https://innews.media/uploads/news/2025-11/_innews_e3d7d7418d574871a995b7f16_o.jpg
“2025-ci ilə nəzərdə tutulan Qoruq üçün inzibati binanın tikintisi sürətlə davam edir”.
"innews media" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən Qoruqları İdarəetmə Mərkəzinin nəzdindəki “Lahıc” Dövlət Tarix-Mədəniyyət qoruğuna təşkil olunmuş mediatur zamanı qurumun direktoru Nəzər Əliyev bildirib.
Direktorun sözlərinə görə, inzibati binanın qarşısında muzey üçün ayrıca məkan da inşa olunur. Qoruq ərazisinə gələnlər üçün yeni parking sahəsi yaradılır ki, bu da qəsəbədə avtomobillərin çoxalması və küçələrin dar olması ilə bağlı yaranan problemləri aradan qaldırmaq məqsədi daşıyır. Parkingdən Lahıcın yuxarı hissəsinə rahat keçid üçün xüsusi pilləkənlər və piyada yolları salınır.
Nəzər Əliyev əlavə edib ki, qəsəbədə geniş abadlıq layihəsinin icrasına başlanılıb və artıq bir sıra küçələrdə döşəmə örtükləri yenilənib. Bununla belə, kanalizasiya və çörəbənd xətlərində müəyyən problemlər üzə çıxıb:
“Çörəbəndlər vaxtilə yalnız piyada və at arabaları üçün nəzərdə tutulduğundan, yük maşınlarının hərəkəti bu strukturlarda qəzalara səbəb olur. Buna görə də çörəbənd hissələrinin bərpası layihəyə daxil edilib və işlərin müəyyən hissəsi artıq tamamlanıb. Gözlənilir ki, bərpa prosesi gələn ildən yenidən davam etdiriləcək”.
Abadlıq layihəsinə bütün küçə və dalanların mərkəzləşdirilmiş işıqlandırma sisteminin qurulması da daxildir. Artıq elektrik xətlərinin böyük hissəsi çəkilib və bəzi ərazilərdə işıqlandırma quraşdırılır.
Direktor qeyd edib ki, yeni inzibati binanın memarlığı Lahıcın ənənəvi üslubuna uyğun layihələndirilib. Eyni zamanda, qoruğun Tarix Muzeyi də yenilənəcək.