https://innews.media/uploads/news/2025-10/_innews_0f0aa30b692243991477a550d_o.jpg
Oktyabrın 24-də Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə Sumqayıt Gömrük İdarəsində gömrükçü əməkdaşların psixoloji vəziyyətinin qiymətləndirilməsinə həsr olunmuş tədbir və qanvermə aksiyası təşkil edilib.
Tədbirdə Sumqayıt Gömrük İdarəsinin rəisi Tariyel Alverdiyev, rəis müavini Vidadi Cəfərəliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb üzrə fəlsəfə doktoru dosent İsmayıl Əfəndiyev, Tibbi Xidmət İdarəsinin Həkim Tibb Komissiyasının həkim-psixiatrı, tibb üzrə fəlsəfə doktoru Gülay Məmmədzadə, Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə, Mərkəzi Gömrük Hospitalının PR üzrə mütəxəssisi Dilarə Zamanova və gömrükçü əməkdaşlar iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Sumqayıt Gömrük İdarəsinin rəisi Tariyel Alverdiyev gömrük orqanlarında xidmət edən əməkdaşların psixoloji vəziyyətinin qorunması, sağlam həyat tərzinin təşviqi və kollektivdə pozitiv mühitin formalaşdırılmasının Dövlət Gömrük Komitəsinin daim diqqət mərkəzində olduğunu bildirib. O, tədbirin təşkilinə görə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova və Səhiyyə Nazirliyi Respublika Qan Bankının Sumqayıt bölməsinin müdiri Leyla Məhərrəmovaya təşəkkürünü bildirib.
Daha sonra Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb üzrə fəlsəfə doktoru dosent İsmayıl Əfəndiyev çıxış edərək həyata keçirilən psixoloji testlərin əməkdaşların emosional vəziyyətinin qiymətləndirilməsinə, stresə qarşı davamlılığın artırılmasına və iş mühitində qarşılıqlı anlaşmanın gücləndirilməsinə xidmət etdiyini vurğulayıb.
Tədbir könüllü qanvermə aksiyası ilə yekunlaşıb.