https://innews.media/uploads/news/2025-12/_innews_c6acd00417ec4294ad4eaeb52_o.jpg
Dekabrın 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının və Türkoloji Mərkəzinin birgə təşkilatçılığı ilə I Türkoloji Qurultayın 100 illiyinə həsr edilmiş “Birinci Türkoloji Qurultayın 100 illiyi: əlifba məsələləri” adlı elmi seminar keçirilib. Tədbirdə universitet rəhbərliyi, alimlər, elmi mərkəzlərin nümayəndələri, tədqiqatçılar və tələbələr iştirak ediblər.
Tədbirin açılışında ADPU-nun rektoru professor Cəfər Cəfərov çıxış edərək, Birinci Türkoloji Qurultayın türk dünyasının elmi irsindəki rolundan danışıb. Rektor vurğulayıb ki, qurultay yalnız əlifba məsələlərinin deyil, ümumtürk elmi inteqrasiyasının, ortaq mədəni-mənəvi platformanın formalaşmasının təməlini qoyan mühüm hadisədir. Qeyd edilib ki, 1926-cı ildə keçirilmiş qurultay türk dillərinin inkişafı üçün elmi baza yaradıb və bu gün türk ölkələri arasında dil siyasətinin koordinasiyası, ortaq əlifba ideyası və terminoloji harmonizasiya kimi məsələlər üçün strateji əhəmiyyət daşıyır. Rektor ADPU-nun bu istiqamətdə apardığı elmi araşdırmaların və təşkil etdiyi tədbirlərin türkoloji elmin inkişafına sistemli şəkildə töhfə verdiyini bildirib. ADPU-nun Türkoloji Mərkəzi və dilçilik strukturları türk dillərinin müqayisəli tədqiqi, elmi əməkdaşlıq layihələri, birgə simpoziumlar və tələbə-alim mübadiləsi istiqamətində mühüm fəaliyyət göstərdiyini qeyd edən rektor bu seminar yalnız tarixi irsin müzakirəsi deyil, həm də türk dünyasının elm və təhsil sahəsində gələcək əməkdaşlıq perspektivlərini müəyyənləşdirən platforma olduğunu bildirib. Diqqətə çatdırılıb ki, müasir qlobal çağırışlar fonunda türk dillərinin inkişafı, onların qarşılıqlı yaxınlaşması və ortaq elmi yanaşmaların hazırlanması mühüm elmi prioritet kimi gündəmdə qalır.
Azərbaycan Dillər Universitetinin professor-məsləhətçisi Adil Babayev geniş məruzə ilə çıxış edərək, I Türkoloji Qurultayın tarixi mahiyyəti və müasir türkoloji elmin inkişafındakı rolunu müxtəlif aspektlərdən təhlil edib. O, bildirib ki, 1926-cı ildə keçirilmiş qurultay təkcə əlifba islahatı ilə bağlı müzakirələrin aparıldığı platforma deyil, həm də türk dünyasının elmi, mədəni və ideoloji inteqrasiyasına təkan verən dönüş nöqtəsi olub. A. Babayev qeyd edib ki, həmin dövrdə əlifba məsələsinin gündəmə gətirilməsi türk xalqlarının maariflənməsi, savadlılıq səviyyəsinin yüksəldilməsi və elmi biliklərin daha geniş kütlələrə çatdırılması baxımından strateji əhəmiyyət daşıyırdı. Qeyd edilib ki, əlifbanın dəyişdirilməsi yalnız texniki və ya yazı sistemi ilə bağlı məsələ deyil, həm də milli kimliyin, mədəni yaddaşın və dilin inkişafının mühüm komponentidir. Bu səbəbdən qurultayda aparılan müzakirələr XX əsrin əvvəllərində türk xalqlarının modernləşmə prosesinə ciddi təsir göstərib. Qurultay müasir dövr üçün də aktual olan bir sıra prinsipləri müəyyən edib və türk xalqlarının qarşılıqlı anlaşması, elmi əməkdaşlığın genişləndirilməsi və dil siyasətində səmərəli koordinasiyanın aparılması baxımından tarixi təcrübə rolunu oynayır. Adil Babayev bu kontekstdə dilçilik elminin qarşısında duran yeni çağırışlara toxunaraq vurğulayıb ki, bu çağırışların öyrənilməsi və həll yollarının işlənməsi müasir türkoloji tədqiqatların prioritet istiqamətlərindən biridir.
Seminara onlayn formada qatılan Qarabağ Universitetinin Elm şöbəsinin müdiri dosent Elçin İbrahimov I Türkoloji Qurultayda müzakirə olunan əlifba məsələlərinin tarixi kontekstini geniş təhlil edərək, həmin müzakirələrin Azərbaycan və ümumtürk dilçilik elminin sonrakı inkişafına təsirini təhlil edib. Elçin İbrahimov, həmçinin, qurultayda latın qrafikasına keçid, fonetik strukturun uyğunlaşdırılması, vahid terminoloji baza yaradılması kimi məsələlərin müasir dövrdə aktuallığını vurğulayıb. O, bildirib ki, bu gün türk ölkələri arasında ortaq dil siyasətinin formalaşdırılması və qrafik sistemlərin yaxınlaşdırılması istiqamətində aparılan işlər həmin qurultayın irsi ilə birbaşa bağlıdır.
Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, t.e.d. Fərhad Cabbarov, ADPU-nun Filologiya fakültəsində fəaliyyət göstərən Türkoloji Mərkəzin Türk dilləri bölməsinin müdiri professor Mirvari İsmayılova, Filologiya fakültəsinin dosenti, f.e.d. Ədalət Abbasov çıxışlarında Türkoloji Qurultayının 100 illiyinin elmi dəyəri və bu irsin gələcək tədqiqatlar üçün əhəmiyyəti xüsusi vurğulayıblar. Çıxışlarda müasir dövrdə türk dillərinin bir-birinə yaxınlaşması, dil siyasətinin koordinasiyası və elmi resursların paylaşılması məsələlərinə toxunulub, qlobal çağırışlar fonunda türk ölkələri arasında elmi əməkdaşlıq daha strateji xarakter aldığı qeyd edilib.
Seminarın sonunda mövzu ətrafında geniş elmi müzakirələr aparılıb, iştirakçıların fikir və təklifləri dinlənilib. Alimlər Qurultayının 100 illiyinin yalnız tarixi hadisə kimi deyil, həm də gələcək tədqiqatlar üçün zəngin elmi baza kimi dəyərləndirilməsinin vacibliyini qeyd ediblər.