaşları — marketinq direktoru Yeganə Bağırova və baş redaktor Bəhruz Səmədov tərəfindən təşkilatçılıq həyata keçirilib. Tədbirin əsas məqsədi əsgərlərə mənəvi dəstək olmaq, onların asudə vaxtlarını daha maraqlı və unudulmaz etmək, eyni zamanda gənclər arasında vətənpərvərlik hisslərini daha da gücləndirmək olub.
Bayram ab-havasında keçirilən proqram çərçivəsində tanınmış müğənnilərin iştirakı ilə geniş konsert proqramı təşkil edilib. Səslənən vətənpərvər mahnılar, şən musiqilər və maraqlı çıxışlar hərbi hissədə xidmət edən əsgərlər tərəfindən böyük coşqu və alqışlarla qarşılanıb. Tədbir boyunca hərbçilərin üzündəki sevinc və yüksək əhval tədbirin nə qədər uğurlu keçdiyini bir daha nümayiş etdirib.
Gecənin aparıcısı Yeganə Bağırova olub. O, tədbiri peşəkar şəkildə idarə edərək həm əsgərlərlə, həm də qonaqlarla səmimi ünsiyyət qurub. Tədbir ərzində vətən sevgisi, dövlətə sədaqət və birlik mesajları xüsusi vurğulanıb. Yeganə Bağırova çıxışında bildirib ki, Azərbaycan əsgəri hər zaman xalqın qürur mənbəyidir və belə görüşlər ordumuzun mənəvi gücünə əlavə dəstək verir.
Tədbirdə çıxış edən Bəhruz Səmədov da öz ürək sözlərini əsgərlərlə bölüşüb. O çıxışında bildirib ki, Azərbaycan ordusunun gücü yalnız müasir silahlar və hərbi texnika ilə ölçülmür. Bu gücün əsas təməlində Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi, dövlətə və xalqa bağlılığı, Azərbaycan əsgərinə göstərdiyi yüksək diqqət və qayğı dayanır.
Bəhruz Səmədov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu hər keçən gün daha da güclənir, peşəkarlığını artırır və regionun ən qüdrətli ordularından birinə çevrilir. O qeyd edib ki, xalqla ordunun birliyi Azərbaycanın ən böyük güc mənbəyidir:
“Bu gün Azərbaycan əsgəri tək deyil. Onun arxasında güclü dövlət, qüdrətli lider və öz ordusuna sonsuz sevgi bəsləyən xalq dayanır. Ali Baş Komandan İlham Əliyevin əsgərlərə göstərdiyi diqqət və qayğı hər bir hərbçiyə böyük motivasiya verir. Xalqımızın ordumuza olan sevgisi, dəstəyi və inamı isə əsgərlərimizin ruh yüksəkliyini daha da artırır. Məhz bu birlik və həmrəylik Azərbaycanın gücünü bütün dünyaya nümayiş etdirir.”
O, həmçinin qeyd edib ki, belə tədbirlərin keçirilməsi gənclərdə vətənpərvərlik hissinin güclənməsinə, dövlətə və orduya bağlılığın daha da artmasına mühüm töhfə verir.
“Əsgərlərimiz bizim qürurumuzdur. Onların hər biri Vətənimizin keşiyində dayanaraq xalqımıza təhlükəsizlik və əmin-amanlıq bəxş edir. Biz də çalışırıq ki, onlara mənəvi dəstək olaq, onların yanında olduğumuzu hiss etdirək. Belə tədbirlər həm birlik, həm də vətənpərvərlik baxımından çox böyük əhəmiyyət daşıyır.”
Tədbir çərçivəsində əsgərlərlə xatirə şəkilləri çəkdirilib, səmimi söhbətlər aparılıb və müxtəlif maraqlı anlar yaşanıb. Hərbi hissə rəhbərliyi də təşkil olunan proqramı yüksək qiymətləndirərək tədbirin əsgərlərin mənəvi motivasiyasına müsbət təsir göstərdiyini vurğulayıb.
Sonda tədbirdə iştirak edən bütün müğənnilərə, təşkilatçılara və dəstək göstərən şəxslərə N saylı hərbi hissə tərəfindən təşəkkürnamələr təqdim olunub. Təltif mərasimində qeyd olunub ki, ordumuza göstərilən diqqət və qayğı hər zaman yüksək qiymətləndirilir.
Hər zaman olduğu kimi BrendSport.az saytı yalnız idman sahəsində deyil, eyni zamanda sosial və vətənpərvərlik yönümlü layihələrdə də fəal iştirak edir. Əsgərlərlə keçirilən bu görüş və konsert proqramı həm iştirakçılar, həm də hərbi qulluqçular üçün unudulmaz xatirəyə çevrilib.
BrendSport.az saytı olaraq biz də öz növbəmizdə bizimlə birlikdə tədbirə qoşulan bütün incəsənət nümayəndələrinə dərin təşəkkürümüzü bildiririk. Əsgərlərlə görüş proqramında iştirak edən dəyərli sənət adamları — Ruhangiz Allahverdiyeva, Samirə Yusifqızı, Mədinə Əsgərova, Canana İsgəndərli, Məsumə Əliyeva, Aygün Ağayeva, Ceyhun Əhmədov, Nura Nur, Zerin Gulnurlu, Könül Abdullayeva və Asya Budaqovaya xüsusi təşəkkürümüzü bildiririk. Onların iştirakı tədbirə xüsusi rəng qataraq əsgərlər üçün əsl bayram ab-havası yaradıb.