logo
Nədir uşaqlıq?

Nədir uşaqlıq?

Nədir uşaqlıq? Nədir uşaqlıq?

Zamanın qanunu budur: hamı böyüyür, amma hamı uşaq ola bilmir. Uşaqlıq sadəcə təqvim yaşı deyil, qayğısızlıq və sığınacaq duyğusudur. Bu şeirdə biz uşaq simasında bir 'ana', körpə bədənində isə dünya qədər yük daşıyan olğun bir ruh görürük. Vaxtında verilməyən sevginin gecikmiş təsəllisinə ehtiyac duymayan bir insanın dik duruşu və daxili sınıqlığıdır bu sətirlər. Bəzi uşaqlar nağıllarla yuxuya gedər, bəziləri isə həyatın acı həqiqətləri ilə oyaq qalar. Bu misralar uşaqlığı əlindən alınmış, oyun yerinə dərdi, beşik yerinə ağır yükləri qucaqlamış bir qəlbin etirafıdır. 'Uşaq olmağı bacarmadım' deyən müəllif, əslində fədakarlığın ən ağır formasını – öz uşaqlığını başqasının xoşbəxtliyinə qurban verməyi nəql edir.

Bacarmamışdım mən uşaq olmağı,
Cismim körpə idi, beynimsə olğun.
Öyrəndim zamansız ana olmağı,
Uşaq arzularım ürəkdə solğun.

Məni sarıb, nağıl söyləmədilər,
Gülüşlər yerinə həsrət qalmışdı.
Fikrimi desəm də dinləmədilər,
Ruhum yarpaqtək dərddən saralmışdı.

Beşiyimlə deyil, yüklə böyüdüm,
Gözlərimdə qəmlə yatızdırdılar.
Gecələr ağrıdan qorxub, üşüdüm,
Oyun yerinə dərdi oynatdılar.

Çiynimdəki yüklər böyükdən böyük,
Axı necə dözsün körpə ruh buna?
Həyat mənə qarşı hər an sərt, dönük,
Bəxtim bürünmüşdü qara dumana.

Bilə bilmədim mən nədir uşaqlıq?
Həyatı öyrəndim körpə yaşımda.
Günlərim gecətək zülmət qaranlıq,
Sanki durub bütün dünya qarşımda.

Mən idim anamın dərd ortağı,
Verdim uşağlığı yoluna qurban.
Olurdum hər an könlünün dayağı,
Bircə, mən qalmışdım halına yanan.

Həsrətlə baxırdım yaşıdlarıma,
Gecələr yatardı onlar qorxusuz.
Mən qalıb baş-başa qorxularımla,
Səhəri açardım diri sorğusuz.

Anamla çox qaldım çöldə, soyuqda,
Bədənimi kəsərdi qış şaxtası.
Durmadan axardı yaşlar yanaqda,
Qəlbimi üzərdi eşqin saxtası.

Önəmi varmı gecikmiş sevginin?
Təsəllidirmi paralanmış ruha?
Vaxtında verilməyən məhəbbətin,
İndi xeyri olmaz yanmış ruhuma.

Aysel Aslanova

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin