logo
Özbəkistanda Mirzə Qədim İrəvaninin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsinin yekunları elan edilib

Özbəkistanda Mirzə Qədim İrəvaninin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsinin yekunları elan edilib

Özbəkistanda Mirzə Qədim İrəvaninin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsinin yekunları elan edilib Özbəkistanda Mirzə Qədim İrəvaninin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsinin yekunları elan edilib

Özbəkistan Rəssamlıq Akademiyasında “Şərq vəhdəti – Mirzə Qədim İrəvani və özbək ornamentləri” adlı rəsm müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir və müsabiqə iştirakçılarının əsərlərindən ibarət sərginin açılışı keçirilib.

Müsabiqə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin görkəmli Azərbaycan rəssamı və nəqqaşı Mirzə Qədim İrəvaninin 200 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncama uyğun olaraq, Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Özbəkistan Rəssamlıq Akademiyası və Daşkənd Foto Evinin dəstəyi ilə həyata keçirilib.

6 ay davam edən müsabiqənin əsas məqsədi Mirzə Qədim İrəvaninin zəngin yaradıcılıq irsinin öyrənilməsi və təbliği, Şərq nəqqaşlıq ənənələrinin qorunması, gənc rəssamların dəstəklənməsi, eləcə də Azərbaycan və Özbəkistan arasında mədəni dialoqun inkişaf etdirilməsidir.

Müsabiqədə peşəkar rəssamlar, dekorativ-tətbiqi sənət ustaları, eləcə də ixtisaslaşdırılmış incəsənət məktəblərinin şagirdləri və ali təhsil müəssisələrinin tələbələri, Özbəkistanın müxtəlif bölgələrindən olan iştirakçılar yer alıblar. Təqdim olunan əsərlər peşəkar komissiya tərəfindən bədii və kompozisiya meyarları əsasında qiymətləndirilib.

Tədbir çərçivəsində Mirzə Qədim İrəvaninin həyat və yaradıcılıq yoluna, eyni zamanda İrəvan şəhərinin mədəni-tarixi irsinə həsr olunmuş “Cənnət yuxusu” adlı bədii-sənədli film nümayiş etdirilib.

Daha sonra Akademiyanın sərgi salonunda müsabiqə iştirakçılarının əsərlərindən ibarət ekspozisiya təqdim olunub.

Özbəkistan Rəssamlıq Akademiyasının sədri Akmal Nur çıxışında bu kimi mədəni təşəbbüslərin Azərbaycan və Özbəkistan arasında mədəni-humanitar əməkdaşlığın daha da inkişafına xidmət etdiyini, eləcə də iki xalqın bədii ənənələrinin qarşılıqlı öyrənilməsi üçün geniş imkanlar yaratdığını vurğulayıb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Aki̇f Marifli qeyd edib ki, Mirzə Qədim İrəvani XIX əsr Azərbaycan milli rəssamlıq sənətinin parlaq nümayəndələrindən biri olaraq Şərq miniatür ənənələri ilə Avropa realist portret üslubunu uğurla birləşdirib. O, həmçinin vurğulayıb ki, həyata keçirilən bu kimi mədəni layihələr Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının prezidentlərinin ardıcıl siyasətinin bariz nümunəsi olmaqla, iki ölkə arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə və humanitar əməkdaşlığın genişləndirilməsinə xidmət edir.

Müsabiqənin yekunlarına əsasən birinci yer Andican İxtisaslaşdırılmış İncəsənət Məktəb-İnternatının şagirdi Bexruzbek Baxtiyorzadonova, ikinci yer Pavel Benkov adına Respublika İxtisaslaşdırılmış Rəssamlıq Məktəbinin şagirdi Madinabonu Qaxxorovaya, üçüncü yer isə Kamoliddin Behzod adına Milli Rəssamlıq və Dizayn İnstitutunun IV kurs tələbəsi Muxlisa Omonullayevaya təqdim olunub.

Nominasiyalar üzrə fərqlənən Dulat Baxatov, Gülbahor İmamaliyeva, Farangiz Olimjonova və Uluqbək Muxamatov xüsusi sertifikatlarla mükafatlandırılıblar. Müsabiqənin qaliblərinə və mükafatçılarına diplomlar, xatirə hədiyyələri və pul mükafatları təqdim olunub.

Eyni zamanda müsabiqənin bütün iştirakçılarına iştirakçı sertifikatları təqdim olunub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin