https://innews.media/uploads/news/2025-11/_innews_5ab05e3f10a6342d76d597752_o.jpg
Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən kənd təsərrüfatında yüksək məhsuldarlığın təmin edilməsi, torpaq münbitliyinin qorunması və gübrələmənin elmi əsaslarla həyata keçirilməsi məqsədilə “Torpaq analizlərinin əhəmiyyəti” mövzusunda maarifləndirici videoçarx hazırlanıb.
Videoçarxın hazırlanmasında əsas məqsəd fermerlərin və torpaq istifadəçilərinin torpaq analizlərinin aparılmasının vacibliyi barədə məlumatlılığını artırmaq, düzgün gübrə normalarının müəyyənləşdirilməsi və resursların səmərəli istifadəsi ilə bağlı maarifləndirməkdir.
Videoçarxda torpaq analizlərinin növləri, onların kənd təsərrüfatı üçün əhəmiyyəti, gübrə seçiminə təsiri və analiz nəticələrinin məhsuldarlığa birbaşa təsiri barədə ətraflı məlumat verilir. Həmçinin, videoçarxda artıq və ya az gübrələmənin yaratdığı problemlər, torpaqda duzlaşma və qida maddələrinin balanssızlığı kimi halların qarşısının alınması yolları izah olunur.
Maarifləndirici material fermerlərə torpaqdan daha səmərəli və davamlı şəkildə istifadə etmək, ekoloji tarazlığı qorumaq və yüksək keyfiyyətli məhsul əldə etmək üçün düzgün yanaşma formalaşdırmağa kömək edir.