https://innews.media/uploads/news/2025-11/_innews_538d2f8134571cb0eeb979e0d_o.jpg
Avstriyanın Zalsburq şəhərində fəaliyyət göstərən Azərbaycan Evində ölkəmizin Vətən müharibəsində qazandığı qələbəyə həsr olunan “44 günün nəğməsi” adlı tədbir təşkil edilib.
Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, Avstriya Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi yad olunub.
Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizov açılış nitqində Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərin əhəmiyyətindən danışıb. O bu qələbənin yalnız hərbi uğur deyil, eləcə də xalqımızın birliyi, əzmi və sarsılmaz ruhunun təntənəsi olduğunu vurğulayıb. Cəmiyyətin üzvü Həcər Bağcı isə alman dilində çıxış edərək ölkəmizin qazandığı tarixi Zəfərin önəmi barədə məlumat verib.
Tədbirin bədii hissəsində Əməkdar artist, tarzən Sahib Paşazadə Azərbaycan muğam sənətinin incəliklərindən bəhs edib. Onun ifasında “Üzeyir 140 – Tək Dahi” adlı əsər böyük maraq və alqışlarla qarşılanıb. Tarda səsləndirdiyi Volfqanq Amadey Motsartın “Rondo” əsəri isə zala xüsusi bir ovqat bəxş edib. Daha sonra Əməkdar artist, nağara ifaçısı Kamran Kərimov və pianoçu Səbinə Məmmədova səhnəyə çıxaraq tarzənlə birlikdə Azərbaycan və Avropa musiqisindən nümunələrlə çıxış ediblər. Üç sənətkarın harmonik ifası dinləyicilərin böyük rəğbəti ilə qarşılanıb.
Sonda tədbir iştirakçıları Azərbaycan mətbəxinin ləziz təamlarına qonaq edilib.