https://innews.media/uploads/news/2025-11/_innews_0f3249386e6a0b8f1a3242030_o.jpg
2020-ci il noyabrın 25-i Azərbaycan tarixinə Kəlbəcərin erməni işğalından azad edildiyi gün kimi yazılıb. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, bu şanlı tarix Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.
25 Noyabr - Kəlbəcər Şəhəri Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış, şanlı Zəfərimizin rəmzi olan bir gündür.
2020-ci ilin Vətən müharibəsi nəticəsində, Qüdrətli Azərbaycan Ordusunun, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə göstərdiyi şücaət və qəhrəmanlıq sayəsində, 27 illik həsrətə son qoyularaq Kəlbəcərin işğaldan azad edilməsi prosesi başa çatdı. Bu, Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda atılmış ən möhtəşəm addımlardan biri, Dəmir Yumruğun sarsılmaz qüdrətinin növbəti təsdiqi idi.
1993-cü ildə Kəlbəcərin işğalı Azərbaycan xalqının ürəyində dərin bir yara qoydu. Kəlbəcər yalnız torpaq deyil, həm də bütöv bir mədəniyyətin, tarix yaddaşının, təbiət poetikasının canlı simvolu idi. 2020-ci ilin payızı isə bütün bu ağrılı yaddaşın üstündən keçib yeni bir səhifə açdı. Müzəffər Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda tarixi ədaləti bərpa edirdi. Hər gün azad olunan kəndlərin xəbəri gəlir, xalqın nəfəsi birliyə, qələbəyə çevrilirdi.
10 noyabr 2020-ci il bəyanatı ilə Azərbaycanın hərbi-siyasi qələbəsi rəsmiləşdi və Kəlbəcərin Ermənistan tərəfindən döyüşsüz qaytarılması öhdəliyi qəbul edildi. Kəlbəcərin azad edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub. Yerləşdiyi coğrafi mövqeyə görə çətin relyefə malik Kəlbəcərin düşmən tapdağından bir güllə belə atılmadan geri alınması Qələbə tariximizin şanlı səhifəsidir. Bu, həm diplomatik məharət, həm də ordunun qüdrətinin yaratdığı reallığın təntənəsi idi.
İşğaldan azad edilmiş bütün ərazilərdə olduğu kimi, Kəlbəcər rayonunda da genişmiqyaslı bərpa işləri aparılır. Şərqi Zəngəzur rayonunun hərtərəfli inkişafı üçün mühüm əhəmiyyət kəsb edən Kəlbəcər şəhərində və rayonun kəndlərində yeni yollar, enerji infrastrukturu tikilir. İşğaldan azad olunmasının ən parlaq rəmzlərindən biri də “İstisu” mineral suyunun dirçəldilməsi oldu. Onun istehsalı üçün zavod 2024-cü il sentyabrın 2-də Prezident İlham Əliyev tərəfindən Kəlbəcər rayonunun qərbində yerləşən eyniadlı kəndin təməlinin qoyulması zamanı istifadəyə verildi.
Bu gün Kəlbəcər sadəcə azad olunmuş rayon deyil – o, Azərbaycanın iradəsinin, ordusunun gücünün, xalqın birliyinin səsidir. Dağların qüruru, çayların şəffaflığı, bulaqların sonsuzluğu kimi bu qələbə də silinməzdir. Kəlbəcərin azad olunması ilə Azərbaycanın bütövləşməsi, haqqın ədalət üzərində qələbəsi tamamlandı. Bu torpağa qayıdış yalnız əraziyə sahiblik deyildi – bu, həm də ruhun qayıdışı idi.
Kəlbəcər Şəhəri Günü yalnız bir ərazi bayramı deyil, həm də xalqımızın mübarizə, qürur və torpaq sevgisinin rəmzinə çevrilmiş tarixi gündür.
Bu gün Kəlbəcərimizdə qələbəmizin təsdiqi olaraq şanlı bayrağımız dalğalanır və əbədi dalğalanacaq! Biz bünun üçün Ali Baş komandanımız cənab İlham Əliyev başda olmaqla, şəhidlərimizə, qazilərimizə, əsgər və zabitlərimizə bocluyuq. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa və onların yaxınlarına səbr versin.
Mən bu gün fəxrlə deyirəm ki, mənim evladım da Kəlbəcər rayonunda xidmət edir. Vətənə, xalqa olan borcunu şərəflə yerinə yetirir.
YAP Şirvan şəhər təşkilatının
təşkilati məsələlər üzrə məsləhətçisi
İsrayılov Amil Faiq oğlu