https://innews.media/uploads/news/2026-02/_innews_e6b17c639d54027dedc1b221d_o.jpg
Azərbaycan Mebel İstehsalçıları Assosiasiyası ilə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi arasında əldə olunmuş razılaşmaya əsasən, ixrac potensialı olan böyük mebel istehsalçılarının iştirakı ilə işgüzar görüş keçirilib.
Görüşün əsas məqsədi Azərbaycanda mebel istehsalı üzrə ixrac potensialının artırılması imkanlarının müzakirə edilməsi, bu sahədə dövlət dəstəyinin genişləndirilməsi istiqamətində təkliflərin hazırlanması və mebel sektorunun beynəlxalq bazarlara çıxışının sürətləndirilməsi olub.
Tədbir zamanı ixrac prosesində mövcud olan əsas çətinliklər, qarşıya çıxan problemlər və onların aradan qaldırılması istiqamətində görüləcək tədbirlər müzakirə edilib. Eyni zamanda, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi tərəfindən ixracla bağlı məsələlər üzrə yaranmış müvafiq problemlərin həlli istiqamətində işlərin aparıldığı bildirilib.
Görüşdə Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədri Fərman İslamlı, Assosiasiyanın sədr müavini və eyni zamanda AZMOB təşkilatının rəhbəri Tural Ozan, eləcə də ölkənin aparıcı mebel şirkətlərinin rəhbər heyəti iştirak edib. Tədbirdə Embawood, Foriella MMC , Perla, Saloğlu, Qardaşlar, Məmmədoğulları, Crystal Mebel, Panarea MMC, Woodpecker, Greenwood və Damla mebel kimi iri istehsalçı şirkətlər yer alırdı.
Azərbaycan Mebel İstehsalçıları Assosiasiyası bu görüşlə növbəti uğurlu addıma imza ataraq böyük mebel istehsalçılarını bir araya toplamağa nail olub. Qeyd edək ki, növbəti mərhələdə orta və kiçik mebel istehsalçılarının da ixrac prosesinə təşviq olunması və onların bu proseslərdə aktiv iştirakının təmin edilməsi istiqamətində tədbirlərin davam etdirilməsi planlaşdırılır.