logo
Laçın rayonunda Aqrar Biznes Festivalı keçirilib

Laçın rayonunda Aqrar Biznes Festivalı keçirilib

Laçın rayonunda Aqrar Biznes Festivalı keçirilib Laçın rayonunda Aqrar Biznes Festivalı keçirilib

Kənd təsərrüfatında innovasiyaların tətbiqi və təşviqi, fermerlər və sahibkarlar arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də müasir texnologiyalara çıxış imkanlarının genişləndirilməsi məqsədilə təşkil olunan növbəti Aqrar Biznes Festivalı Laçın rayonunda keçirilib.

Tədbir Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda Xüsusi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Festivalın rəsmi açılış hissəsində çıxış edən Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov rayonun zəngin təbii-coğrafi potensialından danışaraq, xüsusilə heyvandarlıq sahəsi üzrə ixtisaslaşma imkanlarını qeyd etmişdir. O, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən tədbirlər, eləcə də sahibkarlar üçün yaradılan əlverişli şərait barədə məlumat vermişdir.

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova çıxışında işğaldan azad olunmuş ərazilərdə Nazirlik tərəfindən həyata keçirilən fəaliyyətlərdən bəhs etmişdir. O, həmin ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların parsel əsaslı bölgüsü, torpaq ehtiyatlarından səmərəli istifadə və aqrar fəaliyyətin bərpası istiqamətində görülən işlər barədə məlumat vermişdir.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında bölgələrdə keçirilən aqrar festivalların əhəmiyyətindən bəhs etmişdir. O bildirmişdir ki, artıq 92 bölgədə bu formatda festivallar təşkil olunmuşdur və bu təşəbbüs aqrar sahənin inkişafına, regionlarda iqtisadi fəallığın artırılmasına və yerli istehsalçıların dəstəklənməsinə əhəmiyyətli töhfə verir.

Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədr müşaviri Namiq Zeynalov çıxışında sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, dövlət dəstəyi mexanizmləri və güzəştli kredit alətləri barədə məlumat vermiş, aqrar sahədə fəaliyyət göstərən biznes subyektlərinin inkişafının stimullaşdırılmasının vacibliyini vurğulamışdır.

Tədbirdə 20-dən artıq dövlət və özəl müəssisə öz xidmət və məhsulları ilə təmsil olunmuşdur. Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumları tərəfindən fermerlərə təqdim olunan subsidiya, kredit və aqrar sığorta mexanizmləri barədə ətraflı məlumat verilmiş, özəl sektor nümayəndələri tərəfindən yerli kənd təsərrüfatı məhsulları, toxum və ting materialları, yeni gübrə və pestisidlər, iqlimə davamlı sortlar və digər qabaqcıl məhsullar nümayiş etdirilmişdir.

Eyni zamanda aqrar xidmətlər, təchizat və təminat sahəsində fəaliyyət göstərən qurumlar iştirak edərək öz xidmət və imkanlarını nümayiş etdirmişlər.

Rayonun aqrar potensialı nəzərə alınaraq festivalda heyvandarlıq sahəsinin inkişafı xüsusi diqqət mərkəzində olmuşdur. Bu istiqamətdə Heyvandarlıq və Baytarlıq elmi-tədqiqat institutları, eləcə də heyvandarlıq və balıqçılıq sahəsində fəaliyyət göstərən müəssisələr, həmçinin yem və baytarlıq preparatları istehsalçıları fəal iştirak etmiş, sahənin inkişafına yönəlik müasir yanaşmalar təqdim olunmuşdur.

Həmçinin, peşə təhsili sahəsində fəaliyyət göstərən müəssisələr də festivalda təmsil olunmuş, aqrar sahə üzrə ixtisasların tədrisi, kadr hazırlığı və praktik bacarıqların inkişafı istiqamətində həyata keçirilən proqramlar barədə məlumat təqdim etmişlər.

Festivalda işğaldan azad olunmuş rayonlarda fəaliyyət göstərən yerli şirkətlər də iştirak etmiş, regionlarda həyata keçirilən aqrar fəaliyyətlər, istehsal imkanları və yeni təşəbbüslər barədə məlumat vermişlər. Bu iştirak regionların iqtisadi potensialının nümayişi və yerli sahibkarlığın təşviqi baxımından xüsusi əhəmiyyət kəsb etmişdir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin