logo
Vitse-spiker Adil Əliyev şəhidimizin anım tədbirində iştirak edib

Vitse-spiker Adil Əliyev şəhidimizin anım tədbirində iştirak edib

Vitse-spiker Adil Əliyev şəhidimizin anım tədbirində iştirak edib Vitse-spiker Adil Əliyev şəhidimizin anım tədbirində iştirak edib

Oktyabrın 7-də şəhid Rəşid Həmidovun şəhadətinin 2-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım mərasimində Milli Məclisin sədr müavini Adil Əliyev, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Milli Məclisin deputatları  Ülvi Quliyev,  İltizam Yusifov, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasınin  və Bakı şəhəri Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev, eləcə də, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan şəhid Rəşid Həmidovun anası Tənzilə Həmidova övlad itkisinin nə qədər ağır olduğunu bildirsə də, övladının belə şərəfli yolda, Vətən uğrunda qəhrəmancasına şəhid olmasından fəxr duyduğunu diqqətə çatdırıb.

Sonra çıxış edən vitse-spiker Adil Əliyev şəhid ailələri və qazilərin daim dövlət başçımız İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində olduğunu, şəhidlərin öz həyatlarını Vətən uğrunda qurban verərək hər birimiz üçün milli dəyərə çevrildiyini qeyd edib. Qeyd edib ki, bu gün qəhrəmanlarımızın ruhları şaddır, çünki onların canlarını qurban verdikləri Vətən torpaqlarının üzərində üçrəngli şanlı bayrağımız dalğalanır. Eləcə də, Azərbaycan Prezidentinin diplomatik müstəvidə apardığı uğurlu siyasət nəticəsində ölkəmizin ərazi bütövlüyünün tam bərpa olunması təmin edilib. Adil Əliyev bir daha şəhidlərimizə Allahdan rəhmət diləyib, əziz xatirələrini böyük hörmət və ehtiramla yad edib.

Daha sonra çıxış edən Milli Məclisin komitə sədri Sadiq Qurbanov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Zəfər yolundan bəhs edərək, bu Qələbənin ölkə başçısının ətrafındakı sıx birliyimizin nəticəsi olduğunu qeyd edib.

Milli Məclisin deputatı İltizam Yusifov çıxışında qazandığımız Qələbəyə görə qəhrəmanlarımıza borclu olduğumuzu və onların bizə əmanətləri olan ailələrinə ən yüksək diqqət və qayğının göstərilməsinin vacibliyini qeyd edib. O, dövlət başçımızın rəhbərliyi ilə rəşadətli Ordumuzun qazanmış olduğu Zəfərin tariximin ən parlaq səhifələrindən biri olduğunu qeyd edib.

Tədbirdə çıxış edən Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Bakı şəhəri Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev şəhidlərimizin ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa olunmasındakı müstəsna xidmətlərindən danışıb, ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan söz açıb.

Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri və qazilər göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya  razılıqlarını bildiriblər.

Qeyd edək ki, şəhid Rəşid Pərviz oğlu Həmidov 19 sentyabr 1999-cu ildə Siyəzən rayonunda anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Rəşid Həmidov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün  Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən, ölümündən sonra "Vətən uğrunda",  "Laçının azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media