logo
Naxçıvanda "Teatr Çələngi" festivalı keçirilib

Naxçıvanda "Teatr Çələngi" festivalı keçirilib

Naxçıvanda "Teatr Çələngi" festivalı keçirilib Naxçıvanda "Teatr Çələngi" festivalı keçirilib

C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı "10 Mart - Milli Teatr Günü" münasibətilə "Teatr Çələngi" adlı festival təşkil edib. Festivalda Naxçıvan Muxtar Respublikasının müxtəlif teatr kollektivləri iştirak edərək, klassik və müasir səhnə əsərlərini tamaşaçılara təqdim ediblər.

Tədbirdə Naxçıvan Dövlət Uşaq Teatrı C.Məmmədquluzadənin "Saqqalı uşaq", Naxçıvan Dövlət Kukla Teatrı "Tıq-tıq xanım", Şərur rayon Xalq Teatrı İ.Sadıqovun "Molla Nəsrəddinin beş arvadı", Ordubad rayon Xalq Teatrı Ə.Haqverdiyevin "Yeyərsən qaz ətini, görərsən ləzzətini", Babək rayon Xalq Teatrı S.Rüstəmin "Durna", Şahbuz Xalq Teatrı İ.Məlikzadənin "Subaylarınızdan görəsiniz", Naxçıvan şəhər Xalq Teatrı isə C.Məmmədquluzadənin "Danabaş kəndindən bir əhvalat" əsəri ilə çıxış edib. Sonda festivala ev sahibliyi edən Naxçıvan Dövlət Milli Dram Teatrı böyük ədibin "Ölülər" əsərindən bir parçanı səhnələşdirib.

Festivalın açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirinin müavini, nazir səlahiyyətlərini icra edən Həsən Seyidov Naxçıvandakı peşəkar teatrın inkişafından bəhs edərək, festival iştirakçılarını fəxri fərmanlarla təltif edib.

Qeyd edək ki, festivalın ideya müəllifi və rəhbəri İsmayıl Mirzəcanov, teatrın direktoru və baş rejissoru isə Mir Qabil Əkbərovdur. Təşkilatçılar bildiriblər ki, "Teatr Çələngi" layihəsi davamlı olacaq və gələcəkdə yeni teatr layihələrinin həyata keçirilməsi planlaşdırılır.

Bu cür festivallar teatr sənətinin inkişafına töhfə verməklə yanaşı, tamaşaçıların klassik və müasir əsərlərlə tanış olmasına da şərait yaradır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media