logo
Nazirlər Kabinetində Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcə layihəsinin müzakirəsi keçirilib

Nazirlər Kabinetində Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcə layihəsinin müzakirəsi keçirilib

Nazirlər Kabinetində Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcə layihəsinin müzakirəsi keçirilib Nazirlər Kabinetində Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcə layihəsinin müzakirəsi keçirilib

Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilovun sədrliyi ilə muxtar respublikanın 2025-ci il büdcə layihəsinin müzakirəsi ilə bağlı müşavirə keçirilib.

Müşavirəni giriş sözü ilə açan Baş nazir  bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali-baş komandan İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkə iqtisadiyyatının müxtəlif sahələri ildən-ilə davamlı inkişaf etməkdə, regionların sosial-iqtisadi inkişafının təmin edilməsi istiqamətində mühüm layihələr icra olunmaqdadır. Xüsusilə işğaldan azad olunan regionların bərpası istiqamətində həyata keçirilən layihələrin icrası, o cümlədən iqtisadiyyatın diversifikasiyasının genişləndirilməsi istiqamətində görülən tədbirlər mühüm əhəmiyyətə malikdir.

Qeyd olunmuşdur ki, muxtar respublikanın növbəti dövr üzrə sosial-iqtisadi inkişaf proqnozları ətraflı təhlil edilmiş, muxtar respublikanın büdcəsinin gəlir və xərcləri proqnozlaşdırılmış və müvafiq layihə sənədləri hökumətin müzakirəsinə təqdim edilməsi üçün aidiyyəti üzrə hazırlanmışdır. Təsdiq edilmək üçün təqdim olunan büdcə layihəsi muxtar respublikanın iqtisadi inkişafının müvafiq qaydada tənzimlənməsində xüsusi əhəmiyyətə malik olacağı vurğulanmışdır.

Baş nazir hər bir qurumun aidiyyəti üzrə fəaliyyətinin təşkili və muxtar respublika iqtisadiyyatının inkişafına töhfə verməsi üçün layihələrin tərtibatı və icrasında səmərəliliyin nəzərə alınmasının əhəmiyyətini, ən əsası xərclərin zəruri istiqamətlər üzrə müəyyənləşdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri Həsən İsmayılov çıxışında diqqətə çatdırıb  ki, 2025-ci il üçün Naxçıvan Muxtar Respublika büdcəsinin gəlirləri 527 959 000 manat məbləğində proqnozlaşdırılır.

Maliyyə naziri büdcə gəlirlərinin əsas formalaşma mənbələrinə dair müvafiq məlumatlar təqdim etmişdir. Belə ki, 2025-ci ildə Naxçıvan Muxtar Respublika büdcəsinin gəlirləri üzrə proqnozun 191 484 000 manatı və ya 36,3 faizi Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların payına düşməklə 2024-cü ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 17 469 000 manat və ya  10 faiz çox nəzərdə tutulmuşdur. Gəlirlər üzrə proqnozun 12 000 000 manatı və ya 2,3 faizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin xətti ilə daxilolmaların payına düşməklə 2024-cü ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 816 manat az nəzərdə tutulmuşdur. 2025-ci ildə Naxçıvan Muxtar Respublikasının büdcəsinin mədaxil mənbəsi hesab olunan gəlir və xərclərini tənzimləmək üçün Azərbaycan Respublikası büdcəsindən 320 529 000 manat dotasiya ayrılması nəzərdə tutulur. Dotasiya büdcə gəlirlərinin 60,7 faizini təşkil etməklə 2024-cü ilin təsdiq olunmuş büdcə gəlirləri ilə müqayisədə 15 931 000 manat və ya 4,7 faiz az nəzərdə tutulur. Bildirilib ki, layihədə muxtar respublika büdcəsində muxtar respublika yığımlarının xüsusi çəkisi təqribən 40 % həddinə çatdırılmışdır.

Vurğulanıb ki, 2025-ci ildə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə ayrı-ayrı gəlir növləri üzrə daxilolmalara əsasən fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar 46 876 000 manat proqnozlaşdırılır ki, bu da büdcə daxilolmalarının 8,9 faizini təşkil etməklə 2024-cü ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 3 876 000 manat və ya 9 faiz artıq nəzərdə tutulur. Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi üzrə daxilolmalar 17 000 000 manat nəzərdə tutulur ki, bu da büdcə daxilolmalarının 3,2 faizini təşkil etməklə 2024-cü ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 3 800 000 manat və ya 28,8 faiz artıq nəzərdə tutulur. Əlavə dəyər vergisi üzrə daxilolmalar 60 760 000 manat nəzərdə tutulur ki, bu da büdcə daxilolmalarının 11,5 faizini təşkil etməklə 2024-cü ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 8 260 000 manat və ya 15,7 faiz artıq nəzərdə tutulur. Sadələşdirilmiş vergi üzrə daxilolmalar 5 000 000 manat proqnozlaşdırılır ki, bu da büdcə daxilolmalarının 1 faizini təşkil etməklə 2024-cü ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 500 000 manat və ya 11,1 faiz artıq nəzərdə tutulur. Aksiz vergisi üzrə daxilolmalar 50 488 000 manat nəzərdə tutulur ki, bu da büdcə daxilolmalarının 9,6 faizini təşkil etməklə 2024-cü ilin təsdiq olunmuş büdcəsi ilə eyni səviyyədədir. Dövlət rüsumu üzrə daxilolmalar büdcə daxilolmalarının 1,3 faizini təşkil etməklə 7 000 000 manat nəzərdə tutulur ki, bu da 2024-cü ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 573 000 manat və ya 8,9 faiz çoxdur.

Həsən İsmayılov onu da diqqətə çatdırıb ki, 2025-ci ilə Naxçıvan Muxtar Respublika büdcəsinin xərcləri 540 000 000 manat məbləğində proqnozlaşdırılır ki, bu da 2024-cü ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 735 000 manat və ya 0,1 faiz çoxdur. 2025-ci il Naxçıvan Muxtar Respublika büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə 463 772 593 manat və ya ümumi xərclərin 85,9 faizi, əsaslı xərclərə 76 227 407 manat və ya ümumi xərclərin 14,1 faizi həcmində vəsait yönəldiləcəkdir. İqtisadi təsnifata uyğun olaraq 2025-ci ilin büdcəsində əməyin ödənişinə 321 738 982 manat və ya xərclərin 59,6 faizi həcmində, malların (işlərin və xidmətlərin) satın alınmasına 66 798 737 manat və ya xərclərin 12,4 faizi həcmində, subsidiyaların ödənilməsinə 21 596 416 manat və ya xərclərin 4 faizi həcmində, qrantlar və digər ödənişlərə 47 934 478 manat və ya xərclərin 8,9 faizi həcmində, sosial ödənişlərə 5 703 980 manat və ya xərclərin 1 faizi həcmində, qeyri-maliyyə aktivlərinin alınmasına 76 227 407 manat və ya xərclərin 14,1 faizi həcmində vəsait proqnozlaşdırılır. 2025-ci il Naxçıvan Muxtar Respublika büdcəsinin xərclərində sosialyönümlü xərclərin xüsusi çəkisi 62,7 faiz səviyyəsində və ya 338 848 765 manat məbləğində proqnozlaşdırılır ki, bu da 2024-cü ilin təsdiq olunmuş büdcəsi ilə  müqayisədə 0,5 faiz və ya 1 804 754 manat azdır. Nazir qeyd edib ki, iqtisadi təsnifatın bəzi xərc məddələri, xüsusilə sosialyönümlü xərclər üzrə müvafiq azalma bəzi qurumların təşkilati hüquqi formasının dəyişilməsi ilə əlaqədardır.

Bildirilmişdir ki, 2025-ci il Naxçıvan Muxtar Respublikası büdcəsinin layihəsi gəlirlərin və xərclərin optimallaşdırılması, Naxçıvan Muxtar Respublika büdcəsi xərclərinin səmərəliliyinin daha da artırılması, qanunvericilik, hüquq-mühafizə, elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, kənd təsərrüfatı və digər sahələrin infrastrukturunun, maddi texniki bazasının yenilənməsi, habelə Naxçıvan Muxtar Respublika büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatların büdcə sifarişləri və gözlənilən büdcə gəlirləri nəzərə alınmaqla hazırlanmışdır.

Müşavirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri vəzifəsini icra edən Abbas İsmayılovun, əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsini icra edən Fərid Bağırzadənin çıxışları dinlənilib.

Sonda 2025-ci ilin büdcə layihəsinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə göndərilməsi qərara alınmışdır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media