Son dövrlərdə kommunikativ sintaksis, cümlənin aktual üzvlənməsi, struktur-semantika kimi sahələr tədqiqatçıların diqqət mərkəzinə çevrilmişdir. Mətn dilçiliyi, funksional dilçilik və diskurs tədqiqatları artıq daha önəmli və prioritet sahələr kimi formalaşır. Eyni zamanda, müqayisəli-tarixi dilçiliklə yanaşı, müqayisəli tipoloji dilçilik də öz rolunu daha aydın şəkildə göstərməkdədir.
Tanınmış türkoloq, Əməkdar müəllim, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev Azərbaycanda dilçilik elminin inkişafı, bu elmin qarşısında dayanan əsas vəzifələr, problemlər, türkologiya sahəsində aparılan tədqiqatlar, eləcə də digər aktual məsələlərlə bağlı müsahibəsində bu fikirləri səsləndirib.
- Hörmətli Əbülfəz müəllim, ömrünüzün 75 ilini geridə qoymusunuz. Geniş və çoxşaxəli elmi fəaliyyətinizin hansı mərhələsini ən məhsuldar və yaddaqalan dövr hesab edirsiniz?
- Əvvəlcə qeyd etmək istərdim ki, Bakı Dövlət Universitetində tələbə olduğum illəri nəzərə almasaq, elmi fəaliyyətə 1971-ci ildən başlamışam. Həmin il universiteti fərqlənmə diploma ilə bitirdikdən sonra o dövrdə Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialında (indiki Naxçıvan Dövlət Universiteti) əmək fəaliyyətinə başladım və bununla da elm aləminə ilk addımımı atdım. Elə həmin dövrdə mərhum professor Ə.Dəmirçizadənin rəhbərliyi
altında dissertasiya mövzusu üzərində tədqiqatlar aparmağa başladım. O vaxtdan etibarən artıq 55 ildir ki, elmi-pedaqoji fəaliyyətlə məşğulam. Bu illər ərzində həm elmi axtarışlar, həm də tədris prosesi mənim həyatımın ayrılmaz hissəsinə çevrilib, bu sahədə uzunmüddətli və məhsuldar bir yol keçməyimə imkan yaradıb.
Hələ tələbəlik illərimdən türkologiya sahəsinə dərin marağım var idi. Bu sahəyə olan sevgim nəticəsində diplom işimi türk dillərinin qədim dövrünə həsr etdim. Əlbəttə ki, türkologiya filologiyanın həm ən maraqlı, həm də ən mürəkkəb sahələrindən biridir. Xüsusilə sovet dövründə bu istiqamətdə tədqiqat aparmaq heç də asan deyildi. Çünki türkologiya milli respublikalar üçün, bir növ, qadağan olunmuş elm sahəsi sayılırdı və bu sahədə tədqiqatlara geniş imkan verilmirdi.
Bütün çətinliklərə baxmayaraq, mən bu elm sahəsindən uzaqlaşmadım, əksinə, daha çox çalışmağa, öz üzərimdə işləməyə başladım. Daim mütaliə etdim, türkologiyanın əsas problemlərini dərindən araşdırdım. O dövrün tanınmış türkoloqları – Kononov, Şerbak, Tenişev, Nasilov kimi alimlərlə elmi əlaqələr quraraq, müxtəlif mövzularda müzakirələr apararaq təcrübə qazandım. Nəticə etibarilə, dissertasiyamı uğurla tamamladım və tədricən elmi ictimaiyyət arasında tanınmağa başladım.
Qeyd etməliyəm ki, müstəqillik illəri türkologiya üçün yeni imkanlar dövrü oldu. Bu sahəyə dövlət səviyyəsində diqqət və qayğı artdı, türkoloji tədqiqatların aparılması üçün geniş və münbit şərait yaradıldı. Türk dünyasında tanınmağım nəticəsində, mən də tez-tez beynəlxalq türkoloji konfranslara dəvət olundum, 5 il ərzində Türkiyədə ali məktəbdə qonaq professor (öyrətim üyesi) kimi dərs demək şərəfinə nail oldum.
Elmi yaradıcılığımda xüsusilə 2002-ci ildən başlayan illəri axtarışlarla dolu, ən məhsuldar və parlaq dövr hesab edirəm. Sonra Ümummilli Lider Heydər Əliyevin müvafiq sərəncamı əsasında yaradılmış AMEA-nın Naxçıvan Bölməsi mənim elmi fəaliyyətimdə yeni bir mərhələnin başlanğıcı oldu. Həmin dövrdə Naxçıvan Dövlət Universitetində kafedra müdiri vəzifəsində çalışırdım. O illərdə məni AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutuna direktor vəzifəsində fəaliyyət göstərməyə dəvət etdilər. Bu təyinat mənim üçün həm böyük etimadı, həm də məsuliyyəti ifadə edirdi.
Bu illəri həyatımın və elmi yaradıcılığımın mühüm bir dövrü hesab edirəm. Xüsusilə son 25 il ərzində Bölmənin formalaşması və inkişafı istiqamətində rəhbərliklə birgə ardıcıl fəaliyyət göstərdim. Bu müddətdə institutun elmi potensialının güclənməsinə, yeni tədqiqat istiqamətlərinin yaranmasına, gənc elmi kadrların yetişməsinə töhfə verməyə çalışdım. Keçən dövr ərzində rəhbərliyim altında 20-dən artıq gənc tədqiqatçı dissertasiya işini müdafiə etmiş, çoxsaylı elmi məqalə, kitab və monoqrafiyalarım nəşr olunmuşdur.
Dövlət tərəfindən əməyimə verilən yüksək qiymət mənim üçün böyük qürur mənbəyidir. Mən elmi və pedaqoji fəaliyyətimə görə “Əməkdar müəllim” fəxri adına layiq görülmüş, həmçinin AMEA-nın müxbir üzvü seçilmişəm. Bütün bu nailiyyətlər mənim elmə, təhsilə və dogma Naxçıvana olan bağlılığımın məntiqi nəticəsidir.
- Azərbaycan dilçiliyi son onilliklərdə əhəmiyyətli inkişaf yolu keçib. Bu gün dilçilik elminin qarşısında duran əsas problemləri nədə görürsünüz və onların həlli üçün hansı yeni elmi yanaşmaları zəruri hesab edirsiniz?
- Qeyd etmək lazımdır ki, Azərbaycan dilçiliyinin tarixi çox qədim dövrlərə söykənir. Lakin XX əsrin 30-cu illərində baş vermiş 37-ci il repressiyaları həyatın bütün sahələrinə olduğu kimi, dilçiliyimizin inkişafına da ciddi zərbə vurdu. XX əsrin 50-ci illərindən etibarən Xruşşov dövründə bu sahədəki durğunluq aradan qaldırıldı və ilk növbədə, dilimizin müasir dövrü sistemli şəkildə öyrənilməyə başlandı.
Ulu Öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra dil məsələsinə xüsusi diqqət göstərdi, alimlərə dövlət qayğısı artdı və milli dilçiliklə bağlı araşdırmaların aparılması üçün geniş imkanlar yarandı. Onların qarşısında Azərbaycan dilinə aid kompleks əsər yazmaq vəzifəsi qoyuldu. Nəticədə, ilk dəfə olaraq 4 cildlik “Müasir Azərbaycan dili” monoqrafiya-dərsliyi meydana çıxdı və 1974-cü ildə böyük siyasətçi Heydər Əliyevin göstərişi ilə nəşrin müəlliflərinə Azərbaycanın Dövlət Mükafatı verildi.
Bundan sonra dilçiliklə bağlı tədqiqatların əhatə dairəsi daha da genişləndi. Ədəbi dil tarixi, tarixi qrammatika, dialektologiya, ümumi dilçilik, riyazi dilçilik və Azərbaycan onomastikası kimi sahələrin daha dərindən araşdırılmasına başlanıldı. Bu inkişaf milli dilçilik elminin möhkəmlənməsinə və Azərbaycan dilinin sistemli tədqiqinə mühüm töhfə verdi.
Təbii ki, onomastik tədqiqatlar həm elmi, həm də ictimai-siyasi əhəmiyyət daşıyır. Bu səbəbdən yer adları, toponimlər milli maraqlar çərçivəsində, türk dünyası kontekstində və milli ideologiya əsasında öyrənilirdi. Sovet dövründə, xüsusilə 37-ci il repressiyalarından sonra Azərbaycan dilini türk dilləri kontekstində öyrənmək demək olar ki, mümkün deyildi. Hətta Oğuz-Azərbaycan dastanı “Kitabi-Dədə Qorqud” abidəsinin tədqiqinə belə məhdudiyyət qoyulmuşdu.
Türkologiya və türk dünyası ilə dil, ədəbi-mədəni əlaqələrin araşdırılmasına təxminən 1970-ci illərdən etibarən başlanıldı. 1980-ci ildə prof. Fərhad Zeynalovun “Türkologiyaya giriş” kitabı nəşr olundu və bu kitab türkoloji tədqiqatların inkişafında yeni mərhələnin əsasını qoydu. Sovet dövründə bəzi Azərbaycan dilçiləri isə dilimizin qrammatik quruluşunda rus dilinin kateqoriyalarını axtarırdılar.
Tədqiqat metodları arasında tarixi-müqayisəli metod və təsvir metodu daha çox istifadə olunurdu. Lakin bu yanaşmalar xüsusilə sintaktik tədqiqatlarda həmişə effektiv olmurdu, çünki ənənəvi sintaksis dilin formal tərəfinin öyrənilməsinə üstünlük verirdi. Müstəqillik illərində isə Azərbaycan dilçiliyi dünya dilçilik elminə inteqrasiya etməyə başlamış, alimlərimiz bu yolda əzmlə addımlamışdır. İnanıram ki, müasir dövrdə rəqəmsal texnologiyalar və süni intellektin tətbiqi dilçilik sahəsində tədqiqatların əhatə dairəsini daha da genişləndirəcək, multidissiplinar problemləri ortaya qoyacaq.
- Direktoru olduğunuz Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu hazırda öz fəaliyyətini hansı istiqamətlərdə davam etdirir?
- AMEA Naxçıvan Bölməsi Regional Elmi Mərkəzin bazasında, Ulu Öndərin müvafiq sərəncamı ilə 2002-ci ilin sonlarından etibarən fəaliyyətə başlamışdır. Bu bölmənin tərkibində yerləşən elmi qurumlardan biri də mənim fəaliyyət göstərdiyim İncəsənət, Dil və Ədəbiyyat İnstitutudur. İnstitutda Abidələrin bərpası, Dekorativ-təsviri və tətbiqi sənətlər, Musiqi və teatr, Dilçilik, Onomastika, Ədəbiyyatşünaslıq və Folklorşünaslıq şöbələri fəaliyyət göstərir və burada Naxçıvan regionunun mədəni-mənəvi mühitinin elmi şəkildə araşdırılması 7 əsas problem və mövzu çərçivəsində həyata keçirilir.
Təxminən 25 illik fəaliyyət dövründə institut Naxçıvan ədəbi və folklor mühitinin, yer adlarının, dialekt və şivələrinin, mədəni irsinin tədqiqinə dair onlarla kitab və monoqrafiya nəşr etmişdir. 4 cildlik “Naxçıvan Folklor Antologiyası”,”Azərbaycan dilinin Naxçıvan Dialektoloji atlası” (Nəsimi adına Dilçilik İnstitutu ilə müştərək) “Naxçıvan Toponimləri”, “Naxçıvan Teatr Salnaməsi” kimi fundamental əsərlər hesabat dövrünün əsas göstəricilərindən yalnız bir qismini təşkil edir. Eyni zamanda, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin təşəbbüsü ilə nəşrə başlayan “Taleyi və Sənəti” seriyası çərçivəsində Naxçıvan ədəbi-mədəni və ictimai mühitinin görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığına həsr olunmuş 19 kitab hazırlanaraq elmi ictimaiyyətin istifadəsinə verilmişdir.
Bundan başqa, institut hər il bölgələrə elmi ekspedisiyalar təşkil edir. Bu elmi qurumda həmçinin, gənc kadrların hazırlanması məsələsi prioritet istiqamətlərdən biridir. Ötən müddət ərzində 15-dən artıq gənc əməkdaş dissertasiya işini müdafiə edərək fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsini almışdır. Bu fəaliyyət institutun elmi potensialının güclənməsinə və Naxçıvan mədəni-mənəvi irsinin sistemli tədqiqinə mühüm töhfə verir.
- Türk dünyasının elmi və mədəni birliyinin möhkəmlənməsində türkologiya sahəsində tədqiqatların rolunu necə qiymətləndirirsiniz? Qarşıda bu istiqamətdə hansı vəzifələr dayanır?
- Belə bir mülahizə mövcuddur ki, XXI əsr türk dünyası əsri olacaqdır. Bu proqnoz artıq dünyada gedən proseslərdə türk amilinin və türk birliyinin, böyük Turanın gücünün, eləcə də qlobal hadisələrin gedişatına təsirinin açıq şəkildə hiss olunmasında özünü göstərir. Bu kontekstdə türkologiyanın rolu günü-gündən daha çox aktuallıq kəsb etməyə başlamışdır.
Ümumiyyətlə, türkologiya türklüyü, türk birliyini, türk xalqlarının yaranma tarixini və inkişaf mərhələlərini, onların dillərini, ədəbi-mədəni, ictimai və siyasi vəziyyətini öyrənən elmdir. Məhz bu xüsusiyyətinə görə sovet dövründə türkologiyanın və türkoloji problemlərin öyrənilməsi milli respublikalarda demək olar ki, qadağan olunmuşdu. Türkologiya ilə yalnız Moskva və Leninqradın elmi mərkəzləri məşğul ola bilirdi və bu fəaliyyət əsasən türkoloji dilçilik çərçivəsində aparılırdı.
İkinci dəfə dövlət müstəqilliyimizin əldə olunmasından sonra isə bu sahədə yeni fürsətlər yarandı. Sovet əsarətindən azad olmuş türk respublika və xalqları Türkiyə ilə mədəni və ictimai-siyasi əlaqələr qurmağa başladı, türkoloji tədqiqatların aparılması üçün geniş imkanlar yarandı. Bu dövr türkologiya və türk dünyası ilə bağlı elmi əlaqələrin inkişafında əhəmiyyətli mərhələ kimi qiymətləndirilir.
Təsadüfi deyildir ki, türk xalqının böyük oğlu Mustafa Kamal Atatürk 1933-cü ildə böyük uzaqgörənlik və siyasi iradə nümayiş etdirərək demişdir: “Bu gün Sovet İttifaqı bizim dostumuz, qonşumuz və müttəfiqimizdir. Bu dostluğa ehtiyacımız vardır. Lakin sabah nə olacağını bu gün heç kəs müəyyən edə bilməz. Bir vaxt bu dövlət də Osmanlı dövləti kimi, Avstriya-Macarıstan kimi parçalana, kiçilə bilər. Bu gün əlində bərk-bərk tutduğu millətlər ovuclarından qaça bilərlər. Dünya yeni bir düzənə keçə bilər. O zaman Türkiyə nə edəcəyini bilməlidir. Bizim bu dostumuzun idarəçiliyi altında dili bir, dini bir, mahiyyəti bir qardaşlarımız vardır. Onlara sahib çıxmağa hazır olmalıyıq”.
Eyni müdriklik Ulu Öndər Heydər Əliyevin fikirlərində də dolğun şəkildə öz əksini tapmışdır: “1991-ci ildə Sovet İttifaqının dağılması ilə Azərbaycan öz dövlət müstəqilliyini əldə etdi və onu bərpa etdi. Yəni, Mustafa Kamal Atatürkün uzaqgörənliyi bununla da sübut olunur. Böyük siyasətçi hələ o vaxt, Azərbaycan və digər türk xalqları – Orta Asiya xalqlarının daim əsarət altında qalmayacaqlarını, öz müstəqilliklərinə və azadlıqlarına nail olacaqlarını hiss edirdi”.
Bu fikirlər göstərir ki, türk dünyasının tarixi, birliyi və müstəqilliyi yalnız uzaqgörən siyasət və elmi-tarixi baxışlarla qorunub inkişaf etdirilə bilər.
Müstəqillik illərində iki dövlət, bir millət olan Türkiyə və Azərbaycan Mustafa Kamal Atatürk və Heydər Əliyevin arzularını həyata keçirmək məqsədilə yeni strategiyalar hazırlamışdır. Bu strategiyalardan biri 2009-cu ildə ilk toplantısı qədim türk yurdu Naxçıvan şəhərində keçirilən Türk Dövlətləri Sammitidir. Keçən dövr ərzində Türk Dövlətləri Təşkilatı türk xalqlarının birliyi, həmçinin ortaq mədəni-mənəvi və tarixi dəyərlərin inkişaf etdirilməsi istiqamətində mühüm fəaliyyət göstərmişdir.
Bu baxımdan türk xalqlarının ortaq ədəbiyyatı və tarixinə aid dərsliklərin hazırlanması və tədris olunması təqdirəlayiq hadisə kimi qiymətləndirilir. Eyni zamanda, türk xalqlarının ortaq əlifbasının müəyyən olunması və ümumi istifadəyə verilməsi yaxın gələcək üçün əsas hədəflərdən biri kimi müəyyən edilmişdir. Bu məqsədlə Türk Dövlətləri Təşkilatının təşəbbüsü ilə 2023-cü ildə Bakıda keçirilən yığıncaqda türk respublikaları nümayəndələri 34 hərfdən ibarət ortaq türk əlifbası haqqında müzakirələr aparmış və müvafiq qərararlar qəbul etmişlər. Bu, yalnız mədəni sahədə deyil, həm də ictimai-siyasi baxımdan böyük əhəmiyyətə malik olmuş, türk xalqları arasında ortaq dil və yazı mədəniyyətinin inkişafına mühüm töhfə vermişdir.
Cari ilin oktyabr ayının 6-7-də Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) üzvlərinin, dövlət başçılarının iştirak etdiyi zirvə toplantısı keçirilmişdir. Toplantıda bu qurumun artıq Avropa İttifaqı səviyyəsində funksional və təsirli bir təşkilata çevrilməkdə olduğunu göstərən mühüm qərarlar qəbul olunmuşdur. Azərbaycan Prezidenti sammitdə iştirak edən türk dövlətləri başçılarına Qarabağ və Şərqi Zəngəzurun bərpasına verdikləri dəstəyə görə təşəkkür etmişdir.
Eyni zamanda, TDT üzv dövlətlərinin iştirakı ilə Azərbaycanda hərbi təlimlərin keçirilməsi barədə Prezidentin irəli sürdüyü təklifin qəbul olunması təşkilatın beynəlxalq səviyyədə irəliləyişini bir daha təsdiqləmişdir.
XII Zirvə toplantısında Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın çıxışında ortaq türk əlifbası məsələsinə xüsusi diqqət yetirməsi və bu sahədə işlərin sürətləndirilməsinin vacibliyini vurğulaması diqqətəlayiq olmuşdur. O, 34 hərfdən ibarət ortaq türk əlifbası əsasında türk dünyasının dünya şöhrətli filosof və yazıçısı Çingiz Aytmatovun yaradıcılığına dair tədqiqat əsərinin, eləcə də “Oğuznamələr” kitabının Türkiyədə nəşr olunduğunu və həmin əsərlərin sammit iştirakçılarına təqdim edildiyini bəyan etmişdir. Bu hadisələr Türk dövlətləri birliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin yeni mərhələyə qədəm qoymasının, prosesin sürətləndiyinin mühüm göstəricilərindən biridir.
Ümumiyyətlə, türk xalqlarının ortaq ünsiyyət dilinin müəyyən edilməsi və istifadəyə verilməsi qarşıda duran vacib məsələlərdəndir. Sovet dövründə ortaq ünsiyyət vasitəsi rus dili olmuş, lakin sovet imperiyasının süqutundan sonra o, bu rolunu itirmişdir. Bu boşluğu doldurmaq üçün artıq türk xalqları arasında ortaq ünsiyyət vasitəsi kimi Türkiyə türkcəsi xeyli irəliləyiş göstərmiş və bu sahədə əhəmiyyətli nəticələr əldə olunmuşdur.
- Əbülfəz müəllim, məlumdur ki, bu il AMEA 80 illik yubileyini qeyd edir. Akademiyanın müxbir üzvü kimi, Azərbaycan elminin hazırkı inkişaf yolu ilə bağlı fikir və düşüncələrinizi eşitmək istərdik. Müasir dövrdə ölkə elminin beynəlxalq aləmə interqasiyası üçün AMEA-da hansı istiqamətlərə üstünlük verilməlidir?
- 1945-ci ildə, yəni 80 il bundan əvvəl yaradılmış Elmlər Akademiyası Azərbaycanın maddi və mənəvi sərvətlərinin elmi şəkildə öyrənilməsi istiqamətində böyük uğurlar və nailiyyətlər qazanmışdır. Xüsusilə neft kimyası və yarımkeçiricilər fizikası sahəsində akademik Y.Məmmədəliyev və akademik H. Abdullayev ümumittifaq elminə mühüm töhfələr vermişlər.
Eyni zamanda, humanitar elmlər sahəsində də müəyyən uğurlar əldə olunmuşdur. Lakin sovet dövründə humanitar və ictimai elmlərdə aparılan elmi araşdırmaların böyük bir hissəsi sovet ideologiyasının tələblərinə uyğun olaraq məcburi şəkildə saxtalaşdırılmış, xüsusilə dilimizin və xalqımızın tarixi ilə bağlı məsələlərdə milli maraqlara zidd olan və gerçəklikdən uzaq nəzəriyyələr irəli sürülmüşdür. Azərbaycan Respublikası ikinci dəfə dövlət müstəqilliyini əldə etdikdən sonra bu müddəalar haqlı olaraq tənqid edilmişdir. Bu səbəbdən milli ideologiya və milli maraqların qorunması kontekstində, humanitar elmlərdə tədqiqatların aparılmasında yeni yanaşmalar və müasir konsepsiyalar tələb olunur.
Akademiyada humanitar və ictimai elmlər sahəsində aparılan tədqiqatlar bu tələblərə uyğun şəkildə həyata keçirilməlidir. Bu baxımdan Akademiya alimlərinin qarşısında milli dövlətçiliyimizin inkişafına xidmət edən yeni vəzifələr dayanır. Bu vəzifələr xalqımızın soykökünü, ədəbiyyatını, tarixini və mədəniyyətini milli ideologiya çərçivəsində, ümumtürk kontekstində öyrənməyi tələb edir.
Müstəqillik dövründə Akademiya sistemində aparılan elmi tədqiqatların beynəlxalq aləmə inteqrasiyası formalaşmış, beynəlxalq elmi əlaqələr genişlənmişdir. Bu gün də AMEA rəhbərliyinin fəaliyyəti çağdaş dövrün reallıqlarına uyğun şəkildə qurulur və nəticədə yeni çağırışlara cavab verən və müasir elmi baxışlarla zənginləşmiş bir elm ocağı formalaşmaqdadır.
- AMEA-da keçirilən I Bakı Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş konfransla bağlı fikirlərinizi bölüşə bilərsinizmi? Bu qurultayın türk xalqlarının mədəni inkişafı və tərəqqisində rolunu necə qiymətləndirirsiniz?
- 1926-cı ilin fevralında, yəni 100 il bundan əvvəl Bakıda keçirilmiş beynəlxalq miqyaslı I Ümumittifaq Türkoloji Qurultayı türk xalqlarının tarixində mühüm hadisə kimi yadda qalmışdır.
Sovet imperiyasının bu qurultayı təşkil etməsinin arxasında siyasi məqsədlər dayanırdı.
Məlumdur ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə əlifba məsələsi artıq gündəmə gətirilmişdi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra, 1922-ci ildə Əlifba Komitəsi yaradılmışdı. Bu sahədə iki əsas qrup formalaşmışdı: biri ərəb əlifbasının islah olunması tərəfdarları, digəri isə latın əlifbasına keçidi dəstəkləyənlər idi. Əslində sovet hakimiyyətinin əsas məqsədi türk xalqlarının əlifbasını dəyişmək, Sovet türk respublikaları ilə Türkiyənin ortaq dəyərlərindən ən vacibi olan əlifba birliyini aradan qaldırmaq və onlara kiril əlifbasını tətbiq etməklə imperiya siyasətini həyata keçirmək idi. Lakin həmin dövrdə sovet hakimiyyəti hələ kifayət qədər möhkəm deyildi və yuxarı səviyyədə birbaşa bu addımı atmağa cəsarət etmirdilər.
Türkoloji Qurultayın keçirilməsi hökumət üçün birinci növbədə yeni əlifbaya keçidin təmin olunması məqsədini daşıyırdı. Lakin bu hərəkatın başqa bir yönü də, hökumət istəməsə belə, türk birliyi məfkurəsi və ideyasının yenidən gündəmə gəlməsi oldu. Qurultay zamanı əlifba məsələsi ilə yanaşı, ədəbi dil, terminologiya, orfoqrafiya, dialektologiya, dil əlaqələri, etnoqrafiya, təsviri sənət və digər məsələlər geniş müzakirə mövzusuna çevrilmişdir. Hökumət qurultayın bu formatda keçiriləcəyini və türk xalqlarının yaxınlaşmasına xidmət edəcəyini gözləmirdi. Buna görə də, qurultay türk xalqları üçün ümumi latın qrafikasının yaradılması qərarını qəbul etsə də, bu qərar yalnız kağız üzərində qaldı və məqsədli şəkildə hər bir türk xalqı üçün ayrıca əlifba tərtib edildi. Qurultay böyük rezonans yaratdı və bu sovet rəhbərliyini qorxuya saldı. Nəticədə, az sonra ümumittifaq miqyasında əsl türkoloqlara qarşı repressiya dalğası tətbiq olundu, qurultayın fəal iştirakçılarının bir çoxu pantürkist damğası ilə həbs edildi, sürgün olundu və ya güllələndi. Beləliklə, repressiyalara baxmayaraq, Türkoloji Qurultay türk xalqlarının inkişaf və tərəqqisində mühüm hadisə kimi tarixə düşdü. Qurultayda irəli sürülən və müzakirə olunan məsələlər bu gün də öz aktuallığını qoruyur və türkoloji tədqiqatlar üçün əhəmiyyətli bir elmi mənbə olaraq qalır.
Təsadüfi deyildir ki, ölkə Prezidentinin Sərəncamı ilə 2006-cı ildə Türkoloji Qurultayın 80 illiyi Azərbaycanda AMEA-da təntənəli şəkildə qeyd olundu. Bu münasibətlə türk xalqlarının, türk respublikalarının elm adamları Bakıda beynəlxalq konfransda toplaşmışdılar.
Bu günlərdə, yəni 2025-ci ilin 30 sentyabr tarixində AMEA-da I Türkoloji Qurultayın 100 illiyi ərəfəsində “Dünəndən bu günə Birinci Türkoloji Qurultay: ümumtürk humanitar elmi fikrinin 100 ili və perspektivləri” mövzusunda beynəlxalq konfransın keçirilməsi heç də təsadüfi deyildir. İnanırıq ki, qurultayın 100 illiyi gələn il dövlət səviyyəsində və beynəlxalq miqyasda təntənəli şəkildə qeyd olunacaqdır. Çünki, türkoloji araşdırmaların yenidən təşkili və inkişafı milli dilçiliyin möhkəmlənməsinə, həmçinin Azərbaycan dilinin özünəməxsus xüsusiyyətlərinin qorunmasına, tədqiqinə əhəmiyyətli töhfə verəcəkdir.
Müsahibəni apardı: Nərgiz QƏHRƏMANOVA,
AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri