https://innews.media/uploads/news/2025-12/_innews_6bd147546d198899db30be3bc_o.jpg
Azərbaycanda dövlət aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatların sayı artmaqdadır.
Aqrar Sığorta Fondu tərəfindən Zaqatala və Qax rayonlarından olan fermerlərə növbəti sığorta ödənişi edilib.
Xatırladaq ki, aqrar sığorta mexanizmi ümumilikdə 41 bitkini çoxsaylı risklərdən qoruyur. Bura taxıl, tarla, bostan və tərəvəz bitkiləri, meyvə bağları, texniki bitkilər və sair aiddir.
Zaqatala və Qax rayonlarında aqrar sığorta ödənişləri arpa sahələri və fındıq bağları üzrə edilib. Bu ərazilərdəki dolu hadisəsi və vəhşi heyvanların hücumu nəticəsində baş verən zərərlər üzrə 22 268 manat sığorta ödənişi həyata keçirilib.
Sığorta ödənişi alan fermerlər Qax rayonunun Turaclı və Güllük kəndlərinin, eləcə də Zaqatalanın Ələsgər əndinin sakinləridir.
Aqrar Sığorta Fondunun Şək-Zaqatala regional filialı tərəfindən təşkil olunan ödəniş tədbirində fermerlər aqrar sığortanın olduqca sərfəli olduğunu bildiriblər. Belə ki, Azərbaycanda aqrar sığorta haqqının yarısı dövlət tərəfindən ödənilir, nəticədə cüzi məbləğdə ödəniş etməklə əkin sahələrini sığortalamaq mümkündür.
Məsələn 0,7 hektar fındıq bağını sığorta etmək üçün ümumilikdə 70 AZN sığorta haqqı ödəyən Zaqatala sakini vəhşi heyvan hücumu nəticəsində bağa dəyən zərərə görə 1290 AZN sığorta ödənişi alıb.
8,4 hektar arpa sahəsini 254 AZN ödəməklə sığorta edən Qax sakini doludan dəymiş zərərə görə, Aqrar Sığorta Fondundan 8 808 AZN ödəniş alıb.
2 hektar arpa sahəsini sığortalamaq üçün 61 AZN sığorta haqqı ödəyən fermer 1 565 AZN, 2,4 hektar arpa sahəsini 73 AZN-ə sığorta edən fermer isə doludan dəymiş zərər üzrə 1 868 manat sığorta ödənişi alıb.
Fındıq bağının sahibi 5,6 hektar bağı sığorta etmək üçün 1 194 AZN sığorta haqqı ödəyib, doludan baş verən zərərlər üzrə isə ona 8 737 AZN sığorta ödənişi edilib.
Fermerlərə ödənişləri təqdim edən Aqrar Sığorta Fondunun filial rəhbəri Toğrul Həşimzadə bildirib ki, qeyri-sabit iqlimə malik olan Şəki-Zaqatala zonasında aqrar sığorta xüsusilə vacibdir. İndiyədək bu regionda müxtəlif hadisələrdən dəyən zərərlər üzrə 2,5 milyon manat sığorta ödənişi verilib.
Ümumiyyətlə isə ölkə üzrə Aqrar Sığorta Fondunun fermerlərə ödənişləri 20 milyon manatı keçib və bu məbləğ hər gün artmaqdadır.
Aqrar sığorta mexanizminin işindən razılıq edən fermerlər, digər həmkarlarını da dövlət dəstəyindən istifadə etməy və əkinlərini sığortalamağa çağırıblar.
Qeyd edək ki, hazırda ödəniş alan fermerlərin yaşadığı Qax rayonunun Güllük kəndində 2024-cü ildə güclü dolu yağması nəticəsində təsərrüfatlara böyük zərər dəymiş və həmin vaxt sığortası olmayan fermerlər zərərə düşmüşdülər. Bu il isə həmin kənddə sığortalanan fermerlərin zərərləri dövlət tərəfindən qarşılanıb.
Aqrar Sığorta Fondu ölkənin müxtəlif ərazilərində zərərlə üzləşmiş sığortalı fermerlərə ödənişləri davam etdirir.
Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik məhsulları» bölməsində ətraflı tanış olmaq, sığorta haqqını isə «Bitkiçilik kalkulyatoru» vasitəsilə hesablamaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.