İspaniyanın Barselona şəhərində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Bayraq Gününə həsr olunmuş “Zəfərin qəhrəmanları” adlı konsert keçirilib.
“Barselonadakı Azərbaycanlılar Cəmiyyəti” və Barselona Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın İspaniyadakı səfirliyinin əməkdaşları, diplomatik korpus nümayəndələri, Kataloniyada yaşayan Azərbaycan, Türkiyə və digər türk dilli xalqların icmalarının, eləcə də yerli ictimaiyyət nümayəndələri, media mənsubları iştirak edib.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi, o cümlədən son günlərdə İspaniyanın Valensiya bölgəsində baş verən çay daşması nəticəsində həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbir Azərbaycanın Zəfər Gününə həsr olunmuş videoçarxın nümayişi və “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının təqdimatı ilə davam edib.
Daha sonra “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin sədri, Barselona Azərbaycan Evinin rəhbəri Kərim Kərimov soydaşlarımızı və Azərbaycanla dost münasibətdə olan xalqları müasir dövlətçilik tariximizə qızıl hərflərlə həkk olunmuş Zəfər Günü münasibətilə təbrik edib. 8 Noyabr – Zəfər Gününün bütün türk dünyasının sevinci olduğunu bildirib. O, 5 il öncə Barselonada olan erməni icmasının Azərbaycanlıların Soyqırımı Günündə – martın 31-də “Artsaxın qəhrəmanları” adlı konsert keçirdiyini xatırladaraq bildirib ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun şücaəti nəticəsində artıq 4 ildir ki, Barselonadakı Azərbaycan icması hər ilin 8 noyabrında Zəfər Günü münasibətilə “Qarabağın qəhrəmanları” və ya “Zəfərin qəhrəmanları” adlı tədbirlər təşkil edir. O bu tədbirləri ermənilərdən fərqli olaraq çox böyük qürur və fəxr hissi ilə keçirdiklərini vurğulayıb.
Konsertin musiqili hissəsində Barselonada fəaliyyət göstərən türk musiqi qrupu Banda Turca “Sən gəlməz oldun”, “Ayrılıq”, “Gəl, ey səhər” mahnılarını səsləndirib. Konsert proqramı Azərbaycan və ispan milli rəqslərinin nümayişi ilə yekunlaşıb.
“Zəfərin Qəhrəmanları” tədbiri Barselona mediasında da işıqlandırılıb:
https://www.instagram.com/p/DCHQZNgx4RE/
Qeyd edək ki, Barselona Azərbaycan Evi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 2020-ci ildə açılıb. Azərbaycan Evində müxtəlif tədbirlər keçirilir, rəqs dərnəyi fəaliyyət göstərir.
Ən son xəbərləri səhifəmizdən də izləyin