https://innews.media/uploads/news/2025-11/_innews_9f7a0adba59a682f2b0d178bd_o.jpg
Basqal qəsəbəsindəki köhnə məktəb binası sənətkarlıq mərkəzi və qonaq evi kimi yenidən qurulacaq.
"innews media"-nın Basqala ezam olunmuş müxbirinə açıqlama verən Qoruqların İdarəedilməsi Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli bildirib ki, artıq binanın bərpa layihələndirilməsi tamamlanıb və növbəti illərdə tikinti işlərinə başlanılacaq.
“Köhnə məktəb binasının layihəsi hazırdır. Bu bina məktəb funksiyasını davam etdirməyəcək. Onun yuxarı hissəsi 5–6 otaqlı qonaq evi (guesthouse), aşağı hissəsi isə sənətkarlar üçün emalatxana və sənətkarlıq məkanı kimi fəaliyyət göstərəcək”, – deyə M.Ağabəyli qeyd edib.
Sədrin sözlərinə görə, yeni konsepsiya Basqalın tarixi-mədəni mühitinə uyğun şəkildə müəyyən edilib və qəsəbədə sənətkarlığın inkişafına dəstək vermək məqsədi daşıyır: “Burada yaradılacaq sənətkarlıq məkanı həm yerli ustalar, həm də turistlər üçün açıq olacaq. Məqsəd həm ənənəvi sənətlərin qorunması, həm də qəsəbənin turizm potensialının artırılmasıdır”.
O əlavə edib ki, bərpa zamanı binanın tarixi memarlıq xüsusiyyətləri qorunacaq və bütün işlər qoruq qaydalarına uyğun şəkildə aparılacaq.
M.Ağabəyli deyib ki, qəsəbə üzrə bərpa prosesi davam edir, tarixi strukturlar yenilənir, küçələr, divarlar və bulaqlar mərhələli şəkildə restavrasiya olunur.