https://innews.media/uploads/news/2026-05/_innews_08d34db6110430debd0151f46_o.jpg
Müasir dünyada əqli mülkiyyətin əhəmiyyəti bilik, bacarıq və vərdişlərin səviyyəsi, insan kapitalı və intellekti, eləcə də elmin və mədəniyyətin inkişafı ilə müəyyənləşir.
Prezident İlham Əliyevin dediyi kimi, “hər bir dövlətin rifaha və güclənməyə gedən yolu elmin və innovasiyanın inkişafından keçən yoldur”.
Son dövrlərdə təhsilə və elmə göstərilən dövlət qayğısının kökündə bu siyasət durur.
Universitetlərin elmi potensialının və yaradıcılıq imkanlarının artırılması əqli mülkiyyətlə bağlı mədəni sənayelərin kommersiyalaşdırılmasını, yaradıcılıq məhsullarının əmtəələşdirilməsini tələb edir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən keçirilən Qeyri-Hökumət Təşkilatları üçün Mədəni və Yaradıcı Sənayelər üzrə xüsusi qrant müsabiqəsinin qalibi “Hüquqi Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin “Əqli mülkiyyət hüququ sahiblərinin məlumatlandırılması” layihəsi çərçivəsində “Əqli mülkiyyət hüququ nədir və onu necə qorumalı?” mövzusunda Azərbaycan Milli Konservatoriyasında keçirilən tədbir də məhz mədəniyyət və əqli mülkiyyət, əqli mülkiyyət və kreativ iqtisadiyyat, əqli mülkiyyət və yaradıcı sənayelər, elmi-texniki tərəqqi və müəllif hüquqları, əqli mülkiyyət və süni intellekt və s. bu kimi məsələlərə həsr olunmuşdu.
Mədəniyyətimizin inkişafında əvəzsiz xidmətləri olan alim və mədəniyyət xadimlərinin çalışdığı bu ali təhsil müəssisəsində əqli mülkiyyətə dair geniş maarifləndirici məlumatın verilməsi həm elmi-tədqiqat işlərinin potensialının artırılmasına, yeni mədəniyyət, incəsənət, bədii yaradıcılıq və musiqi əsərlərinin yaranmasına stimul verə bilər, həm də belə əsərləri yaradan müəlliflərin əqli mülkiyyyət hüquqlarının etibarlı şəkildə qorunmasına köməklik göstərər.
Əqli mülkiyyət hüququnun inkişafının, müəllif hüquqlarının qorunmasının müasir mədəniyyətin inkişafında əhəmiyyətini qeyd edən AMK-nın elmi işlər üzrə prorektoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, professor Lalə Hüseynova tədbiri açaraq yaradıcı şəxlsərin rifahının, yaradıcıığının stimullaşdırılması üçün belə tədbirlərin əhəmiyyətindən danışdı.
Vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi yad edildikdən sonra açılış nitqi ilə çıxış edən “Hüquqi Tədqiqatlar Mərkəzi” İB-nin rəhbəri Bəxşeyiş Əsgərov ölkəmizin əqli mülkiyyət hüququ sahəsində apardığı məqsədyönlü siyasət, eləcə də bu sahədə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin vətəndaş cəmiyyəti təşkilatları ilə apardıqları birgə uğurlu fəaliyyətlər barədə, rəhbərlik etdiyi təşkilatın respublikada hüquq düşüncəsi və hüquq mədəniyyətinın yüksəldilməsi, o cümlədən əqli mülkiyyət sahiblərinin maarifləndirilməsi istiqamətində gördüyü işlər barədə geniş məlumat verdi.
Daha sonra Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin şöbə müdiri Vüsal Quliyev çıxış edərək Agentliyin ölkədə əqli mülkiyyət hüquqlarının qorunması istiqamətində həyata keçirilən dövlət siyasəti, mövcud hüquqi mexanizmlər və beynəlxalq təcrübə ilə inteqrasiya məsələlərindən bəhs etdi.
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi Əqli Mülkiyyət hüquqlarının Təminatı Mərkəzinin şöbə müdiri Vüsal Quliyev çıxışında Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin, o cümlədən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının fəaliyyəti, əqli mülkiyyət məhsullarını yaratmaq və onun müasir ictimai münasibətlər sisteminə uğurla çıxarmaq üçün müəlliflərin öz hüquqlarını bilməsinin vacibliyi, müəlliflərə yaradılan şərait haqqında ətraflı məlumat verdi. O, QHT-lərin bu sahədə maarifləndirmə işinə cəlb edilməsini təqdir edərək, “Hüquqi Tədqiqatlar Mərkəzi” İB-nin səmərəli fəaliyyətini qeyd etdi.
Layihənin ekspertləri “Müstəqil Hüquq Mərkəzi” İB-nin sədri, tanınmış hüquqşünas Aydın Kərimov və əqli mülkiyyət hüququ üzrə tanınmış ekspert Natiq İsayev interaktiv qaydada kazuslar və praktik təcrübə materialları əsasında respublikada əqli mülkiyyət hüququnun qorunmasının vəziyyəti, xüsusilə müsiqiçilər, bəstəkarlar, şairlər, ifaçılar arasında yaranan müəlliflk və əlaqəli hüquqların pozulması halları haqda ətraflı məlumat verdilər. Problemlərin yaranma səbəbləri, onların həlli yolları, müəllif hüquqlarının tanınma, qorunma və təminatı yolları haqqında danışan mütəxəssislər iştirakçıların təcrübəsinə əsaslanaraq Konstitusiyamızın 30-cu (əqli mülkiyyət hüququ) və 51-ci (yaradıcılıq hüququ) maddələrinin mahiyyətini, “Müəllif hüquqları və əlaqəli hüquqlar haqqında”, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası qanunlarının məzmununu izah etdilər.
AMK-nın əməkdaşları – Muğam(xanəndə)” kafedrasının baş müəllimi, Azərbaycan Respublikasının əməkdar müəllimi Qəzənfər Abbasov, “Milli vokal” kafedrasının dosenti, əməkdar artist Aygün Mübariz, Humanitar fənnlər” kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Firudin Qurbanov, “Musiqinin tarixi və nəzəriyyəsi” kafedrasının müdiri, əməkdar incəsənət xadimi, professor Akif Quliyev, “Fortepiano” kafedrasının müdiri, əməkdar müəllim Naibə Şahməmmədova, “İnstrumental muğam” kafedrasının müdiri, xalq artisti Malik Mansurov əqli mülkiyyət hüquqlarının tədris prosesinə inteqrasiyası, elmi və yaradıcılıq fəaliyyətində müəllif hüquqlarının qorunması, akademik mühitdə plagiat hallarının qarşısının alınması, həmçinin müəlliflərin əməyinin ödənilməsi məsələləri ilə bağlı müzakirələrdə fəal iştirak edərək layihənin ekspertərinə onları maraqlandıran suallar verdilər, tədbirin əhəmiyyətini qeyd edərək bu mövzuda tədbirlərin davamlı olmasını arzuladılar.
Öz müəllif hüquqlarının pozulması halları ilə bağlı qarşılaşdığı problemlərdən, onların həlli yolundakı təcrübəsindən danışan “Milli alətlərin bərpası və təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Məmmədəli Məmmədov keçirilən təlimin və müzakirə olunan məsələlərin son dərəcə əhəmiyyətli olduğunu söylədi və tədbirin qonaqlarını rəhbərlik etdiyi laboratoriyaya dəvət etdi.
“Hüquqi Tədqiqatlar Mərkəzi” İB-nin sədr müavini Tofiq Həsənov müəllif hüquqları və əlaqəli hüquqların pozulmasına görə Cinayət və İnzibati Xətalar məcəllələrində təsbit edilmiş maddələri şərh etdi, iştirakçıların çoxsaylı sualları cavablandırıldı. Qeyd olundu ki, belə tədbirlərin keçirilməsi, yaradıcı insanların maarifləndirilməsi, müxtəlif mövzular üzrə izahat işinin aparılması, eləcə də alimlərin, yaradıcı ziyalıların hüquqşünaslarla birgə, əlaqəli fəaliyyəti zəruridir.
İştirakçılara layihə üzrə “Hüquqi Tədqiqatlar Mərkəzi” İB tərəfindən Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin təşkilati-metodiki dəstəyi ilə hazırlanmış əqli mülkiyyət hüququ sahəsində qanunvericilik aktlarının toplusu paylandı.
Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi Heydər Mirzəyev iştirak etdi.
Yekunda layihə rəhbəri Bəxşeyiş Əsgərov mövzuya dair təklifləri və söylənən fikirləri ümumiləşdirdi, fəal iştiraka, işgüzar və faydalı çıxışlara görə iştirakçılara, təlimin yüksək səviyyədə keçirilməsi üçün yaradılmış işgüzar şəraitə görə Azərbaycan Milli Konservatoriyasının rəhbərliyinə təşəkkürünü bildirdi.