https://innews.media/uploads/news/2025-12/_innews_a8ea29a1a853ecabf922f87c6_o.jpg
“Nadir İncilər – İpəklə gümüşün harmoniyası” tədbiri çərçivəsində “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov çıxışı zamanı şirkətin fəaliyyəti ilə bağlı iqtisadi əhəmiyyət daşıyan bir sıra mühüm məqamlara toxunub.
"innews media" xəbər verir ki, Zakir İbrahimovun sözlərinə görə, ölkənin aparıcı dağ-mədən şirkəti olan “AzerGold” QSC yalnız qızıl və gümüşün hasilatı və ixracı ilə kifayətlənmir, eyni zamanda məhsulların son istehlakçıya çatdırılması istiqamətində də uğurlu təşəbbüslər həyata keçirir.
O bildirib ki, dövlət tərəfindən həyata keçirilən məqsədyönlü iqtisadi siyasət və yerli istehsalın təşviqi “AzerGold”un bu sahədə fəaliyyətinə geniş imkanlar yaradıb. Yerli xammal əsasında hazırlanan qiymətli məmulatların daxili bazarda satışı həm milli-mədəni irsin təbliğinə, həm də rəqabətqabiliyyətli “Made in Azerbaijan” brendinin formalaşmasına mühüm töhfə verir.
13 qızıl və 9 gümüş kolleksiya istehsal olunub
Zakir İbrahimov qeyd edib ki, “AzerGold”un ilk məhsullarının təqdimatına 2019-cu ildən başlanılıb. Sikkə və külçələrin istehsalında əsas məqsəd yerli bazarı milli dəyərləri əks etdirən məhsullarla təmin etmək və “Made in Azerbaijan” brendini təşviq etmək olub.
Bu günədək maddi dəyərlə yanaşı, mənəvi və simvolik məna daşıyan 13 qızıl və 9 gümüş kolleksiyanın kütləvi istehsalı həyata keçirilib. Onun sözlərinə görə, zamanla bu təşəbbüs yalnız təbliğat xarakteri daşımayıb, ölkə iqtisadiyyatı üçün real dəyər yaradan uğurlu biznes modelinə çevrilib.
Pərakəndə satışdan 92 milyon manata yaxın vəsait cəlb edilib
Şirkət rəhbəri vurğulayıb ki, yerli xammalın əlavə dəyərə malik son məhsula çevrilməsi iqtisadi şaxələndirməni dəstəkləyir. Cari ildə qiymətli məhsulların ölkədaxili pərakəndə satışından 38,6 milyon manat vəsait əldə olunub.
2019-cu ildən bu günədək isə “AzerGold”un pərakəndə satış fəaliyyəti nəticəsində ölkə iqtisadiyyatına ümumilikdə təqribən 92 milyon manata yaxın vəsait cəlb edilib.