Məlum olduğu kimi 20 Oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxstan Respublikasına dövlət səfərinə gəlib.
Astana şəhərinin Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüş, İlham Əliyevi Qazaxstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev qarşıladı.
21 oktyabr 2025-ci il tarixində Astana şəhərinin " Akorda" prezident sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirildi.
Qazaxıstana dövlət səfəri çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər iki qardaş ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərdi.
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayevin səmimi, etimada əsaslanan dialoqu - tərəflərin strateji müttəfiqliyi daha da möhkəmləndirmək əzmini nümayiş etdirdi.
Prezident Tokayevin “Azərbaycan və Qazaxıstan yalnız dost dövlətlər deyil, həm də qardaş xalqlardır” fikri, bugünkü münasibətlərin ideoloji və mənəvi əsasını dəqiq ifadə edir.
İlham Əliyevin cavabı isə bu birliyin qarşılıqlı hörmət və bərabərlik üzərində qurulduğunu göstərdi:
“Biz qardaş Qazaxıstan xalqına münasibətdə eyni hissləri bölüşürük.”
Hər iki liderin çıxışlarında diqqəti cəlb edən məqam ondan ibarət oldu ki, Azərbaycan və Qazaxıstan münasibətləri təkcə ikitərəfli əməkdaşlıqla məhdudlaşmır — bu əlaqələr Türk dünyasının birliyi və Avrasiya məkanında yeni geosiyasi sabitlik modelinin formalaşmasına yönəlmişdir.
Son illər Azərbaycan–Qazaxıstan iqtisadi əməkdaşlığında nəzərəçarpacaq yüksəliş müşahidə olunur.
2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsi 470 milyon dollar təşkil etmişdisə, 2025-ci ilin yanvar–avqust aylarında bu rəqəm 547 milyon dollara çatıb. Bu artım Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) çərçivəsində həyata keçirilən layihələrin uğurlu nəticəsidir.
“Orta Dəhlizin İnkişafı” layihəsinin təqdimatı zamanı dövlət başçılarına bildirilib ki, Çin–Azərbaycan–Gürcüstan xətti üzrə tranzit daşımaların həcmi 2030-cu ilə qədər üç dəfə artacaq.
Bu, Qazaxıstan və Azərbaycanın nəqliyyat-logistika mərkəzi kimi rolunu daha da gücləndirəcək.
Aktau və Ələt limanları üzərindən keçən bu marşrut həm iqtisadi, həm də geosiyasi baxımdan Türk dünyasının yeni “ipək körpüsü”nə çevrilməkdədir.
SOCAR ilə “KazMunayQaz” arasında neftin Ceyhan limanı vasitəsilə tranziti haqqında sazişin uğurla icrası isə enerji əməkdaşlığının davamlılığını təmin edir.
2025-ci ildən etibarən bu marşrutla illik 1,5 milyon ton Qazaxıstan neftinin daşınması planlaşdırılır.
Azərbaycan və Qazaxıstan arasında yeni dövrün əməkdaşlığı, klassik iqtisadi sahələri aşaraq, rəqəmsal transformasiya və “yaşıl energetika” kimi müasir istiqamətləri də əhatə edir.
Xəzərin dibi ilə sualtı fiber-optik rabitə xəttinin tikintisi barədə 2025-ci ilin martında imzalanmış saziş iki ölkə arasında rəqəmsal inteqrasiyanın gücləndirilməsinə xidmət edəcək.
Bununla yanaşı, Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsinə yönəlmiş razılaşmalar Türk dövlətlərinin enerji təhlükəsizliyini vahid regional çərçivədə təmin etmək məqsədi daşıyır.
Qazax və Azərbaycan xalqları arasında mədəni bağlar - bu strateji münasibətlərin ən dərin qatını təşkil edir.
Son illər keçirilən “Qazaxıstan Mədəniyyəti Günləri” və “Azərbaycan Mədəniyyəti Günləri”, eləcə də görkəmli yazıçı Kemel Tokayevin əsərlərinin Azərbaycan dilində nəşri, bu mədəni yaxınlığın bariz nümunələridir.
Mədəni əlaqələr istiqamətində həm Beynəlxalq Türk Akademiyası, həm də TÜRKSOY çərçivəsində həyata keçirilən layihələr - türk mədəniyyətinin inteqrasiyasını gücləndirir.
Azərbaycan və Qazaxıstanın strateji əməkdaşlığı təkcə ikitərəfli müstəvidə deyil, həm də Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində yeni impuls qazanır.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, TDT bu gün “türk xalqlarının birliyi, iqtisadi və siyasi güc mərkəzinə çevrilməsi istiqamətində hərəkətverici qüvvədir.”
2026-cı ildə Birinci Türkoloji Qurultayın 100 illiyinin TDT səviyyəsində qeyd olunması planı isə tarixi ənənələrlə müasir reallığın vəhdətini simvolizə edəcək.
Qazaxstan və Azərbaycan Liderlərinin müzakirə etdiyi əsas məsələlərdən biri də Xəzər dənizinin ekoloji problemləri, xüsusən də dayazlaşma tendensiyası oldu.
Azərbaycan və Qazaxıstan bu istiqamətdə elmi əməkdaşlığın və birgə tədbirlərin vacibliyini vurğulayaraq, Xəzəri “ortaq məsuliyyətin və həmrəyliyin rəmzi” kimi dəyərləndirdilər.
Azərbaycan–Qazaxıstan münasibətləri bu gün təkcə ikitərəfli dostluğun nümunəsi deyil, həm də yeni Avrasiya düzənində Türk birliyinin aparıcı sütunlarından birinə çevrilib.
Bu əməkdaşlıq Şərqlə Qərb, Avropa ilə Asiya arasında iqtisadi, enerji və mədəni inteqrasiyanın lokomotivi rolunu oynayır.
21 oktyabr 2025-ci il tarixli Astana görüşü göstərdi ki, İlham Əliyev və Kasım-Jomart Tokayevin rəhbərliyi ilə iki ölkə arasında qardaşlıq əlaqələri strateji səviyyəyə yüksəlib.
Bu birliyin arxasında sadəcə siyasi maraq deyil, ortaq tarix, dil, mədəniyyət və gələcəyə yönəlmiş türk ideyası dayanır.
Müəllif: Qəvami Sadıqbəyli,
Azərbaycan