https://innews.media/uploads/news/2025-04/_innews_e53a05336d17a1627ab6132da_o.jpg
Dizayner Aynur Xəlilovanın yutubda yayımlanan “Hərşeyşünas” podkastının növbəti qonağı kinoşünas Sevda Sultanova olub.
innews.media xəbər ki, ikili Azərbaycan kinosunun dünəni və bu günə olan son vəziyyətini müzakirə ediblər. “Tağıyev: Neft” filmi nümayişə buraxıldıqdan sonra kommersiya baxımından uğurlu nəticələr əldə etdiyini qeyd edən Sevda, filmin rejissor işi gözləntiləri qarşılamadığı bildirib: “Mən bu filmin rejissor işini bəyənmirəm, çox aşağı səviyyədədir. 10 ballıq sistemlə 2 bal verərdim. Sadəcə filmdə rəssam işi çox güclüdür – Səbuhi Atababayev peşəkar və işini sevən rəssamdır. Həmçinin operator işi də yüksək səviyyədədir. Rejissor işi sanki bu iki sahənin arxasında gizlənir”.
Tənqidçi bildirib ki, filmdə vizual olaraq Andersonun “Neft” filmindən bəhrələnmə var və bu bəziləri tərəfindən plagiat kimi qeyd olunub. Lakin o, bu yanaşmanı plagiat yox, ilhamlanma kimi qiymətləndirib: “Hər bir rejissor kimdənsə bəhrələnə bilər, amma əsas məsələ onu özünküləşdirməkdir. Zaur Qasımov isə bunu bacarmayıb”.
Filmin ssenarisi də kəskin tənqid olunub: “Ssenaridə ciddi boşluqlar var. Filmdə mərkəzi xətt yoxdur. Yan obraz olan Rəcəbəli bəzən Hacı Zeynalabdin Tağıyevin özündən daha ön plana çıxarılır. Hətta bəzi səhnələrdə kamera tamamilə bu obrazın üzərində cəmlənir. Bu da təsadüfi deyil, çünki Rəcəbəli obrazını canlandıran aktyor rejissorun oğludur. Halbuki filmin qəhrəmanı Hacı Zeynalabdin Tağıyevdir”.
Tənqidçi həmçinin aktyor oyununa da toxunub: “Pərviz Məmmədrzayev öz rolunun öhdəsindən gələ bilməyib. Açığı, mən onu kinoda sevmirəm. Teatr aktyoru olduğu üçün daha çox bədən dili ilə ifadə edir. Obraz başdan ayağa monotondur və bu da rejissorun verdiyi tapşırığın nəticəsidir”.
Sonda Sultanova qeyd edib ki, bioqrafik filmlər çəkmək ümumiyyətlə çətindir və bu film rejissorun debüt işi olduğu üçün müəyyən qədər anlaşılandır. Lakin belə bir şəxsiyyətin – Hacı Zeynalabdin Tağıyevin – həyatını tamaşaçıya təqdim edərkən dramatikləşdirməyə ehtiyac olmadan da zəngin materiallar təqdim etmək mümkündür: “Təəssüf ki, film süni şəkildə dramatikləşdirilib və bu, inandırıcılığı azaldır”.
Ən son xəbərləri səhifəmizdən də izləyin