https://innews.media/uploads/news/2025-12/_innews_4c96f0f7f2cd6767d46727a3f_o.jpg
Artıq dünya süni intellekt və data analitikasını gələcəyin texnologiyası kimi deyil, idarəetmə və qərarvermənin ayrılmaz hissəsi kimi qəbul edir. Qlobal iqtisadiyyatlarda məlumatların düzgün təhlili dövlət siyasətindən maliyyə bazarlarına, nəqliyyatdan səhiyyəyə qədər bir çox sahədə real və ölçülə bilən nəticələr yaradır.
Beynəlxalq hesabatlara əsasən, Big Data və analitika bazarının həcmi 2024-cü ilin sonuna doğru 430–450 milyard ABŞ dollarına çatıb. ABŞ, Almaniya, Yaponiya və Sinqapur kimi ölkələrdə bulud (cloud technology) əsaslı məlumat idarəçiliyi və elektron-hökumət (e-governence) platformalarının tətbiqi nəticəsində ictimai xidmətlərin göstərilmə müddəti orta hesabla 25–30 faiz azalıb. Bu təcrübə göstərir ki, data analitikası texnoloji yenilikdən daha çox strateji idarəetmə alətidir.
Maliyyə sektorunda süni intellektin rolu xüsusilə ön plana çıxır. McKinsey və Beynəlxalq Maliyyə Hesablaşmaları Bankının (BIS) son hesabatlarına görə, maşın öyrənməsi modellərinin tətbiqi kredit gecikmələrini 10–15 faiz, fırıldaqçılıq hallarını isə 20–30 faiz azaltmağa imkan verib. Real vaxt rejimində əməliyyatların analizi bankların əməliyyat xərclərini orta hesabla 12–18 faiz aşağı salıb.
Fırıldaqçılığın analitikası bazarı da sürətlə böyüyür. Analitik mərkəzlərin proqnozlarına görə, bu sahənin qlobal həcmi 2025-ci ilin əvvəlinə 65–70 milyard ABŞ dollarına yaxınlaşır. Şimali Amerika bazarın əsas payını saxlayır, lakin Avropa və Asiya ölkələri də data əsaslı risk idarəçiliyinə ciddi investisiyalar yönəldir.
Bu qlobal fon fonunda Azərbaycan da data analitikası və süni intellekt texnologiyalarının tətbiqini genişləndirir. Bank sektorunda risk skorlama və anomaliya aşkarlanması sistemləri kredit portfellərində gecikmələrin 8–12 faiz azalmasına şərait yaradıb. Açıq mənbələr və sektor üzrə hesabatların təhlili göstərir ki, kart əməliyyatlarında fırıldaqçılıq cəhdlərinin qarşısının alınmasında 2024-cü ilin sonuna doğru 35–45 faiz aralığında yaxşılaşma qeydə alınıb.
Dövlət və infrastruktur sahələrində də oxşar proseslər müşahidə olunur. Bulud əsaslı analitik modellər enerji və nəqliyyat layihələrinin planlaşdırılmasına tətbiq edilir. Bakıda həyata keçirilən ağıllı nəqliyyat idarəetməsi üzrə pilot layihələr marşrut qrafiklərinin dəqiqliyini 15–20 faiz artırıb, bu isə həm vaxt itkisini, həm də əməliyyat xərclərini azaldıb.
Mövzu ilə bağlı fikirlərini bölüşən, hazırda ABŞ-da data idarəçiliyi üzrə analitik kimi fəaliyyət göstərən Aygül Fərzalıyeva bildirir ki, yaxın gələcəkdə data əsaslı süni intellektin inteqrasiyası yalnız dövlət idarəçiliyinə bağlı sahələrlə məhdudlaşmayacaq. Onun sözlərinə görə, bu texnologiyalar təkcə təhsil, elektron hökumət, səhiyyə və sosial xidmətlərdə deyil, eyni zamanda müxtəlif fəaliyyət sahələrində investisiya qərarlarının verilməsində də mühüm rol oynayacaq.
Ekspert qeyd edir ki, hazırda həm ABŞ-da, həm də Avropanın bir sıra aparıcı universitetlərində süni intellektin dövlət idarəçiliyində rolu, qərarvermə mexanizmləri və tətbiq riskləri ilə bağlı xüsusi tədqiqat laboratoriyalarında araşdırmalar aparılır. Bu, süni intellektin artıq qlobal miqyasda qəbul edilmiş reallıq olduğunu göstərir. Həmçnin bu prosesdə ən vacib məqamlardan biri insan psixologiyasının bu sürətli texnoloji yeniliyə uyğunlaşmasıdır. O vurğulayır ki, süni intellekt nə qədər inkişaf etsə də, onun effektivliyi insanların yeni qərarvermə modellərini necə qəbul etməsindən asılıdır. “Əsas məqsəd süni intellektdən səmərəli istifadə olunmasıdır. Əks halda verilən qərarların empirik nəticəsi olmaz və texnologiya gözlənilən effekti verməz”, – deyə ekspert bildirir.
Qlobal təcrübə göstərir ki, data analitikası və süni intellektdən sistemli şəkildə istifadə edən ölkələr həm iqtisadi dayanıqlığını gücləndirir, həm də vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətində real nəticələr əldə edir. Azərbaycan üçün əsas çağırış isə bu texnologiyaların qısa müddətli layihə kimi deyil, uzunmüddətli strateji yanaşmanın tərkib hissəsi kimi tətbiq olunmasıdır.
Araşdırdı:
ATV kanalının jurnalisti Səmaya Quliyeva