31 yanvar 2025-ci il tarixində saat 18:00-da Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı, müasir təsviri sənətin tanınmış nümayəndələrindən biri Sirus Mirzəzadənin “Xəyalların qanadlarında” adlı fərdi sərgisinin açılış mərasimi keçiriləcək. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə baş tutacaq sərgidə rəssamın 100-ə yaxın rəngkarlıq və qrafika əsəri, eləcə də müəllifi olduğu monumental rəngkarlıq nümunələrinin fotoşəkilləri nümayiş etdiriləcək.
Sirus Mirzəzadə həm monumental, həm də dəzgah rəngkarlığı, eləcə də qrafika sahələrində özünəməxsus bədii irs yaratmış, milli rəssamlıq məktəbinə böyük töhfələr vermiş sənətkarlardandır. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi və Moskva Ali Rəssamlıq-Sənaye Məktəbinin məzunu olan rəssam 1970-ci illərdən özünəməxsus yaradıcılıq yoluna başlamışdır. Onun ənənə və müasirlik üzərində qurulan əsərləri seçilən dəst-xəttə malik olmaqla özündə rəssamın poetik düşüncə tərzini, dünyaya fəlsəfi münasibətini, gözəlliyə vurğunluğunu və bu kimi bədii xüsusiyyətləri əks etdirir.
Ekspozisiyada əksəriyyəti zərif, füsunkar cazibədarlığa malik, sanki xəyallar aləmində, fərqli interyer və mənzərə fonunda ək olunmuş qadın portretləri, sevimli şanapipik təsvirləri, “Adəm və Həvva”, “Rəssam və model” silsiləsindən obrazların xarakter və emosiyalarını ustalıqla verildiyi süjetli səhnələr, sənətkarın zəngin təxəyyül və yüksək bədii zövqünün ərsəyə gətirdiyi digər tablolar yer alıb. “Qırmızı səhər”, “Röyalarda”, “Şirin xəyallarda”, “Şanapipiklə görüş”, “Lampa işığında” və lirik əhval-ruhiyyənin hökm sürdüyü onlarla rəngkarlıq, qrafika əsərində müəllifin interpretasiyasında özünəməxsus Şərq ab-havası, mifologiya, rəssamın genetik yaddaşından qaynaqlanan miniatür üslubu, eləcə də xalça, muğam kimi qiymətli mədəni irsimizin təzahürlərini görmək olar.
Sirus Mirzəzadənin bədii fəaliyyətinin aparıcı istiqamətini təşkil edən monumental boyakarlıq sahəsi, Bakı, digər şəhər və rayonlarda yerləşən binaları bəzəmiş freska, mozaika və vitrajların fotoşəkilləri sərginin bir hissəsini təşkil edərək rəssamın çoxşaxəli yaradıcılığı haqqında dolğun təsəvvür formalaşdırır.
Qeyd edək ki, sərgi 1 mart 2025-ci il tarixinədək davam edəcək.
Ən son xəbərləri səhifəmizdən də izləyin