https://innews.media/uploads/news/2025-02/_innews_9962c7583a779cee81ee41ecd_o.jpg
Ukraynanın Lvov şəhərində Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi, “Lvov Şəhər Koordinasiya və Metodoloji Mərkəzi” Qalisiya Gəncləri Birliyinin təşkilatçılığı ilə “Xocalıda faciəli hadisələr və Ukrayna müharibəsi: dünyanın öyrənmədiyi tarix dərsləri” adlı anım tədbiri keçirilib.
Tədbirdə müxtəlif vilayətlərdən gələn diaspor nümayəndələri, Lvov ictimaiyyətinin təmsilçiləri, hərbçilər və gənclər iştirak ediblər.
Öncə Azərbaycan və Ukraynanın Dövlət himnləri səslənib, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Xocalı soyqırımı və Ukrayna müharibəsi barədə videoçarx nümayiş olunub.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Gənclər və İdman departamentinin rəhbəri Şəhriyar Məhərrəmov soyqırımı haqqında ətraflı məlumat verib. O, Konqresin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə müxtəlif ölkələrdə aparılan "Xocalıya ədalət!" kampaniyasında və bu kimi tədbirlərdə yaxından iştirak etdiyini bildirib.
Ukrayna Hərbi Tibbi Klinik Mərkəzinin Qərb Bölgəsi rəisi polkovnik Taras Qren çıxışında Lvovda hərbi məktəbdə bir yerdə təhsil aldığı azərbaycanlı Yunis İsmayılovun Qarabağ hadisələri başlayan kimi müharibəyə getməsindən danışıb. “Hərbi məktəbdə təhsil almasına baxmayaraq, Yunis İsmayılov təhsilini yarımçıq qoyaraq 1992-ci ildə Qarabağda döyüşmək üçün Azərbaycana getdi. O, böyük qəlbli azərbaycanlı idi”, - deyə Taras Qren bildirib.
Daha sonra Tatar icmasının başçısı Amet Bekir, “Lvov Şəhər Koordinasiya və Metodoloji Mərkəzi” Qalisiya Gəncləri Birliyinin rəhbəri Qalina Makarçuk da çıxış edərək soyqırım haqqında danışıblar.