https://innews.media/uploads/news/2025-11/_innews_f267bade3e9735dda4b303d93_o.jpg
Gürcüstanda qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C-130” hərbi-nəqliyyat təyyarəsinin qara qutusu ötən gün Türkiyəyə aparılıb.
“PostMedia” xəbər verir ki, bu barədə Türkiyə KİV-lərində məlumat yayılıb.
Məlumata görə, hazırda hadisə ilə bağlı genişmiqyaslı beynəlxalq araşdırma aparılır və ilkin məlumatlara görə, diqqət texniki problemlər ehtimalına yönəlib.
Qəza yerində 70 nəfərlik türk ekspert qrupu çalışır. Mütəxəssislər təyyarənin bütün hissələrini, o cümlədən geniş əraziyə səpələnmiş təyyarə parçalarını toplayaraq detallı şəkildə incələyirlər.
İlkin fotolar və videolarda təyyarənin burun və quyruq hissələrinin tamamilə qopduğu görünür. Hadisə şahidlərinin çəkdiyi kadrlarda uçuşdan qısa müddət əvvəl quyruq hissəsinin gövdədən ayrıldığı və daha sonra yerə düşdüyü əks olunur.
Digər görüntülərdə isə quyruq hissəsi gövdədən uzaqda, ayrı bir nöqtədə aşkar edilib. Təyyarənin əsas gövdəsi isə yerə çırpıldıqdan sonra tamamilə yanmış vəziyyətdə tapılıb. Burun hissəsinə aid görüntülər isə hələlik yoxdur.
Ekspertlərin ilkin qənaətinə görə, əvvəlcə quyruq hissəsinin qopması nəticəsində təyyarə idarəolunmaz vəziyyətə düşüb, bu da burun hissəsinin də ayrılmasına səbəb ola bilər.
Mütəxəssislər, bu qəzanın 2017-ci ildə ABŞ-da baş verən oxşar “C-130” faciəsini xatırlatdığını qeyd edirlər, lakin birbaşa bənzərlik üçün dəlillər hələ mövcud deyil.
Qəzaya dair yayılan videoda təyyarənin dörd mühərrikinin hamısının qanadlarda yerində olduğu, lakin bir mühərrikin fərqli göründüyü bildirilir. Bəzi mühərriklərin pervanelərinin fırlanmağa davam etdiyi, digərlərindən isə alov və tüstü qalxdığı müşahidə olunub.
Hadisənin dəqiq səbəbi hazırlanmaqda olan ilkin araşdırma hesabatında müəyyənləşəcək. Rəsmilər yaxın günlərdə ilkin nəticələrin açıqlanacağını gözləyir.