Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə Almaniyanın Münster şəhərində 8 Noyabr - Zəfər günü münasibətilə tədbir keçirilib. Tədbirdə soydaşlarımızla yanaşı Azərbaycanla dost münasibətdə olan xalqların nümayəndələri iştirak edib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Vətən oğullarının əziz xatirəsinin yad olunub.
Avropa Azərbaycan Mərkəzinin nəzdində fəaliyyət göstərən Həftəsonu məktəbinin müəllimi Sahibə Payıküçüyün moderatorluğunda keçirilən tədbirdə Azərbaycanın tarixində Zəfər Gününün əhəmiyyətindən, Vətən oğullarının qəhrəmanlığndan, şəhidlərimizin fədakarlığından danışılıb.
Açılış nitqi ilə çıxış edən Avropa Azərbaycan Mərkəzinin sədri Zaur Əliyev Vətən müharibəsində qələbənin müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, xalqımızın birliyi, döyüş ruhu və ordumuzun gücü ilə əldə olunduğunu bildirib. Bu zəfərin Azərbaycan xalqının gücünü və qətiyyətini dünya ictimaiyyətinə göstərdiyini vurğulayıb.
Tədbirin davamında Ülvi Həsənzadənin ifasında Azərbaycan xalqının qəhrəmanlığını əks etdirən “Xudayar Təsnifi” canlı səsləndirilib.
Tədbirdə “Vətən Müharibəsinin Tarixi – Şəxsiyyət Faktoru” kitabının təqdimatı keçirilib. Kitabın Vətən müharibəsini, Vətən oğullarının şücaətini gələcək nəsillərə çatdırmaqda bir vasitə olacağı qeyd edilib.
Türkiyə-Azərbaycan qardaşlığının əbədiliyindən bəhs edən “Beynəlxalq İşçi Qrupu”nun (Arbeitskreis International e.V) sədri dr. Ömər Lütfi Yavuz qardaşlıq əlaqələrinin gələcəkdə də sarsılmaz qalacağına inamını ifadə edib.
Almaniya Azərbaycan Kültür Ocağı Münster dərnəyinin sədri Eldar Güneyli Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib. Bu günün Azərbaycan tarixindəki önəmindən danışıb.
Tədbirin bədii hissəsində musiqiçilər İlahə Fəda, Ülvi Həsənzadə və Şamxal Aslanovun ifasında vətənpərvərlik ruhunda musiqi əsərləri təqdim olunub.
Tədbirdə iştirak edən xüsusi qonaqlara Azərbaycanın simvolu olan kəlağayılar və Xarı bülbül döş nişanları hədiyyə edilib.
Ən son xəbərləri səhifəmizdən də izləyin