https://innews.media/uploads/news/2025-11/_innews_7b97238b3244c55e502aa0ce4_o.jpg
“Basqal Dövlət Tarix və Mədəniyyət Qoruğunda bərpa işləri uğurla davam edir”.
"innews media" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin tabeliyində olan “Basqal” və “Lahıc” Dövlət Tarix-Mədəniyyət qoruqlarına təşkil edilən mediatur zamanı Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli bildirib.
Onun sözlərinə görə, Basqalın tarixi küçələri, binaları və mərkəzi əraziləri mərhələli şəkildə yenidən qurulur. M.Ağabəyli bildirib ki, 2022-ci ildə birinci mərhələnin tamamlanmasından sonra bərpa prosesi növbəti mərhələ üzrə davam etdirilib. Bu çərçivədə bərpa olunan küçələrin sayı artırılıb, Hamam Muzeyinin açılışından sonra isə mərkəzi tarixi binalarda genişmiqyaslı işlərə start verilib.
“Bazar Meydanı yenidən qurulub və meydan ətrafındakı Hacı Bədəl Məscidində bərpa işləri aparılıb. İşlərin mərhələli şəkildə tamamlanmasına ciddi nəzarət olunur. Şeyx Məhəmməd Məscidi arxeoloji park konsepsiyası əsasında yenidən qurulur. İlkin arxeoloji tədqiqatlar nəticəsində qiymətli artefaktlar aşkar edilib. Daha sonra məscidin bərpası başa çatdırılaraq ərazi arxeoloji park kimi formalaşdırılıb.
Partizan Məmməd Bağırov kimi tanınan Məmməd Bağırovun evləri italyan üslubunda bərpa olunur. Bu tikililərin həm muzey, həm də yaşayış yeri kimi istifadəsi nəzərdə tutulur; yuxarı mərtəbələr yaşayış üçün ayrılıb. Basqaldakı evlərin dam örtükləri də tarixi üsluba uyğunlaşdırılıb və birinci mərhələdə 40-dan çox evin damı əvvəlki görünüşünə qaytarılıb.
Şəhərdə əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədilə müxtəlif layihələr icra olunub. Bərpa işləri və artan turist axını nəticəsində bir sıra sakin yenidən Basqala qayıdıb. Hazırda ərazidə 20-dən çox kiçik sahibkarlıq subyekti fəaliyyət göstərir və həm turistlərə, həm də yerli əhaliyə xidmət göstərir. Suvenir mağazaları, çay evləri və yeməkxanaların fəaliyyətə başlaması turist marağını artırmaqla yanaşı, sakinlərin sosial həyatını da canlandırır”, – deyə M.Ağabəyli qeyd edib.