https://innews.media/uploads/news/2025-08/_innews_994a8323ff74fe94a978b5f6b_o.jpg
Canım çox yanır, ürəyim odlanır,
Elə bil köksümdə bir topa daş var.
Dərdim ürəyimdə dağlar çağırır,
Hər gecə istəmsiz gözümdə yaş var.
Yaxınlar da susqun, yad və soyuqdur,
Sanki dərd dinləyən mən olmamışam.
Yarım qəlbim viranətək uçuqdur,
Yenə də ümidi soldurmamışam.
İnsanlar danışsa, həqiqət susar,
Hər addım yaradır, hər gün bir zülüm.
Gülüşlər altında nifrət yığışar,
Bu ağır yük mənə deyilmi ölüm?
Səbr deyirlər, amma necə tab edim?
Susmağım acıdır, qışqırmaq da boş.
Bəlkə, baş götürüb şəhərdən gedim,
Olmadığım qədər olarammı xoş?
Nə etsəm özümü sevdirəmmədim,
Yolunda hər şeyi eylədim hədər.
Mən əziyyət çəkdim, dəyər görmədim,
Qədrim bilinmədi başqası qədər.
Sevgi bilməyənə eşq nə gərəkdir?
Dəyərmi özümü öldürməyimə?
Əlimlə bal versəm deyər zəhərdir,
Gərək nə özümü incitməyimə?
İnanıram hələ də yaxşılığa,
Qəlbimdə sevgi var nifrətə qarşı.
Sevdim hər an baxmadım qarşılığa,
Pisliyin cavabın da verdim yaxşı.
Həmişəki tək indi də güclüyəm,
Bu ağrılar məni yetişdirəcək.
Gecəni ağlayıb, səhər gülənəm,
Gülüşüm hər dərdimi bitirəcək.
Aysel Aslanova
Ən son xəbərləri səhifəmizdən də izləyin