https://innews.media/uploads/news/2025-02/_innews_9eb2d7c4e58782268d59c5d8a_o.jpg
Misirin paytaxtı Qahirədə “Discovery Azerbaijan!” ("Azərbaycanı kəşf et!") layihəsinin 5-ci tədbiri və bu çərçivədə yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Layihənin rəhbəri, Qahirədə yaşayan diaspor fəalı Dr. Sədaqət Əliəşrəfin təşəbbüsü ilə keçirilən tədbirdə Misir ictimaiyyəti ilə yanaşı, Azərbaycandan olan qonaqlar da iştirak edib.
ISESCO-nun gənc sülh səfiri Sandi Salem tədbiri açaraq qonaqları salamlayıb və 2024-cü ildə COP29-a ev sahibi olan Azərbaycanın əldə etdiyi uğurlardan danışıb.
SOİC Kinematoqrafiya Akademiyasının prorektoru Dr. İslam Elhariri Azərbaycan mədəniyyətinin və tarixinin dünyada, eləcə də Misirdə tanıdılmasının vacibliyini söyləyib.
Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Misir üzrə koordinatoru Səbinə Səmədova çıxışında Misirlə Azərbaycan arasındakı münasibətlərdən danışıb. O, bu cür tədbirlərin iki ölkə arasındakı əlaqələrin möhkəmlənməsinə böyük töhfə verdiyini bildirib.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, sənətşünas Sabirə Dünyamalıyeva Azərbaycanın incəsənətinin inkişafında bu sahəyə olan sevginin, həmçinin təhsilin vacibliyini qeyd edib.
Azərbaycan Respublikasının Sahibkar Qadınlar İctimai Birliyinin sədri və “Qızıl Əllər” tədris müəssisəsinin sahibi Zemfira Ağayeva qadınların sahibkarlıq sahəsində fəallığının və qadın hüquqlarının müdafiəsində bu kimi tədbirlərin əhəmiyyətini vurğulayıb.
Sahibkar, pedaqoji elmlər namizədi Arifə Hüseynova Azərbaycanda təlim və təhsilə xüsusi önəm verildiyini diqqətə çatdırıb.
Sədaqət Əliəşrəf "Azərbaycanı kəşf et" layihəsinin rəhbəri olaraq müsabiqə iştirakçılarına təşəkkür edib, onların müsabiqədə göstərdikləri əzmkarlığı və fəallığı təqdirəlayiq hal kimi qiymətləndirib. O, Azərbaycan mədəniyyətini daha geniş auditoriyaya çatdırmaq məqsədilə bu cür tədbirlərin davamlı olacağını deyib.
Yaradıcılıq müsabiqəsində 23 misirli qalib seçilib. Qaliblərə şəhadətnamə və suvenirlərlə mükafatlandırılıb.
Adıçəkilən layihəni dəstəklədiklərinə və xaricdə yaşayan azərbaycanlıların daim yanında olduqlarına görə Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxova və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova minnətdarlıq ifadə edilib.
Xatırladaq ki, “Azərbaycanı kəşf et!” layihəsinə 2000-ci ildən start verilib. Müsabiqənin keçirilməsində məqsəd Azərbaycan mədəniyyətini və tarixi zənginliyini tanıtmaqdır. Layihənin şərtlərinə əsasən, yerli sakinlər ölkəmizə aid rəsm əsəri, qısa film çəkməli, şeir yazmalı və Azərbaycan dilində Azərbaycan şairinin şeirini ifa etməlidir
Bu müsabiqədə ən kiçik iştirakçının 7, ən böyük iştirakçının isə 75 yaşının olması tədbirin hər yaşdan insanı cəlb etdiyini göstərir. "Azərbaycanı kəşf et!" layihəsinin 5-ci tədbiri Misir mediasının da marağına səbəb olub. Misir mediası Azərbaycan diasporunun ən kiçik fəalı 2 yaşlı Adam Havvasa “Mr. Nil-Kaspi” ləqəbi verib.