Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən gənclər və gənclər təşkilatları üçün elan edilmiş “Rəqəmsal” mövzulu qrant müsabiqəsi çərçivəsində qalib gələn Aytac Hacıyevanın rəhbərlik etdiyi “Süni İntellektlə Ədəbiyyatın Rəqəmsal Əks-sədası: Azərbaycan Ədəbiyyatının Yenidən Kəşfi” adlı layihə uğurla həyata keçirilib.
Layihə süni intellekt texnologiyalarının imkanlarından istifadə etməklə Azərbaycan ədəbiyyatının klassik və müasir nümunələrinin dərin təhlilini və onların yeni, innovativ təqdimat formasını təmin edir. Əsas məqsəd - süni intellektin köməyi ilə milli ədəbiyyatın mövzu, üslub və struktur xüsusiyyətlərini üzə çıxarmaq, bu əsərləri müasir dövrün tələblərinə uyğun interpretasiyalarla təqdim etmək və gənclərin ədəbiyyata marağını artırmaqdır.
Layihə çərçivəsində Azərbaycan ədəbiyyatının tanınmış klassiklərinə aid dörd əsər əsasında süni intellekt vasitəsilə hazırlanmış video materiallar təqdim olunub:
1. Cəlil Məmmədquluzadə – “Ölülər”
2. Cəfər Cabbarlı – “Oqtay Eloğlu”
3. Cəlil Məmmədquluzadə – “Anamın kitabı”
4. Rəsul Rza – “Qızılgül olmayaydı”
Azərbaycan ədəbiyyatı xalqın milli kimliyinin və tarixi yaddaşının formalaşmasında mühüm rol oynayır. Lakin bu irsin rəqəmsal mühitdə yetərincə təmsil olunmaması, gənc nəsil üçün klassik və müasir ədəbiyyata çıxışı məhdudlaşdırır. Layihə bu çağırışlara cavab olaraq, ədəbiyyatın müasir texnologiyalar vasitəsilə qorunması, təhlili və təqdimatına yeni nəfəs gətirir.
Bu təşəbbüs ədəbiyyatla texnologiyanın sintezini təmin etməklə, gənclərin yaradıcılıq potensialının inkişafına, həmçinin milli-mənəvi dəyərlərin müasir kontekstdə təbliğinə töhfə verir.
Qeyd edək ki, layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilmişdir.