https://innews.media/uploads/news/2025-08/_innews_b0ff5dbf8ffafb2f009580f71_o.jpg
Azərbaycanda Qazaxıstan kinematoqrafiyasına həsr olunmuş ay Aydın Saxamanın əfsanəvi “Dos-Mukasan” musiqi ansamblı haqqında filmi ilə start götürüb. Azərbaycan tamaşaçılarına, həmçinin, Oljas Nurbayın çəkdiyi və insanların aldadılması üçün ən çox istifadə olunan sxem və ssenariləri, o cümlədən onların qarşısının alınması yolları haqqında bəhs edən “Dələduzlar” filmi təqdim olundu.
Kino marafonunun sonuncu filmi Aydın Saxamanın “Qazax xanlığı. Almaz qılınc” adlı tarixi ekran əsəri oldu. Filmdə hadisələr XV əsrdə, Kerey və Janibek xanlarının yeni dövlət qurduqları dövrdə cərəyan edir.
Tədbirlərdə Qazaxıstan Respublikasının Azərbaycandakı Səfiri Alim Bayel, yaradıcı ziyalılar, diplomatik korpus nümayəndələri, KİV təmsilçiləri, tarixçilər, ekspertlər, Bakıda yaşayan qazaxlar, Qazaxıstan yaradıcılığının pərəstişkarları iştirak ediblər.
Səfir A. Bayel qazax kinematoqrafiyasının inkişafını məmnunluqla qeyd edib. O, eyni zamanda həm Qazaxıstanda, həm də Azərbaycanda tarixə marağın artmasına diqqət çəkib. Bu baxımdan hər iki ölkədə tarixi filmlərin çəkilməsi yüksək qiymətə layiqdir. Diplomat belə təşəbbüslərin türk kimliyi və birliyinin möhkəmlənməsi üçün mühüm amil kimi təbliğinin zəruriliyini vurğulayıb. Səfir, həmçinin, Qazaxıstanla Azərbaycanın birgə bədii film çəkməyi planlaşdırdığını bildirib.
Nümayişlər açıq hava kinoteatrı formatında keçirilib. Qazax kinosu ayı çərçivəsində, həmçinin, istedadlı azərbaycanlı musiqiçilərin və müğənnilərin ifasında konsert proqramları təşkil olunub.