https://innews.media/uploads/news/2025-03/_innews_5494cfc6d68119dad49b85655_o.jpg
14 mart 2025-ci il tarixində saat 18:00-da Azərbaycan Milli İncəsənət Muzeyində Novruz bayramına həsr olunmuş “Güllər rüzigarı” adlı sərginin açılış mərasimi keçiriləcək. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə baş tutacaq sərgidə muzeyin kolleksiyasından seçilmiş, əksəriyyəti ilk dəfə nümayiş etdiriləcək 50-yə yaxın natürmortlar yer alacaq.
Ekspozisiyada təqdim olunacaq natürmortlar gül-çiçəklərin öz gözəllikləri ilə təbiətə hakim olduğu bir dövranın, ruzigarın Səttar Bəhlulzadə, Salam Salamzadə, Tağı Tağıyev, Davud Kazımov, Tofiq Cavadov, Elmira Şahtaxtinskaya, Xalidə Səfərova və digər müxtəlif nəsil görkəmli azərbaycanlı rəssamlarının sənət dili ilə ifadəsidir. XX əsrin 30-40-cı illərində Azərbaycan təsviri sənətinin inkişafına öz töhfələrini vermiş Vera Kvitko, Zinaida Boqoslovskaya-Kosiçkina tərəfindən işlənilmiş, müəllifi Usta Qəmbər Qarabağinin olduğu Şəki Xan sarayının füsunkar gül təsvirli divar rəsmlərinin surətləri sərgidə sanki Şərq nağılı ab-havasını yaradacaq. Ümumilikdə, sərgilənən natürmortlar bahara xas təbiət aləminin gözəlliyini və çiçəklər dünyasının cazibəsini uğurla əks etdirir.
Naturmort janrında mükəmməl sənət nümunələri yaratmış Xalq rəssamı Davud Kazımovun “Nərgizgülləri”nin çərçivələri aşaraq, sanki kətandan ayrılaraq gerçək natürmorta çevrilməsi sərginin diqqətçəkən məqamlarındandır.
Ekspozisiyada natürmortlarla yanaşı, tanınmış heykəltəraşlarımızın da yazı tərənnüm edən sənət əsərləri sərgilənəcək. Qorxmaz Sücəddinov, İbrahim Zeynalov, Akif Əsgərov, Sahib Quliyev, Teymur Rüstəmovun əsərlərində insan həyatının baharı sayılan gənclik dövranı mükəmməl plastik dillə vəsf olunmuşdur.
Qeyd edək ki, sərgi 2025-ci il 30 aprel tarixinədək davam edəcək.