https://innews.media/uploads/news/2025-11/_innews_66df9dafe5024703ccba0bf78_o.jpg
				31 oktyabr 2025-ci il tarixində Qazaxıstanın paytaxtı Astanada keçirilən “Qazaxıstan – akademik təhsil məkanı” adlı Strateji Tərəfdaşlar Forumu - təkcə elm və təhsil sahəsində deyil, həm də qlobal səviyyədə düşüncə və əməkdaşlıq fəlsəfəsinin yeni mərhələsini nümayiş etdirdi.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin çıxışı bu forumun mahiyyətinin - elmin, təhsilin və texnologiyanın inkişafının bütün bəşəriyyətin gələcəyinin əsas dayağı olmasını göstərdi
Tokayev haqlı olaraq qeyd etdi ki, bu tədbir sadəcə akademik görüş deyil, dünyanın aparıcı universitetlərini, alimlərini və strateji tərəfdaşlarını birləşdirən intellektual platformadır.
Forumda ABŞ, Çin, Böyük Britaniya, Rusiya, Cənubi Koreya, Azərbaycan və digər ölkələrdən tanınmış elm adamlarının iştirakı, onun beynəlxalq miqyasını və nüfuzunu bir daha təsdiqlədi.
Kasım-Jomart Tokayevin rəhbərliyi ilə Qazaxıstanda son illərdə təhsil və elm dövlət siyasətinin prioritet istiqamətinə çevrilib.
Prezidentin qeyd etdiyi kimi, 2019-cu ildən bu sahəyə ayrılan vəsait üç dəfə artırılıb, universitetlərin müstəqilliyi genişlənib, “Elm və texnoloji siyasət haqqında yeni qanun” qəbul edilib, Milli Elm və Texnologiya Şurası yaradılıb.
Ən diqqətçəkən təşəbbüslərdən biri isə “Milli Fond – uşaqlara” proqramıdır. Bu layihə hər bir qazax uşağının 18 yaşına qədər dövlət tərəfindən maliyyə dəstəyi almasını təmin edir və bu vəsait yalnız təhsil və ya mənzil almaq üçün istifadə edilə bilər.
Bu addım dövlətin gələcək nəsillərə olan məsuliyyətini və sosial ədalət prinsipinə sadiqliyini göstərir.
Prezident Tokayevin çıxışında xüsusi yer tutan məsələ süni intellektin təhsil sisteminə inteqrasiyası oldu.
Qazaxıstanda artıq AI-Sana proqramı üzrə yarım milyondan çox tələbə təlim keçib, məktəblərdə və universitetlərdə süni intellekt fənni məcburi fənn kimi tədris olunur.
Tokayevin OpenAI şirkəti ilə əldə etdiyi razılaşma nəticəsində ölkədə ChatGPT əsaslı tədris alətləri sınaqdan keçirilir.
Bu, Qazaxıstanın təhsil sistemində qlobal texnoloji trendlərlə ayaqlaşdığını, hətta bəzi istiqamətlərdə lider mövqeyə yüksəldiyini göstərir.
Forumda səslənən fikirlərdən aydın olur ki, Qazaxıstan artıq regional deyil, qlobal elmi və təhsil mərkəzinə çevrilmək yolundadır.
Hazırda ölkədə 33 xarici universitet filialı fəaliyyət göstərir, 31 mindən artıq xarici tələbə təhsil alır. Bu göstəricinin 2029-cu ilə qədər 100 minə çatdırılması planı, Qazaxıstanın “bilik ixracatçısı” ölkə kimi formalaşdığını sübut edir.
Azərbaycan da bu prosesdə təbii tərəfdaş kimi iştirak edir. Forumda Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin çıxışı, iki ölkə arasında akademik diplomatiyanın gücləndiyini göstərdi.
Bu, həm türk dünyasının, həm də bütövlükdə Avrasiya məkanının intellektual inteqrasiyasına töhfə verir.
Tokayevin çıxışında səsləndirdiyi Kanyş Satpayevin məşhur fikri – “Alim bütün ömrünü xalqına və bəşəriyyətə xidmətə həsr edir” – bu forumun mənəvi fəlsəfəsini əks etdirir.
Bu sözlər, əslində, Qazaxıstanın bugünkü siyasətinin ideoloji əsasını təşkil edir: elmin insanlığa xidmət etməsinin vacibliyini izah edir
Astanada keçirilən bu möhtəşəm Forum göstərdi ki - Qazaxıstan yalnız iqtisadi gücü ilə deyil, elm, təhsil və texnologiya sahəsində də liderliyə can atır.
Prezident Kasım-Jomart Tokayevin uzaqgörən siyasəti sayəsində ölkə bilik cəmiyyətinin və müasir insan kapitalının formalaşdırılması yolunda inamla irəliləyir.
Azərbaycan xalqı olaraq biz bu uğurları böyük sevinc və qürur hissi ilə izləyirik.
Türkdilli xalqlar ailəsinin üzvü kimi, Qazaxıstanın hər bir uğuru bizim də uğurumuzdur.
Bu Forum münasibətilə qardaş Qazax xalqını səmimi-qəlbdən təbrik edir, onlara elmi nailiyyətlər, sabitlik və rifah arzulayırıq.
Bülə möhtəşəm tədbirlər göstərir ki, Kasım-Jomart Tokayev yalnız bu günün deyil, həm də Qazax xalqının xoşbəxt sabahının memarıdır.
Müəllif : Qəvami Sadıqbəyli